Oktyabrın 9-da Bakı Konqres Mərkəzində keçirilən “Critical Infrastructure Defence Challenge 2025" tədbir çərçivəsində
Xeberler.az məlumat verir ki, “Ağıllı şəhərlər” mövzusunda keçirilən panel iclasında kibercinayətkarlığın yeni tendensiyaları, süni intellektin tətbiqi və onun təhlükəsizlik riskləri müzakirə olunub.
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədovun moderatorluğu ilə keçirilən panel sessiyada Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov çıxışında bildirib ki, süni intellektin tətbiqi sahələri sürətlə genişlənir və cinayətkarlar tərəfindən etik normaları pozan, qanunsuz modellər də istifadə olunur. “Praktikada rast gəlirik ki, süni intellektdən istifadə ilə təxribatçı əməliyyatların miqyası artır. Biz tərəfdarıyıq ki, təhlükəsizlik həlləri Azərbaycan mütəxəssisləri tərəfindən hazırlanmalı və dövlətin təhlükəsizliyini qorumaq üçün tətbiq olunmalıdır”, – deyə D.Rüstəmov qeyd edib.
Elektron Təhlükəsizlik Xidmətinin rəisi Fərid Zeynalov süni intellekt vasitəsilə yarana biləcək təhlükələrə qarşı monitorinq və kontentin analizinin önəmini vurğulayıb, risklərin dəyərləndirilməsi və preventiv tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyəti sədrinin müavini Şahin Əliyev çıxışında bildirib ki, ölkədə Milli süni intellekt strategiyası qəbul olunub, dövlət və özəl sektorla birgə innovativ həllərin tətbiqi, startapların dəstəklənməsi və vətəndaşların real təcrübədən keçməsi istiqamətində işlər aparılır.
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi Yusif Hüseynov isə qeyd edib ki, işçi qruplar vasitəsilə bank və digər qurumlarla birgə antifraud və kibertəhlükəsizlik tədbirləri həyata keçirilir, qanunsuz köçürmələr və fırıldaqçılıq halları dərhal aşkar edilir və qarşısı alınır.
Mərkəzi Bankın İnformasiya və kibertəhlükəsizlik departamentinin direktoru Elnur Eyvazlı əlavə edib ki, bank sektorunda risk əsaslı yanaşma tətbiq olunur, finsert funksiyası vasitəsilə insidentlərin anonim şəkildə paylaşılması və bütün iştirakçılar üçün preventiv tədbirlər görülməsi təmin edilir.
Panel iclasında natiqlər, həmçinin süni intellektin etik istifadəsi, kibertəhlükəsizlik protokollarının hazırlanması və ağıllı şəhər infrastrukturlarında risklərin azaldılması istiqamətində müzakirələr aparıblar.
Sonda paneldə çıxış edən iştirakçılara xüsusi sertifikatlar təqdim olunub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları