İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu ilə “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 14 dekabr 2024-cü il tarixində “Baku Marriott Hotel Boulevard”da “Sıfıra doğru” şüarı altında keçirilən “Sənaye Təhlükəsizliyi Zirvəsi" tədbirində iştirak edib.
Xeberler.az məlumat verir ki, zirvə toplantısının keçirilməsində əsas məqsəd sənaye və əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə, eləcə də iş yerlərində təhlükəsizlik məsələləri ilə bağlı dünyada tətbiq olunan yeniliklərin, müasir innovasiyaların və qabaqcıl təcrübələrin müzakirəsi olub.
Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu və millət vəkili Nigar Arpadarai, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə Zirvə toplantısının əhəmiyyətindən danışaraq, məqsədin ölkəmizdə sənaye təhlükəsizliyi mədəniyyətini inkişaf etdirmək və bu sahədə qabaqcıl təcrübələri paylaşmaq, həmçinin Azərbaycanın iş mühitini daha etibarlı, dayanıqlı gələcəyə aparılması işinə dəstək verilməsinin olduğunu bildiriblər.
Zirvədə 15-dək spiker və moderator, 350-dən çox dövlət və özəl müəssisənin məsul şəxsləri, o cümlədən dövlət qurumlarının rəsmiləri, icraçı direktorlar, şirkət nümayəndələri və iş adamları iştirak edib. “Sənaye Təhlükəsizliyi Zirvəsi”ndə sənaye təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi və iş yerində təhlükəsizlik mövzularında qlobal yeniliklər, innovativ həllər və qabaqcıl təcrübələr müzakirə edilərək bu istiqamətdə ətraflı fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda “HSE Awards” mükafatlandırma mərasimi keçirilib və SƏTƏM sahəsində fərqlənmiş şəxslər, müəssisə və təşkilatlara müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib. Tədbir çərçivəsində keçirilən "HSE Awards" mükafatlandırma mərasimində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi "Rəqəmsal Sənəd Dövriyyəsi" layihəsi ilə "Green Future Award" nominasiyası üzrə qalib olub.
Qeyd edək ki, sözügedən nominasiyaya İRİA-nın SƏTƏM üzrə mütəxəssisi İlkin Həsənəliyev müraciət edib və keçirilən tədbirdə Agentliyi layiqincə təmsil edib. Mükafatın təqdimatı zamanı İlkin Həsənəliyev "Rəqəmsal Sənəd Dövriyyəsi" layihəsinin nəticəsi olaraq dövlət qurumları arasında rəqəmsal sənəd dövriyyəsi sistemin Azərbaycanın yaşıl gələcəyinə necə töhfə verdiyi barədə statistik məlumatları paylaşıb və özəl sektorda olan təşkilatları da bu sistemin tətbiqinə dəvət edib.