Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi ilk beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində oktyabrın 26-da ölkəmizdə innovasiyaların inkişafı üzrə layihələrin təqdimatı olub.
Xeberler.az bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən təşkil olunan tədbirdə “Bilik iqtisadiyyatı – Azərbaycanın innovasiya yol xəritəsi layihəsi”, “Azərbaycanda biliyə əsaslanan və innovativ iqtisadiyyatın inkişaf etdirilməsi – qiymətləndirmə və təkliflər sənədi”, “Azərbaycanın yüksək texnologiyalar sektoruna dəstək göstərilməsi üçün effektiv investisiya şərtləri və xüsusi müəssisələrə investisiya yatırılması qaydaları: yüksək texnologiyalara və İKT-yə investisiya yatırılması ilə Azərbaycanın gələcəyinin qurulması”, “Azərbaycanın gələcəyinin formalaşdırılması: rəqəmsal iqtisadiyyatın inkişafı üçün Milli Konsepsiyanın və innovativ strukturların inkişaf etdirilməsi – yüksək texnologiyalı müəssisələrin investisiyaları üçün Fəaliyyət Planı” təqdim olunub.
Qeyd edək ki, innovasiyalar üzrə yol xəritələri Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının ekspertləri tərəfindən hazırlanıb.
Tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və BMT-nin İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə regional direktorunun müavini Rastislav Vrbenski çıxış ediblər. Nazir Ramin Quluzadə bildirib ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyev tərəfindən təsdiq olunan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında innovasiyalarla bağlı əsas hədəflər öz əksini tapıb.
İnnovativ inkişaf modelinin reallaşması üçün ölkəmizin iqtisadi siyasətində artıq bir neçə əsaslı addımlar atıldığını qeyd edən nazir, qanunvericilik bazasının təkmilləşdirildiyini, sənaye və texnoloji parkların yaradıldığını diqqətə çatdırıb.
“İnnovasiya fəaliyyətində yüksək texnologiyalar, o cümlədən informasiya və kommunikasiya texnologiyaları mühüm rol oynayır. İKT təhsil, səhiyyə, kənd təsərrüfatı, istehsalat, xidmət, sosial və sair sahələrdə innovasiyaların tətbiqinə geniş imkanlar açır. Müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsini təmin etmək məqsədilə - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı” təsis edilib, həmçinin Mingəçevir şəhərində “Yüksək Texnologiyalar Parkı” yaradılıb. Bu parklarda vergi və gömrük güzəştləri tətbiq edilir” - deyə əlavə edib.
O, hazırda texnoloji parkların fəaliyyətinin genişləndirilməsi, yüksək texnologiyalar sahəsində yeni istehsal müəssisələrinin yaradılması üzrə işlər aparıldığını bildirib. İnnovasiya fəaliyyətinin stimullaşdırılması məqsədilə nazirliyin “Yüksək Texnologiyalar Parkı”nda Biznes İnkubasiya Mərkəzi yaradıldığını bildirən nazir burada 30-dan çox startap layihəsinin fəaliyyət göstərdiyini vurğulayıb. “Bundan başqa Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi yüksək texnologiyalar sənayesində müxtəlif növ yeni materialların alınması, nanotexnologiyalar sahəsində prioritet olan istiqamətlər üzrə işlər aparır. İnnovativ sahibkarlığın dəstəklənməsi üçün nazirliyin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu fəaliyyət göstərir. Kommersiyalaşmış uğurlu innovativ layihələrə güzəştli kreditlər verilir və daha uğurlu layihələrin maliyyələşməsi üçün Fond birgə investor kimi çıxış edir. Artıq bu məqsədlə 6 qrant müsabiqəsində 117 layihə maliyyələşdirilib”.
R.Quluzadə, həmçinin qeyd edib ki, hazırda bir çox ölkələr iqtisadiyyatın innovativ inkişafı üçün strategiyalar, proqramlar, yol xəritələri hazırlayır və həyata keçirirlər. Onun sözlərinə görə, bu sənədlərin hazırlanması nüfuzlu beynəlxalq və yerli ekspertlərin cəlb olunmasını, böyük araşdırma və təhlillərin aparılmasını tələb edir.
“Elə buna görə də “Azərbaycanın innovasiya yol xəritəsi layihəsi”nin BMT- nin İnkişaf Proqramı tərəfindən hazırlanmasını yüksək qiymətləndiririk. Bir məsələni xüsusi vurğulamaq istəyirəm. Dünyada dayanıqlı inkişafda BMT-nin İnkişaf Proqramı xüsusi rol oynayır. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da BMT-nin Proqramı aktiv fəaliyyət göstərir. Ölkəmizdə startap hərəkatının genişləndirilməsinə və innovativ ideyaların reallaşdırılmasına dəstək məqsədi ilə həyata keçirilən “İdeyadan Biznesə” layihəsində də BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq edirik. Bakı şəhərində Robotexnika laboratoriyasının yaradılması istiqamətində birgə çalışırıq. Bizim üçün BMT-nin İnkişaf Proqramı etibarlı tərəfdaşdır. Fürsətdən istifadə edərək onlara bir daha öz təşəkkürümüzü bildiririk”.
BMT-nin İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə regional direktorunun müavini Rastislav Vrbenski Azərbaycanın innovasiya sahəsində öz modelinin olduğunu bildirib. O, bu günlərdə keçirilən Beynəlxalq Humanitar Forumda innovasiyalar üzrə xüsusi panel iclaslarının keçirilməsini də bu sahəyə göstərilən diqqətin təzahürü kimi xarakterizə edib. Forum günlərində Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən innovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu pavilyonda real startap layihələri ilə tanış olmaqdan müsbət enerji aldığını, bu sahənin ölkəmizdə prioritet olmasının üstünlüyünü qeyd edib.
Ölkəmizdə startap hərəkatının geniş vüsət aldığını qeyd edən Rastislav Vrbenski BMT-nin İnkişaf Proqramı olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə startap layihələrinə dəstək veməkdən məmnunluğunu ifadə edib. Eyni zamanda bildirib ki, bu sahədə həyata keçirilən işlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması prossesini sürətləndirir. Çıxışlardan sonra, “Bilik iqtisadiyyatı – Azərbaycanın innovasiya yol xəritəsi layihəsi”nin videoçarxı iştirakçılara təqdim olunub.
Tədbir İKT sahəsində innovasiya siyasəti ideyalarının və ixtiralarının istehlakçılar üçün dəyər yaradan məhsul və ya xidmətə çevrilməsi prosesinə dəstək, innovasiyalar qarşısında duran əngəlləri rəqabət mühiti və hüquqi islahatlarla azaltmaq, hökumətin birbaşa maliyyələşdirdiyi, eyni zamanda həyata keçirdiyi inkişaf fəaliyyətini koordinasiya etmək məqsədi daşıyır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri