İnternet qiymətləri 3 dəfəyədək endiriləcək

29-08-2009 / 13:35

Belə ki, 1 sentyabr 2009-cu ildən etibarən Azərbaycanda internet qiymətlərində 3 dəfə enmə gözlənilir. Eyni zamanda , deyəsən, yavaş-yavaş Azərbaycanda Dial-up internet bağlantısına da son qoyulur!!!

Bu haqda Xeberler.az-a etibarlı mənbədən daxil olan məlumatda deyilir.

Məlumata görə, ilk olaraq ölkənin əsas provayderi olan Delta Telecom-un Provayderlərə təklif etdiyi internet tariflərində qiymətlərdə 3 dəfəyədək endirim gözlənilir. Daha sonra isə 2-ci səviyyəli provayderlər də buna uyğun olaraq istifadəçilərə təklif etdikləri internet xidmətlərinin qiymətlərini endirəcəklər.

Bu fakt özünü doğrultduğu təqdirdə Provayderlər Delta Telecom -dan aldıqları
1 MB/san internet üçün hal-hazırda ödədikləri 275 manatın əvəzinə sentyabrın 1-dən etibarən təxminən 100 manat ödəyəcəklər. Provayderlərin özlərinin isə istifadəçilərə 1 Mb/san interneti cəmi 25 manata təklif etməsi nəzərdə tutulub.

Bundan əlavə uzun sürən testləşdirmədən sonra nəhayət ki, 1 sentyabr tarixindən Delta Telecom şirkəti Wi-Max texnalogiyası əsasında Bakı və Abşeron ərzisində internetə giriş xidməti də təklif edəcək. Gözlənildiyinə görə 1 MB/s-lik internet trafikinin qiyməti isə təxminən 60-70 manat civarında olacaq.

Qeyd edək ki, Wi-Max texnologiyası əsasında bu şəbəkənin olduğu ərazidə istənilən yerdə, istənilən zaman internetə daxil olmaq mümkündür.

1 sentyabrdan etibarən ölkədə internet qiymətlərində 3 dəfə enmə müşahidə olunacağı haqda Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün fikirlərini öyrəndik.

Osman Gündüz bildirdi ki, sonuncu dəfə belə bir endirim cari ilin 1 fevral tarixində müşahidə olunmuşdu. O zamana internet ictimaiyyətinin ciddi tələbi ilə internet qiymətləri iki dəfəyə yaxın aşağı salınmışdı. Bu müsbət hal kimi dəyərləndirilsə də, soonradan provayderlər tərəfindən internetin keyfiyyətinin aşağı salınması, ATS-lərin resurslarının şatışmazlığıı ucbatından Provayderlərin aşağı surət təklif etməkdə maraqlı olmaması bu addaımın əhəmiyyətini xeyli azaltmışdı. Yəni bəılli oldu ki, provayderlər əslində qiyməti yox, surəti iki dəfə aşağı salıblar.

“Təbii ki, bundan sonra bizim apardığımız monitorinqlər göstərdi ki, Azərbaycanda hələ də internet qiymətləri qonşu ölkələrlə müqayisədə baha və keyfiyyətsiz qalmaqda davam edir. Xatırlayırsınızsa biz hətta ölkə internetindəki dözülməz vəziyyətlə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə , eyni zamanda, ümumiyyətlə ölkədə İKT sahəsində tənzimləmədə olan ciddi problemlərlə bağlı RİTN-nin səlahiyyətlərinə aydınlıq gətirilməsi üçün ölkə prezidentinə də müraciət ünvanlamışdıq.”-deyə Osman Gündüz bildirib.

AİF prezidenti bu baxımdan 1 sentyabr 2009-cu ildən etibarən Azərbaycanda internet qiymətlərində 3 dəfə endirilməsini gözlənilən addım olduğunu bildirib.

Delta Telecom-un internet qiymətlərində 3 dəfəyə yaxın endirim edəcəyini kifayət qədər ciddi addım kimi dəyərləndirən AİF rəhbəri “Ümidvarıq ki, bu qiymət endirimi yenidən 2-ci səviyyəli provayderlər tərəfindən internetin keyfiyyətinin pisləşdirilməsinə yönəlməyəcək.”-deyə əlavə edib.

Osman Gündüz eyni zamanda bu məsələ ilə bağlı RİTN tərəfindən gerçəkləşdirilməsi zəruri olan addımları da sadalayıb. O , ATS-lər tərəfindən Provayderlərdən tutulan qanuni və qeyri-qanuni haqların nizamlanmasının vacibliyini, dövlət provayderi anlayışına son qoyulmasını-onların özəlləşdirilməsinin vacibliyini qeyd edib.

Osman Gündüz , həmçinin, aylıq ödənişin olmadığı internet xidmətlərinin təqdim edilməsinin də xeyli əhəmiyyətli olacağını bildirib.

AİF rəhbəri, ölkədə yeni texnologiyalar vasitəsilə internetə kütləvi girişin təmin edilməsi sahəsində ciddi olaraq ləngimələrə yol verildiyini də xüsusi olaraq vurğulayıb. O , Wi-Max və 3G əsasında İnternet xidmətini hazırkı məqamda Azərbaycan üçün mühüm əhəmiyyət kəs etdiyini də diqqətə çatdırıb. Bu baxımdan Delta Telekom tərəfindən Wi-Max texnologiyasının tətbiqinə başlanılmasını alqışladığını və bunu ölkəmiz üçün mühüm addım kimi dəyərləndirdiyi qeyd edib.

Osman Gündüz ölkədə indiki halda 1 MB/san sürətində keyfiyyətli internet xidmətinin qiymətinin ADSL texnologiya ilə 25 manat, Wi-Max əsasında isə 60-70 manat olmasını kifayət qədər normal hesab etdiyini vurğulayıb.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.