İnternet qiymətlərinin ucuzlaşması niyə hiss olunmur?

15-09-2009 / 16:07

Xəbər verdiyimiz kimi, 1 sentyabr 2009-cu ildən etibarən Azərbaycanda internet qiymətlərində 3 dəfə enmə gözlənilirdi.

Xeberler.az bildirir ki, məlumata görə, ilk olaraq ölkənin əsas provayderi olan lDelta Telecom»-un Provayderlərə təklif etdiyi internet tariflərində qiymətlərdə 3 dəfəyə kimi endirim edəcəyi, daha sonra isə 2-ci səviyyəli provayderlərin də buna uyğun olaraq istifadəçilərə təklif etdikləri internet xidmətlərinin qiymətlərini endirəcəyi nəzərdə tutulmuşdu.

Bu fakt özünü doğrultduğu təqdirdə Provayderlər lDelta Telecom» -dan aldıqları 1 MB/san internet üçün hal-hazırda ödədikləri 275 manatın əvəzinə sentyabrın 1-dən etibarən təxminən 100 manat ödəyəcəkdi. Provayderlərin özlərinin isə istifadəçilərə 1 Mb/san interneti cəmi 25 manata təklif etməsi nəzərdə tutulmuşdu.

Uzun sürən testləşdirmədən sonra nəhayət ki, 1 sentyabr tarixindən lDelta Telecom» şirkəti Wi-Max texnalogiyası əsasında Bakı və Abşeron ərzisində internetə giriş xidməti də təklif edəcəyi də nəzərdə tutulmuşdu. Gözlənildiyinə görə 1 MB/s-lik internet trafikinin qiyməti isə təxminən 60-70 manat civarında olacaqdı.

Qeyd edək ki, Wi-Max texnologiyası əsasında bu şəbəkənin olduğu ərazidə istənilən yerdə, istənilən zaman internetə daxil olmaq mümkündür.

Maraqlıdır ki, sözügedən qərarın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən elan olunmasına baxmayaraq, hələ də internet istifadəçiləri bu yeniliyi öz həyatlarında hiss edə bilmirlər. Yəni, internetdə ucuzlaşma vədinin niyə quru söz olaraq qalması marağımıza səbəb oldu.

Azərbaycan İnternet Forumunun sədri Osman Gündüz bizə açıqlamasında bildirdi ki, sözügedən qərar əksər provayderlər tərəfindən iqnor edildi. Onun sözlərinə görə, bu endirimin dərhal bazarda öz əksini tapmaması RİTN-in mövqeyi ilə bağlıdır: «Qiyməti salan özəl provayderdir. Bütün provayderlər interneti ondan alırlar. Əslində qiymətin aşağı salınması çox asan prosesdir. Amma nazirlyin nümayəndəsi deyir ki, bunun həyata keçirilməsi olduqca çətindir. Belə bir rəyi vermək sadəcə cəmiyyətə hörmətsizlikdir. Ümumiyyətlə, sözügedən nazirlik bazarda qiymətlərin aşağı salınmasında maraqlı deyil. Tutaq ki, »Delta" qiymətləri aşağı salandan dərhal sonra 2 dövlət provayderi - Aztelekom və Bakinternet də qiymətləri dərhal aşağı salmalıydı. Dövlət provayderi bu addımı atmayandan sonra özəl provayderlərdən belə bir qərar gözləmək yersizdir".

Müsahibimizin sözlərinə görə, nazirlik artıq bu işdə maraqlı olmadığını sübut edib. Buna səbəb isə kommersiya maraqlarıdır. O.Gündüzə görə, dövlət interneti daha baha qiymətə satıb, pul qazanmaq istəyir: «Nə qədər ki, bu prosesi bir nazirlik tənzimləyir, eyni zamanda da kommersiya ilə məşğul olur, bu proses həmin formada da davam edəcək. Nazirliyin səlahiyyətlərinə aydınlıq gətirilməlidir. Prezident fərman verərək bu nazirliyi ləğv etməlidir».
O.Gündüz bildirdi ki, sonuncu dəfə belə bir endirim bu ilin 1 fevral tarixində müşahidə olunmuşdu. O zamana internet ictimaiyyətinin ciddi tələbi ilə internet qiymətləri iki dəfəyə yaxın aşağı salınmışdı. Bu müsbət hal kimi dəyərləndirilsə də, sonradan provayderlər tərəfindən internetin keyfiyyətinin aşağı salınması, ATS-lərin resurslarının çatışmazlığı ucbatından Provayderlərin aşağı sürət təklif etməkdə maraqlı olmaması bu addımın əhəmiyyətini xeyli azaltmışdı. Yəni bəlli oldu ki, provayderlər əslində qiyməti yox, sürəti iki dəfə aşağı salıblar.

«Təbii ki, bundan sonra bizim apardığımız monitorinqlər göstərdi ki, Azərbaycanda hələ də internet qiymətləri qonşu ölkələrlə müqayisədə baha və keyfiyyətsiz qalmaqda davam edir. Xatırlayırsınızsa biz hətta ölkə internetindəki dözülməz vəziyyətlə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə , eyni zamanda, ümumiyyətlə ölkədə İKT sahəsində tənzimləmədə olan ciddi problemlərlə bağlı RİTN-nin səlahiyyətlərinə aydınlıq gətirilməsi üçün ölkə prezidentinə də müraciət ünvanlamışdıq» - deyə Osman Gündüz bildirib.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə