Azərbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair müstəqil tənzimləyici qurumun yaradılması nəzərdə tutulub.
Xeberler.az məlumat verir ki, bu, Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində qeyd edilib.
Sənəddə bu qurumun yaradılması əsaslandırılarkən qeyd edilib ki, bu sahənin inkişafın davamlılığının təmin edilməsi üçün həmin sektorun qlobal iqtisadiyyatda meydana gələn yeni çağırışlara uyğunlaşdırılması istiqamətində islahatların aparılması, telekommunikasiya bazarının liberallaşdırılması, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və sağlam rəqabət mühitinin formalaşdırılması zəruri amillərdir: "Hazırda ölkədə telekommunikasiya sektorunda tənzimləyici funksiyasını həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir (RYTN). Bununla yanaşı, RYTN tabeliyində olan təşkilatlar vasitəsilə bu sektorda dolayısı ilə iştirakçı kimi də çıxış edir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, müstəqil tənzimləyici qurum vasitəsilə telekommunikasiya bazarının tənzimlənməsi bazarın inkişafına və daha çox investisiya qoyulmasına zəmin yaradır".
Sənədə görə, yaradılması nəzərdə tutulan müstəqil tənzimləyici qurum telekommunikasiya bazarını formalaşdırır, inkişafını təmin edir, bazarda tələb olunan iştirakçıların sayının müəyyən edilməsi üzrə qiymətləndirmələr aparır, habelə bazar subyektlərinə lisenziyaların verilməsi, milli tezlik spektrinin şəffaf bölgüsü, bazar iştirakçılarına nömrə resurslarının ayrılması və operatorlar arasında nömrə daşınması kimi məsələləri tənzimləyir. Eyni zamanda, bazar faktorları və tərəflərin mənafeləri nəzərə alınmaqla, rüsum və qiymətlərin (tariflərin) tənzimlənməsini, habelə sektor daxilində iştirakçıların fəaliyyəti ilə bağlı digər zəruri tənzimləmələri də həmin qurum həyata keçirir, habelə məhdud resurs hesab edilən milli tezlik spektrinin effektiv idarə edilməsini, xidmət keyfiyyətinə nəzarəti, istehlakçıların maraqlarının qorunmasını, keyfiyyət standartlarının və əhatə dairəsinə dair optimal tələblərin müəyyənləşdirilməsini və telekommunikasiya sektoruna investisiya qoyuluşlarının stimullaşdırılmasını təmin dən funksiyaları həyata keçirir.
Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatına əsasən, sürətlə inkişaf edən və daim yenilənən telekommunikasiya sektorunda effektiv tənzimləməni həyata keçirmək məqsədilə dünyada, əsasən, son 20 ildə yaradılmış 190 tənzimləyici qurum fəaliyyət göstərir. Bu qurumlar fəaliyyət göstərdikləri ölkələrin inkişaf strategiyalarından asılı olaraq, müxtəlif tənzimləmə tədbirlərini həyata keçirir. Onlar telekommunikasiya siyasəti ilə bağlı qərar qəbul etmir və bazarın inkişafı ilə bağlı sağlam rəqabətə təkan verməklə, telekommunikasiya sektoru üzrə strateji məqsədlərə nail olmaq istiqamətində fəaliyyət göstərir. Beynəlxalq təcrübədə tənzimləyici qurumun müstəqil şəkildə və yaxud müvafiq mərkəzi icra hakimiyyəti orqanının tabeliyində fəaliyyətini nəzərdə tutan iki müxtəlif model tətbiq edilir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri