“İKT-də qadınların iştirakı stereotipləri aradan qaldırdı”

02-04-2015 / 10:50

“Femmes Digitales” qadınlara daha aktiv olmaq şansı verir”

Artıq məlumat  verdiyimiz kimi, Xəbərlər yeni bir rubrikaya – “İKT QADINLAR” rubrikasına başlayır.

Layihə çərçivəsində “Femmes Digitales” - Azərbaycan qadınları İKT-də” klubunun həmtəsisçisi və yaradıcısı, BBTV şirkətinin baş direktoru Səbinə Məmmədlinin Xəbərlər-ə müsahibəsini təqdim edirik:

-Necə oldu ki, bu sahəyə marağınız yarandı? Adətən İT sahəsinə kişilər maraq göstərir. İKT sahəsində qadın olmaq çətindirmi?

-Yüksək texnologiyalar sahəsinin dinamik inkişafda olması mənim bu sahəyə olan hədsiz marağıma səbəb oldu. Çünki burada daima inkişaf var və sən əldə olunanla barışa bilmirsən. Daima inkişafa can atırsan.

-İKT sahəsində ilk iş yeriniz və vəzifəniz nə olub?

-İKT sahəsində ilk iş yerim Azərbaycan Milli Elmlər akademiyasının avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsi olmuşdur. 1997-ci ildə biz Mərkəzi kliniki xəstəxana üçün məlumatların toplanması və saxlanması sistemini işləyib hazırlamışdıq. 

-Karyera fəaliyyətinizin ilk illərində hansı çətinliklərlə rastlaşmısınız?

-Bütün rastlaşdığım çətinlikləri dəf etməkdə mənim ən böyük dəstəyim anam və ailəm olub.

-Xarici səfərlərdə tez-tez olursunuzmu? Orada da İT ilə bağlı toplantılarda kişilər yoxsa qadınlar çoxluq təşkil edir? Ailənizdən, övladlarınızdan uzaq qalanda özünüzü necə hiss edirsiniz?

-Bu sahədə kişilərlə çiyin-çiyinə qadınların da fəal iştirakı bütün keçmiş stereotipləri aradan qaldırdı. Çalışıram ki, biznes mənimlə ailəm arasında uçurum yaratmasın. Qadın ailəsinin, ocağının birinci növbədə qoruyucusudur. Övladlarının tərbiyəedicisidir. Evinin səliqə səhmanıdır. Bu mənə çox böyük mənəvi güc verir.

-Hansı sosial mediadan, Facebook, Twitter, Instagram-dan aktiv istifadə edirsiniz?

-Facebook sosial şəbəkəsindən aktiv istifadə edirəm. Yaxın dostlarım var orada və onlarla ünsiyyət qururam. Profilim kənar şəxslərə bağlıdır, paylaşımlarımı yalnız dostlarım görə bilir. Professional şəkildə “linkedin” sosial şəbəkəsindən də istifadə edirəm.

-Facebook səhifənizdə paylaşdığınız şəkillərə sizi narahat edən şərhlər olurmu?

Xeyr. Dostlarım çox ciddi iş adamları və elm xadimləridir.

-Özünüzün özəl informasiya təhlükəsizliyinizi necə qoruyursunuz?  Sizin şəxsi məlumatlarınızın, email və ya sosial media hesablarınızın ələ keçirilməsi halları olubmu ?

-Xeyr. Belə hallarla üzləşməmişəm.

-Sizə kiminlə işləmək daha asandır qadınlarla yoxsa kişilərlə?

-Hər iki cinsə böyük hörmətim var. İnsanın ağlına, mədəniyyətinə və intellektual düşüncə qabiliyyətinə görə seçirəm. Əməksevər və öz üzərində işləyən insanlara xüsusi rəğbət bəsləyirəm.

-Qərar qəbul edərkən kiminləsə məsləhətləşirsinizmi?

Xeyr, ancaq özümə etibar edirəm.

- Qadının öz sahəsində uğur qazanması üçün ona nə lazımdır?

 Qadın öz sahəsində müvəffəqiyyət əldə etmək istəyirsə, çox tədbirli, uzaqgörən olmalı, ətrafındakı insanları, yeni komandasını uğurlu seçməlidir.

-Gün ərzində neçə saat İnternetdə olursunuz?

-Asudə vaxt tapan kimi İnternetə daxil oluram.

-Uşaqlarınızın İT-dən istifadə vəziyyəti necədir?

-Qızım Nərgiz Amerikada təhsil alır və ikinci kurs tələbəsidir. Fakültəsi İnternet sahəsi ilə bağlı olduğu üçün İnternetdən mütəmadi şəkildə  istifadə edir. Oğlum isə 8 yaşındadır və sadəcə İPad ilə maraqlanır. Yaşı az olduğu üçün İnternetdən istifadəsinə nəzarət edirik.

-İT sahəsindən əlavə hansısa şəxsi işiniz, biznesiniz varmı ?

-Qeyd etdiyim kimi, artıq biz İT sektorda yeni klub yaratmışıq.. ”Femmes Digitales” -Azərbaycan qadınları İKT-də” klubunda fəaliyyət göstərirəm və bu mənim şəxsi işimdir.

-İT ilə əlaqəli uğurlarınız, mükafatlarınız olubmu?

-Televiziya sahəsində uğurlu proyektlərim olub. 2011-ci ildə Naxçıvanda rəqəmsal televiziya yayımına başladıq və bu proyekt uğurlu alındı. Bu mənim ilk proyektim idi.

 

Mirvari Nəcəf

Fotolar: Nəcəf Nəcəfli


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə