“İnformasiya texnologiyaları olmasa gömrük xidmətində böyük problemlər yaşana bilər”

14-04-2015 / 11:53

Son dövrlərdə ölkədə Elektron hökumət quruculuğu, İKT-nin dövlət qurumlarında tətbiqi prosesi xeyli sürətlənib. Bütün dövlət qurumlarında bu sahə ilə əlaqəli şöbələr, departamentlər və idarələr yaradılıb. Hər gün yeni xidmətlərin elektron formaya keçirilməsinin şahidi oluruq, dövlət qurumlarının vətəndaşlarla və biznes qurumları ilə əlaqələri günbəgün daha effektiv formada gerçəkləşir.

Bütün bunlar isə təbii ki, hər bir dövlət qurumunun İKT sahəsi ilə əlaqəli bölmələrinin birbaşa səyləri ilə həyata keçirilir. Xidmətlərin elektron formaya keçirilməsi prosesi, vətəndaşlarla və biznes qurumları ilə əlaqələrin qurulmasında İT-nin tətbiqi, dövlət qurumlarının saytlarının yenilənməsi prosesi hər birimiz üçün kifayət qədər əhəmiyyət kəsb edən bir sahədir.

Odur ki, dövlət qurumunun İT sektorunun strukturu, fəaliyyəti və burada çalışan kadrlarla Xəbərlər olaraq daha yaxından tanış olmaq  qərarına gəldik.

İlk olaraq Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi, Gömrük xidməti general mayoru, texnika elmləri doktoru , professor İqbal Babayevlə görüşdük və onun rəhbərlik etdiyi İdarənin fəaliyyəti ilə daha yaxından tanış olduq.

Onunla müsahibəni və rəhbərlik etdiyi struktur bölməsinin fəaliyyəti ilə bağlı müşahidələrimizi sizlərə təqdim edirik

-İqbal müəllim, Gömrük Komitəsində informasiya texnologiyaları hansı səviyyədə gündəlik fəaliyyətə inteqrasiya edilib?

Dövlət Gömrük Komitəsində (DGK) inzibati-idarəetmə strukturunda  Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi fəaliyyət göstərir.

Gömrük xidmətində informasiya texnologiyaları ilə bağlı bütün məsələlərin həll edilməsi, eyni zamanda bu sahədə həyata keçirilən bütün layihələrin konsepsiyasının hazırlanması və idarə edilməsi adıçəkilən idarə tərəfindən müəyyən edilir və həyata keçirilir.

Xatırladaq ki, Azərbaycan gömrüyündə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə hələ 1995-ci ildə başlanmış və 1999-cu ildə gömrüyün İKT strategiyası artıq beynəlxalq standartlar səviyyəsində qurulmağa başlanmışdır. Belə ki, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Hökuməti arasında həyata keçirilən layihələr avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına olduqca müsbət təsir göstərmişdir.

Gündəlik həyata inteqrasiya olunmasına gəlincə, deyərdim ki, gömrük sərhəddən başlayır. Mal və nəqliyyat vasitələrinin, sərnişinlərin keçidini nəzərə alsaq, sərhəddən başlayaraq buraxılışa qədər bütün proseslər avtomatlaşdırılıb. Əgər informasiya texnologiyaları (İT) sistemi olmasa, gömrük xidmətində böyük problemlər yaşana bilər. Yəni bütün gömrük əməliyyatları İT sisteminin üzərində qurulub. Sərhəddən keçən mal və nəqliyyat vasitələrinin qeydiyyatı, onlar üzərində gömrük nəzarətinin həyata keçirilməsi və təyinatı üzrə gömrük orqanına çatdırılması, malların və nəqliyyat vasitələrinin bəyan edilməsi, bəyan etmədən sonra ödənişlərin həyata keçirilməsi və sonda malın sahibinə buraxılması - bütün bunlar hamısı avtomatlaşdırılmış qaydada həyata keçirilir. Ona görə, İnformasiya texnologiyaları, İT avadanlıqlar, ümumiyyətlə İT sistemi olmadan   gömrük əməliyyatlarının həyata keçirilməsini təsəvvür etmək mümkün deyil.

DGK-da əsas nailiyyətlərindən biri də, yuxarıda qeyd etdiyim kimi, BMT-nin İnkişaf Proqramı ilə birlikdə həyata keçirdiyi növbəti «Hədəf Mərkəzinin yaradılması» layihəsidır. DGK-nın hədəf mərkəzində bütün gömrük orqanlarının fəaliyyətini izləməyə imkan verən video müşahidə sistemi, eyni zamanda iki gömrük orqanı arasında gömrük nəzarəti altında daşınan malların GPS texnologiyası əsasında izlənmə sistemi, bütün gömrük əməliyyatları və s. digər gömrük prosedurlarının avtomatlaşdırılmış idarəetmə sistemi quraşdırılmışdır. Bu hədəf mərkəzi vasitəsilə bütün gömrük əməliyyatları tam nəzarət altındadır. 

-Komitə daxilində sənəd dövriyyəsinin elektronlaşdırılması hansı səviyyədədir? Bütün proseslər elektron qaydada həyata keçirilirmi ?

Gömrük sistemində Komitənin öz təşəbbüsü və imkanları nəticəsində “Gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarə sistemi - VAİS” yaradılıb. Bu sistem digər dövlət informasiya resursları kimi dövlət qeydiyyatından keçmiş, sertifikat almış və dövlətin informasiya resursu hesab edilir. 

Sistem əsas bir neçə komponentdən təşkil olunmuşdur. Birincisi, gömrük əməliyyatlarının avtomatlaşdırılmasıdır, yəni VAİS sistemi. İkinci komponent elektron sənəd dövriyyəsinin təmin edilməsidir. Dövlət Gömrük Komitəsində hazırda vahid kargüzarlıq sistemi tətbiq olunmuşdur. Bu system vasitəsilə DGK daxilində bütün sənəd dövriyyəsi tam kağızsız texnologiya üzərində qurulmuşdur. Yəni, sənəd dövriyyəsində daxildə kağızdan istifadə olunmur. Onu da qeyd edim ki, gömrük komitəsində artlq 5-ci ildir ki, Elektron İmza tətbiq olunmuşdur, onun Sertifikat Mərkəzi fəaliyyət göstərir və bunun nəticəsidir ki, sənədlər gömrük əməkdaşları tərəfindən tərtib edilir və elektron imzalar ilə təsdiq olunur, bununla da elektron sənədə hüquqi status verilir. Bu sistem artıq işləyir, öz bəhrəsini də verməkdədir və elektron sənəd dövriyyəsində istifadə olunmasını əsas faktlardan biri kimi qeyd etmək olar. Üçüncü komponent kadr proqramıdır. Bütün gömrük əməkdaşlarının bazası yaradılmış, onlar haqqında tam məlumat bazası formalaşmış, ümumiyyətlə bütün kadr məsələləri avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Yəni, bütün hesabatlar bu sistem vasitəsilə alınır. Dördüncü, texniki resursların idarə edilməsi sistemidir. Bu çox mürəkkəb bir işdir və bütün gömrük orqanlarındakı texniki resurları idarə etmək məqsədilə belə bir sistemin yaradılmasına ehtiyac duyuldu və nəticədə bütün gömrük sistemində texniki resurslar bu proqram vasitəsilə idarə olunur.

-Hansı xidmətləriniz artıq elektron formaya keçirilib ?

Uzun müddətdir ki, bizdə sistemli olaraq  xidmətlərin elektron formaya keçirilməsinə başlanıb. Addım-addım biz xidmətlərimizi elektron formaya keçiririk. Hazırda  dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün ilkin məlumatlandırma üzrə müraciətin və sənədlərin qəbulu, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron Sərnişin Bəyannaməsinin qəbulu,  Xarici iqtisadi fəaliyyət iştirakçılarına həyata keçirdikləri idxal-ixrac əməliyyatları barədə statistik məlumatların verilməsi, Bəyannamələrin gömrük ekspertizasının aparılması üçün müraciətin qəbulu, Malların nomenklaturası və mal və nəqliyyat vasitələrinə tətbiq olunan müvafiq gömrük ödənişləri barədə məlumatların verilməsi, Gömrük ödəyicisinin eyniləşdirmə nömrəsinin alınması, E-gömrük ödənişləri, Yüngül minik nəqliyyat vasitələrinin idxalı ilə bağlı gömrük ödənişlərinin hesablanması, Gömrük rəsmiləşdirilməsi üçün müraciət, Vətəndaş müraciətləri, sorğu və şikayətlər, Gömrük orqanlarına xidmətə qəbul elektron xidmətləri artıq elektron formada  istifadəyə verilib. Bu xidmətlər rəsmi saytımızın Elektron xidmətlər bölməsində yerləşdirilib . Fiziki və hüquqi şəxslər istənilən zaman bu xidmətləri elektron formada əldə edə bilirlər.    

-Hansısa xidmətin elektron formaya keçirilməsi prosesi necə müəyyən olunur ? Bu istiqamətdə hansı addımlar atılır?

Bildiyiniz kimi, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının “Sahibkarlığın inkişafı və dövlət orqanlarında elektron xidmətlərin tətbiqi” ilə bağlı fərmanı vardır. Fərmandan irəli gələn məsələləri həll etmək məqsədilə Dövlət Gömrük Komitəsi məmur-vətəndaş təmasının minimuma endirilməsi məqsədilə  xidmətlər elektron fromaya keçirilir. Maksimum dərəcədə çalışırıq ki, sahibkarlar gömrük orqanlarına birbaşa elektron xidmətlərdən istifadə etməklə müraciət etsinlər. Hər bir xidmətin elektron formaya keçirilməsi ilə bağlı konkret mexanizm hazırlanır.

Mövcud hüquqi mexanizmlər çərçivəsində xidmətin elektron formaya keçirilməsi üçün Reqlament və  bunun da əsasında proqram təminatı, informasiya sistemləri hazırlanır.

-Bildiyimiz kimi mövcud qanunvericiliyə görə, elektron xidmətlər “bir pəncərə” prinsipi ilə təqdim edilməlidir. Sizin təqdim etdiyiniz xidmətlər Elektron hökumət Portalına inteqrasiya olunubmu?

Bizim sayt vasitəsilə təqdim etdiyimiz elektron xidmətlərimizin  hamısı “Elektron hökumət” portalına inteqrasiya olunmayıb. Bunun da əsas səbəbi elektron imzanın gömrük xidmətlərinə inteqrasiyası ilə bağlıdır. Məlumunuz olsun ki, xarici iqtisadi fəaliyyət iştirakçılarının kommersiya sirrlərinin qorunmasına görə  Dövlət Gömrük Komitəsi məsuliyyət daşıyır. Buna görə də, bizim tərəfdən məsələ qaldırıldı ki, dövlət kommersiya sirrinin qorunması məqsədilə sahibkarlara gücləndirilmiş elektron imza verilsin. Bu məsələ ilə bağlı  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə birgə araşdırmalar aparıldı və müvafiq texnoloji sxem hazırlandı. Hal-hazırda sahibkarlar həmin elektron imza vasitəsilə Dövlət Gömrük komitəsinin elektron xidmətlərindən yararlana bilirlər. Digər elektron xidmətlərin də portala inteqrasiya olunması üzrə hazırda müvafiq işlər aparılır.

-Açıq hesab olunan məlumatlarınız varmı? Onları nə zaman  Açıq Hökümət Məlumatları Portalına inteqrasiya etməyi düşünürsünüz?

Əlbəttə düşünürük, bu istiqamtdə də çox işlər görülüb və görülməkdədir. Gömrük Komitəsində  14-ə yaxın elektron xidmət var və həmin xidmətlərin bəziləri açıq hesab olunur. Məsələn, “Malların nomenklaturası və mal və nəqliyyat vasitələrinə tətbiq olunan müvafiq gömrük ödənişləri barədə məlumatların verilməsi” ,  “İdxal olunan nəqliyyat vasitəsinin gömrük rüsumunun hesablanması” və bu kimi digər xidmətlər açıq hesab olunan məlumatlardır və Dövlət Gömrük Komitəsinin rəsmi saytında  açıq şəkildə yerləşdirilib. Bütün bunların Açıq Hökümət Məlumatları Portalına inteqrasiyası nəzərdə tutulmuşdur. Son zamanlar inkişaf etmiş ölkələrin gömrük qurumları tərəfindən müsbət qarşılanan və Azərbaycanda artıq tərtib olunan və layihənin konsepsiyası, tətbiqi məhz Azərbaycana məxsus olan bir  layihə vardır, bu layihə “Sərhəddən keçən nəqliyyat vasitələrinin buraxılış vaxtının ölçülməsi” ilə bağlıdır. Bu haqda məlumatlar da açıq hesab olunur və Gömrük biznes əməkdaşlığı ilə bağlı İnternet səhifəsində hər ay yerləşdirilir. Bu məlumatlara hər hansı bir malın sərhəddən keçmə vaxtından başlayaraq sahibinə çatdırılma vaxtına kimi olıan müddətlər daxildir.

- Elə xidmətlər var ki, digər dövlət qurumları ilə əlaqəlidir və bu da inteqrasiya tələb edir. Sizin infromasiya sistemləriniz hansı digər qurumların məlumat bazaları ilə sinxronlaşdırılıb? Bu sahədə problemlər varmı ?

Dövlət Gömrük Komitəsi 5 il bundan öncə yuxarıda qeyd etdiyim kimi VAİS sistemini yaratmışdır və bu system mal və nəqliyyat vasitələrinin idaxal və ixracı üşün nəzərdə tutulmuş icazə sənədlərinin verilməsi ilə əlaqədar olaraq 14 digər  dövlət orqanında da istifadə edilir. Başqa sözlə desək, 14 dövlət qurumunun sertifikat , lisenziya və icazə sənədlərinin verilmə prosedurları bizim sistemin əsasında qurulmuş və ya ona inteqrasiya olunmuşdur. Belə demək mümkünsə, digər dövlət qurumları ilə əlaqəli gömrüyə aid bütün prosedurlar DGK-nın VAİS sistemi əsasında qurulmuşdur. Bu qurumlardan xüsusuilə, Kənd Təsərrüfatı və Səhiyyə Nazirlikləri tərəfindən verilən sertifikatlar, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət  Agentliyinin sertifikatları, Daxili İşlər Nazirliyinin icazə sənədləri və onun İAMAS sistemi, Dövlət Sərhəd Xidmətinin, Nəqliyyat Nazirliyinin icazə blankları, Mərkəzi Bankın valyuta məzənnəsi ilə bağlı  məlumatlar, Mərkəzi laboratoriya, FHN-nin İonlaşdırıcı və radioaktiv maddələrlə bağlı İnstitut  və bu kimi digər qurumların icazə sənədləri üzrə məlumat bazası DGK-nın VAİS sisteminə inteqrasiya olunmuşdur.

Təbii ki, bir İT mütəxəssisi kimi deyərdim ki, bu, daha yaxşı olardı ki , dövlət orqanları arası məlumat mübadiləsi DGK-nın VAİS sistemi üzərində yox, EHDİS üzərində (Elektron hökumət dövlət informasiya sistemi) həyata keçirilsin. Məlumat mübadiləsinin EHDİS üzərindən tam həyata keçirilməməsinin də səbəbi ondan ibarətdir ki, dövlət orqanlarının EHDİS-ə inteqrasiya səviyyəsi müxtəlif vəziyyətdədir. Bunun nəticəsində bəzi dövlət qurumları ilə EHDİS üzərindən işləyirik, bəzi dövlət qurumları ilə DGK-nın VAİS sistemi vasitəsilə məlumat mübadiləsini həyata keçiririk.

-Son dövrlərdə bulud texnologiyaları geniş yayılıb və bunun tətbiqi genişlənməkdədir. Sizdə hazırda  bu texnologiyalardan istifadə edilirmi?

Bulud texnologiyalarına münasibətim çox yaxşıdır, yeni texnoloji yanaşmadlr. Artıq bu proses başlanmışdır və xaricdə bir çox böyük təşkilatlar öz daxili elektron sistemlərini artıq bulud texnologiyasına uyğunlaşdırırlar. Ölkəmizdə də bir çox dövlət təşkilatları informasiya sistemlərini “bulud” mühitində yerləşməsinə üstünlük verirlər və bu tendensiya davam edərək, ölkəmizdə bulud texnologiyasının tətbiqi daha da genişləndiriləcəkdir, bu proses qaçılmazdır və gözlənilir. Ümumiyyətlə, bulud texnologiyası əsasında qurulan sistemlərdə xərclərə xeyli qənaət edilir, İT infrastrukturunun mərkəzləşdirilməsi üçün səmərəli platformanın qurulmasına şərait yaradılır, bu texnologiya daha çevik imkanlara malikdir, lakin informasiya təhlükəsizliyi baxımından bir az incə yanaşma tələb edir. Dövlət təşkilatlarının emal etdiyi məlumatlar dövlətə məxsusdur və dövlətin informasiya resursları hesab edilir. Bu səbəbdən, dövlət təşkilatlarında yaradılan və ya tətbiq edilən hər hansı bir yeni texnologiya əsaslandırılmalı, onun informasiya təhlükəsizliyi və təşkilatlararası inteqrasiya baxımından vahid konsepsiya uyğunlaşdırılmalıdır. Bir sozlə, dövlət tərəfindən tənzimlənməlidir ki, gələcəkdə təşkilatlar bir-birinin resurslarından səmərəli istifadə edə bilsin, Elektron Hökumətin qurulmasına öz təhfəsini versin. Ümumiyyətlə, İT sektoru fərdi yanaşmaları “sevmir”, fərdi yanaşmalar əsasında qurulan sistemlərin də problemləri hamımıza bəllidir, çünki İT məhsulun istifadə dairəsi nə qədər çox  olarsa, bir o qədər o uğurlu layihə hesab edilir və daha da səmərəli, bazarda rəqabətli və dayanıqlı xüsusiyyətləri ilə cəmiyyətimizi inkişafa aparır.

-Son dövrlərdə bir sıra layihələrin, o cümlədən də İT layihələrin maliyyələşməsində problemlər müşahidə olunur. Büdcə vəsaitinin qənaəti ilə baglı sizin istiqamət üzrə xərclərin optimallaşdırılması nəzərdə tutulubmu? Nəyisə ixtisar və ya əksinə, nəyisə  aktivləşdirəcəksinizmi?

Təbii ki, İT infrastruktunun yaradılması və inkişafı müəyyən xərclər tələb edir, mən deyərdim ki, hətta çox vəsait tələb olunur. Təşkilatda İT infrastrukturu nə qədər inkişaf etsə bir o qədər təşkilatda şəfafflıq təmin edilmiş olacaqdır, bir o qədər operativlik və səmərəlilik artacaqdır. Əgər hər hansı bir texnoloji prosesdə İT tətbiq olunursa orada keyfiyyət artacaqdır. Bunun müqabilində isə digər resursların sərf etdiyi əmək azalır. İnsan resursları azala bilər, digər xərclər azala bilər və s. Təbii ki, müəyyən ixtisarlara da gətirib çıxara bilər. Bu İT-nin tətbiqi ilə bağlı təşkilatın siyasətindən asılıdır. İT insan əməyini yüngülləşdirmək üçün tətbiq edilir, kimisə işdən azad etmək üçün yox, ona görə bu məsələ hər bir təşkilatın daxili siyasəti ilə müəyyən olunur. Amma yenə qeyd edirəm ki, İT infrastruktunun qurulması böyük xərclər tələb edir. 

-Sizin İKT komandanız necə formalaşır? İT mütəxəssislərin çatışmadığı indiki məqamda peşəkar kadrları necə seçirsiniz ?

Digər dövlət orqanlarından fərqli olaraq bizim İT komandamız xüsusi formada fəaliyyət göstərir. Bildiyiniz kimi, DGK-nın strukturuna daxil olan gömrük orqanlarının yerləşdiyi bölgələr çox böyük coğrafi ərazini əhatə edir, yəni sərhəddən-sərhədə qədər və bölgələrdə fəaliyyət göstərən gömrük orqanları da daxil olmaqla ölkənin əsas hissəsini əhatə edir. Hər bir gömrük orqanında İT infrastrukturunu saxlamaq və online rejimdə gömrüyün işini təmin etmək asan məsələ deyildir. Biz ölkəyə uçub gələn vətəndaşa necə deyə bilərik ki, bizim kompüter sistemimiz işləmir, bağışlayın siz səhərə kimi sərhəddə gözləməli olacaqsınız və ya gətirdiyiniz malı saxlayın, kompüterimiz və ya printerimiz işləyəndən sonra gəlib aparasınız. Bunu bir vətəndaş kimi hər birimizə desələr, Siz ona necə reaksiya verərsiniz? Bu səbəbdən, Dövlət Gömrük Komitəsi nəzdində fəaliyyət göstərən təsərrüfat hesablı müəssisələrin birində İnformasiya-kommunikasiya texnologiyaları şöbəsi yaradılmış və hal-hazırda həmin şöbədə təxminən 50 İT mütəxəssisi çalışır. Bu mütəxəssislər Dövlət Gömrük Komitəsini vahid avtomaşdırılmış idarə sisteminin yaradılmasından, yenilənməsindən başlayaraq və DGK-nın bütün İT infrastrukturunun dəstəklənməsi və işlək vəziyyətdə saxlanmasını hər  gün 24 saat ərzində təmin edirlər. Bu yanaşma ilə biz artıq mütəxəssis məsələsini köklü şəkildə həll etmişik. Təbii ki, elə sifarişlərimiz olur ki,  o layihələri tender yolu ilə İT sahəsində çalışan şirkətlərə həvalə edirik. Amma əsas yük  DGK-nın İKT qrupunun üzərinə düşür. İşçilər həmin şöbə tərəfindən işə cəlb olunur, layihədən asılı olaraq daimi işləyənlər də var və müqavilə ilə işə götürülənlər də olur. Onlar tam özəl şirkət kimi fəaliyyət göstərir. DGK-nın sifarişlərindən əlavə olaraq kənardan da sifarişlər götürürlər və yüksək səviyyədə icra edirlər. Bu formada yanaşmamız bizi İT bazarındakı baş verən gözlənilməz hallardan və dinamik dəyişiklər nəticəsində yaranan risklərdən tam qoruyur və işlərimiz də yüksək səviyyədə həll olunur.

-Bəs  özəl sektorda yüksək maaşlarla mütəxəssislərin cəlb olunduğu halda öz mütəxəssislərinizi dövlət qulluğunda qalmaq üçün necə motivasiya edirsiniz?

Qeyd etdiyim kimi, onlar tam özəl şirkət kimi fəaliyyət göstərirlər. Bizim İT mütəxəsislərimizin aldıqları əmək haqları bazar qiymətinə tam uyğunlaşdırılmışdır. Hətta deyərdim ki, bir az da üstündür. Təsərrüfat hesablı müəssisə olduğuna görə çoxlu layihələri vardır və DGK-ya xidmət etməklə yanaşı, digər dövlət qurumlarının də layihələrinin həyata keçirilməsində iştirak edirlər. Bu gün özəl şirkətlərdən bizim İT qrupda çalışmaq arzusunda olan çoxlu mütəxəsisslər vardır, demək olar ki, hər gün elektron poçt ünvanıma mütəxəsisslər tərəfindən göndərilmiş CV-lər alıram və onları dəyərləndirirəm. Bizdə prinsip belədir ki, öz üzərində çalışmayan, zəiflik nümayiş etdirən mütəxəsisimizin yerinə daha savadlı və çalışqan mütəxəsisslər götürürük. Bu da mütəxəsisslərimizə bir daha stimul verir ki, onlar öz üzərində çalışsınlar.

- İqbal müəllim, son olaraq rəsmi saytınızla bağlı sual vermək istərdik. Bildiyimiz qədər saytınız bir neçə dəfə Milli internet resursların yarışmasında uğurlar əldə edib. Maraqlıdır, rəsmi saytınızın arxasında neçə nəfərlik komanda daynıb. Ümumiyyətlə rəsmi saytınızın dizaynı, yenilənməsi prosesi necə həyata keçiriılir ?

DGK-nın internet səhifəsini dediyim İT qrupu yaratmışdır. Lakin, bu bir dəfə yaradılmış və istismar üçün Gömrük Komitəsinə verilmişdir. Mən desəm ki, bu gün bizim veb administartorumuz yoxdur, siz inanmayacaqsınız. Çünki, bizim səhifə dinamik internet səhifəsidir. İnternet səhifəmizə məlumatları kimsə yerləşdirmir. Sadəcə sistem elə qurulub ki, saytın hər bir bloku DGK-nın idarə və şöbələrinə bağlanmışdır və həmin struktur bölmələr öz işlərini yerinə yetirərkən xüsusi interfeys vasitəsilə həmin məlumatlar saytda öz əksini tapır. Məsələn, mal nomenklaturasında tarif dərəcələri və gömrük ödəmələri ilə bağlı hər hansı bir dəyişiklik baş verərsə, onda bu sahəyə məsul olan struktur bölmə daxildə öz sistemində dəyişiklik edir və avtomatik olaraq bu dəyişikliklər saytda öz əksini tapır. Eyni qaydada qanunvericilik bazasındakı məlumatlar ilə DGK-nın hüquq şöbəsi, gündəlik xəbərlər ilə DGK-nın mətbuat şöbəsi və s. bu prinsiplə saytın digər bölmələri işləyir və yenilənir. Hər bir struktur bölmə səhifədə öz sahəsinə cavabdehdir.

İqbal müəllim, müsahibənizə görə çox sağ olun. Düşünürük ki, sizin müsahibəniz bizim oxucular üçün çox maraqlı olacaq.

-Mən də Sizə təşəkkür edirəm. Minnətdaram ki, ilk müsahibəni DGK-nin İT sahəsinə ayırmısınız. Bu bizim üçün çox xoşdur. Mən sizin XEBERLER.AZ portalına uğurlar arzulayıram və əminəm ki, sizin bu portalınız ölkəmizdə İT sektorunun daha da inkişafına öz töhfəsini verəcəkdır. Sizə uğurlar diləyirəm.

Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəis müavini Anar Süleymanov

Elektron gömrük xidmətləri şöbəsi rəisi Rauf Quliyev

Sistem inteqrasiya şöbəsi 

Layihələrin idarə olunması şöbəsi

 


Hədəf Mərkəzi

 

Mirvari Nəcəf

Fotolar: Nəcəf Nəcəfli


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə