“İnternet media öz əhəmiyyətini günü-gündən artırır və bu baxımdan xəbər portallarına da dövlət yardımlarının ayrılmasına ehtiyac var”. Bu sözləri Editor.az-a açıqlamasında “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev söyləyib.
Xatırladaq ki, Mətbuat Şurası yanında internet resursları üzrə komissiya fəaliyyətə başlayıb. Şuranın sədri Əflatun Amaşovun verdiyi açıqlamaya görə, internet xəbər portallarının fəaliyyətinin kordinasiya edilməsi, onlara qarşı yönələn haker hücumlarının aradan qaldırılması, daxil olan şikayətlərin araşdırılması məqsədilə yaradılan komissiya yaxın gələcəkdə öz sıralarını genişləndirəcək. Bu arada bəzi xəbər portalları rəhbərləri isə komissiyanın internet medianın fəaliyyətinə müdaxilə edəcəyi, onları neytrallaşdırmağa çalışacağı ilə bağlı iddialar səsləndirilər.
“Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev Mətbuat Şurasının internet porttalların fəaliyyətinə müdaxilə edəcəyi ilə bağlı iddiaları bölüşmür: “Əslində Mətbuat Şurası yalnız ictimai nəzarət funksiyasını həyata keçirir. Onların nəinki internet xəbər portallarının, hətta qəzetlərin belə fəaliyyətinə birbaşa müdaxilə etmək səlahiyyəti yoxdur. Bu mənada Mətbuat Şurası yanında internet resursları üzrə komissiyanın internet portalların fəaliyyətinə maneçiliklər yaradacağı qənaətində deyiləm. Hesab edirəm ki, gələcək perspektivdə internet portalların da dövlət büdcəsi hesabına maliyyələşməsi mümkün olacaq”.
Yaxın zamanlarda rəhbərlik etdiyi “Bizim Yol” qəzetinin tərkibində internet portalın fəaliyyətə başlayacağını deyən baş redaktor qəzetin onlayn versiyaya keçidini də nəzərdə tutduqlarını bildirdi. Azər Niftiyev, Editor.az