“İnformasiya cəmiyyətinin əsasları” kursu başa çatdı

25-05-2009 / 15:25

Elm və texnologiyaların, xüsusən də informasiya texnologiyalarının yüksək templə inkişafı qarşıya yeni formalaşan cəmiyyətin – informasiya cəmiyyətinin (İC) ideologiyasının məqsəd və vəzifələrinin, elmi-nəzəri əsaslarının araşdırılması, tədrisi və s. kimi tələblər qoyur.

“İnformasiya cəmiyyətinin əsasları” fənninin tədrisinə dair innovativ layihə ölkədə informasiya cəmiyyətinin elmi-nəzəri məsələlərinin araşdırılması istiqamətində fəaliyyət göstərən AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsi ilə birgə artıq üçüncü ildir ki, həyata keçirilir. Məqsəd tələbələrə İC-nin mahiyyəti, əsasları və s. haqqında nəzəri bilikləri tədris etmək, bir sözlə yeni cəmiyyətin ideologiyasının ictimaiyyət arasında geniş, hərtərəfli təbliğinə dair lazımi biliklərin aşılanmasıdır.

İnstitutun Tədris-İnnovasiya Mərkəzində keçirilən və bu il üçün sonuncu olan mühazirə “İnformasiya cəmiyyəti və təhsil” mövzusuna həsr olunmuşdur. İTİ-nin direktoru AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Rasim Əliquliyev informasiya cəmiyyətində təhsilə olan tələblərdən söhbət açdı, açıq təhsil, təhsilin keyfiyyətinin yüksəldilməsi, şəxsiyyətyönümlü təhsilə üstünlüyün verilməsi, təhsil alanlarda müstəqil təhsilalma xüsusiyyətlərinin inkişaf etdirilməsi, təhsilin informasiyalaşdırılması və insanların fasiləsiz təhsil ala bilməsi üçün müvafiq şəraitin yaradılmasının mühüm məsələlərdən olduğunu bildirdi.

Tədris-İnnovasiya Mərkəzinin müdiri Rəsmiyyə Mahmudova mövzu ətrafında çıxış edərək, Azərbaycanda İKT-nin tədrisdə tətbiqi ilə bağlı qəbul edilən dövlət proqramlarının əhəmiyyətindən söhbət açdı, bu proqramlar çərçivəsində görülən işlər haqqında məlumat verdi. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan işlər haqqında danışdı. Təhsilin informasiyalaşdırılması, məqsəd və vəzifələri, təhsilin inkişafında informasiya inqilablarının rolu, şəxsiyyətyönümlü təhsil və yeni pedaqoji texnologiyalar, fasiləsiz təhsil, informasiya mədəniyyəti və informasiya etikası haqqında geniş məlumat verdi.

Məlumat üçün bildirək ki, tələbələr tərəfindən böyük maraq və diqqətlə dinlənilən mühazirələrdə İnternetin meydana gəlməsi və inkişafı, e-hökumətin konseptual modeli və reallaşdırılması məsələləri, elektron imza, elektron sənəd, fərdi və biometrik məlumatlar, Azərbaycan dili və virtual məkan, e-vətəndaş problemləri və onların həlli yolları, informasiya iqtisadiyyatı, informasiya asılılığı və onunla mübarizə yolları, informasiya mədəniyyəti və təhlükəsizliyi, informasiya müharibəsi, ekologiyası, hüququ, informasiya cəmiyyəti və intellektual mülkiyyət, informasiya cəmiyyəti və jurnalistika, Vikipedia və onun imkanları, informasiya cəmiyyəti və təhsil və s. mövzular haqqında geniş məlumat verilmişdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə