Osman Gündüz: Rusiyada, Ukraynada 5-10 manat olan sürətli internet bizdə ayda 100-300 manat arasında dəyişirsə, bu, indiki halda yolverilməzdir.
Azərbaycanda hələ də internet qiymətlərinin yüksək olması müzakirə mövzusudur. Mövcud qiymətlərin endirilməsi imkanları haqda mütəxəssislər və hökumət rəsmiləri dəfələrlə fikir bildiriblər.
Sonuncu ciddi qiymət endirimləri ölkədə 3-4 il bundan öncə baş verib.
Qonşu ölkələrdə artıq internet qiyməti problemi, demək olar ki, aradan qaldırılıb. Ekspertlər isə zaman-zaman bildirirlər ki, Azərbaycanda internetin qiymətləri digər ölkələrlə müqayisədə yüksək olaraq qalır.
Həm dövlət rəsmiləri, həm də ekspertlər tərəfindən bu istiqamətdə dəfələrlə açıqlamalar verilsə də, son illərdə bu sahədə qiymət endirimləri müşahidə olunmur.
Qonşu dövlətlərlə Azərbaycanda təklif edilən internetin sürətini və qiymət fərqini öyrənmək üçün Xeberler.az olaraq araşdırma apardıq. Araşdırmalara görə, bəzi qonşu dövlətlərdə artıq 4, 8 Mbit/s sürətində internet təklifləri tarixə qovuşub.
Həmin qiymətlər provayderlərin saytlarında arxiv bölməsində yerləşdirilib.
2015-ci il üçün internet qiymətlərinin qonşu ölkələrlə müqayisəli təhlilini təqdim edirik.
(Az - Azərbaycan, Ru- Rusiya, Ge- Gürcüstan, Ua- Ukrayna )
4 Mbit/san sürətində (ADSL) internetin ölkələr üzrə aylıq qiyməti:
Bu sürət artıq araşdırma apardığımız ölkələrin çoxusunda istifadəçilərə təklif edilmir –tarifləri də arxivə verilib. Bizdəki qiymətlər aşaıdakı kimidir :
- Bakinternet (Az) - 30 manat
- Aztelekom (Az) - 20 manat
- Connect (Az) - 20 manat
8 Mbit/san sürətində (ADSL) internetin ölkələr üzrə aylıq qiyməti:
- Bakinternet (Az)- 60 manat
- Aztelekom (Az) - 60 manat
- Connect (Az) - 40 manat
- Caucasus Online (Ge)- 30 manat
- MTC ( Ru) ( 8 Mb/s) - 6 manat ( Bu tarif də artıq arxivdədir)
8 Mbit/san sürətində (Fiber Optik) internetin ölkələr üzrə aylıq qiyməti:
- Bakinternet (Az)- 85 manat
- Connect (Az)- 25 manat
- CityNet (Az) – 18 manat
- MTC ( Ru) ( 15 Mb/s)– 5 manat
- Caucasus Online (Ge) – 12 manat (10 Mb/s)
- Воля (Ua) ( 50 Mb/s)– 5 manat
30 - 35 Mbit/san sürətində (Fiber Optik) internetin ölkələr üzrə aylıq qiyməti:
- Bakinternet (Az)- 300 manat
- CityNet (Az) - 69 manat
- Connect (Az) - 80 manat
- MTC(Ru) - 7 manat
- Caucasus Online (Ge) – 16 manat
- Воля (Ua) – 5 manat
Mənbələr :
http://www.co.ge/ru/dslinternet/
http://volia.com/rus/internet/packages/
http://www.mts.ru/dom/gpon/other_services/arctar/
http://www.citynet.az/tarifs/
http://www.bakinter.net/packages/
http://aztelekom.net/az/content/category/12
Xeberler.az olaraq Azərbaycanda internetin qiyməti və keyfiyyət məsələsi ilə bağlı Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüzlə söhbətləşdik.
AİF prezidenti Xeberler.az-a bildirib ki, uzun müddətdir ki, ölkədə internetin qiymətində heç bir ciddi dəyişiklik baş vermir. O, İnternetin qiyməti və ona uyğun da keyfiyyətin qənaətbəxş olmadığını vurğulayıb.
“Təxminən, 3-4 il bundan öncə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) təşəbbüsü ilə internet qiymətlərində ciddi dəyişikliklər oldu. Ondan sonra vəziyyət dəyişməz olaraq qalıb. Hazırda qonşu ölkələrdəki qiymətlə Azərbaycanın internet bazarını müqayisə etsək görərik ki, ölkəmizdə internetin qiyməti ilə keyfiyyətində ciddi problemlər var. Bizdə bir neçə Mbit/s üçün ödənilən məbləğə qonşu ölkələrdə 50-100 Mbit/s əldə etmək mümkündür. Xüsusilə də ölkəmizdə fiber optik xətlə internetə qoşulmada qiymətlər kifayət qədər bahadır”.
“Özəl provayderlər qiymət endirimi etməkdə maraqlı deyillər”
Bunun səbəblərindən danışan Osman Gündüz bildirib ki, internet bazarında dövlət provayderlərinin xüsusi çəkisi var:
“İnternetin pərakəndə satış bazarına əsasən dövlət provayderləri nəzarət edir. Bakinternet, AzTelekom və AzDatakom dövlət provayderlərin internet bazarındakı toplam xüsusi çəkisi kifayət qədər yüksəkdir - təxminən 50%-dir. Və bu səbəbdən də bazardakı qiymətləri də əsasən bu provayderlər müəyyən edir. Özəl provayderlər hətta qiymət endirimi etmək istəsələr də, dövlət provayderlərindən çəkinərək bunu etməkdə maraqlı deyillər”.
Osman Gündüz provayderlərə, xüsusən də dövlət provayderlərinə RYTN tərəfindən nəzarətin yetərli olmadığı qənaətindədir.
Dövlət və özəl provayderlər uzun illərdir ki, dövlət nəzarətinin zəif olmasından istifadə edərək bazarda az xərc çəkib daha çox gəlir əldə etməklə məşğuldurlar:
“Delta Telekomun endirimindən sonra elə dövlət provayderi var ki, artıq onun gəliri bir ayda 10 milyon manatlarla ölçülə bilər . Amma bu dövlət provayderi də qiyməti endirməkdə maraqlı deyil. Və bunu heç ondan tələb edən də yoxdur. Bu dövlət provayderi isə digər rabitə xidmətlərini yüksəltmək, yeni rabitə xidmətləri təklif etməkdənsə elə hazırına nazir olaraq internetdən gələn gəlirlə digər xərclərini də ödəməklə öz işlərini davam etdirirlər.”
“Hələ də provayderlər vətəndaşları “çəkidə aldadır”.
Osman Gündüz provayderlərin vətəndaşları “çəkidə aldadılması” məsələsinə də toxunub. O hələ də bu problemin ölkədə aktual olduğunu diqqətə çatdırıb:
“İstifadəçi provayderə bəlli bir sürətə uyğun məbləğ ödəyərək müqavilə bağlayır. Evinə, ofisinə gedib İnternetə daxil olanda isə görürür ki, bu sürət əslində müqavilədə göstəriləndən xeyli aşağıdır. Necə bazardan hansısa mal alanda çəkidə aldadılma olur, həmin məsələ də elə internetdədir. Bu metodla provayderlərimiz uzun illərdir ki, böyük vəsaitlər əldə ediblər. Yəni əslində olmayan bir şeyə görə provayderlər istifadəçilərdən gəlir əldə edirlər. Hələ bir dəfə də olsa görməmişəm ki, ya RYTN , ya da İqtisadiyyat və Sənaye Nazirliyinin müvafiq şöbəsi bu məsələni araşdırıb hansısa provayderi cəzalandırsın”.
Osman Gündüz bildirib ki, əsasən ADSL qoşulma zamanı “çəkidə aldadılma” daha asan olduğundan provayderlər heç fiber optik qoşulmaya da maraq göstərmirlər:
“Delta Telecom provayderlərin aldığı internetin həcmini saytında yerləşdirib. Lakin provayderlərin bu trafiki neçə istifadəçiyə satması qaranlıq qalır. RYTN bu provayderlərin ADSL və fiber optik müştərilərinin sayı haqqında məlumatı açıqlamır.
Azərbaycan İnternet Forumunun prezidenti məsələ ilə bağlı RYTN-ə müraciət edib. Və qurumdan bunun kommersiya sirri olduğu bildirilib. Belə olan halda isə provayderə ictimai nəzarət imkanları da xeyli məhdudlaşır. Məsələn, provayder deyək ki 1Gbit/s internet alır. Əslində bu həcm bəlli sayda bir istifadəçilərə, məsələn hər bir müştəriyə 1Mbit/s götürsək maksimum 5 min nəfərə satıla bilər . Realda isə provayder bunu 10 minlərlə müştəriyə satır.
Provayderlər, o cümlədən dövlət provayderləri satdıqları internetin qiymətinin baha olmasının səbəbini həmişə olduğu kimi xərclərin xüsusən də Delta Telecom-dan aldığı internetin qiymətinin baha olması ilə izah edirlər. Onlar fiber optik internet üçün Delta Telecom-dan alınan internetin çox baha olmasından şikayətlənirlər.
“RYTN tərəfindən dövlət provayderlərinə nəzarət gücləndirilməlidir”
Bununla belə müşahidələrimiz göstərir ki, Delta Telecom tərəfindən böyük həcmdə internet alan provayderlər üçün ötən 1-2 il müddətində dəfələrlə endirimlər edilsə də, son istifadəçilər üçün bu elə də hiss edilməyib.
Belə görünür ki, əslində provayderlərimiz üçün Delta Telecom-dan az trafik almaq və bunu da “çəkidə aldadaraq” çoxlu sayda istifadəçilərə ADSL üzərindən satmaq daha çox sərf edir, nəinki fiber optikaya keçmək və ya yeni xidmətlər təklif etmək.
Osman Gündüz indiki zamanda vəziyyətdən çıxış yolu ilə bağlı fikirlərini də Xeberler.az-a bildirib.
O, RYTN tərəfindən dövlət provayderlərinə nəzarət və təsir imkanlarının gücləndirilməsini, istehlakçıların hüquqlarının qorunmasına cavabdeh olan dövlət qurumunun rolunun artırılmasını, ictimai nəzarət üçün imkanların genişləndirilməsinin zəruri olduğunu bildirib:
“Provayderlərin hesabatlılığı bərbad gündədir. Fəaliyyətləri, müştərilərin sayı və s. haqda heç bir məlumat verilmir. Dövlət provayderləri üçün bu xüsusilə yolverilməzdir. Təsəvvür edin ki, provayderin Delta Telecom-dan aldığı internetin tutumu ilə vətəndaşlara satdığı arasında dağ boyda fərq var. Bütün bunlara rəğmən provayder satdığı, yəni vətəndaşlarla bağladığı müqavilələrdə qeyd olunan böyük məbləğdən deyil, Delta Telecom-dan aldığı həcmdən vergi ödəyir. Uzun illərdir ki, bu belə də davam edir”.
“Düşünürəm ki, bu problemi tam olaraq həll etmək üçün ilk öncə bazarda dövlət provayderləri məsələsinə aydınlıq gətirilməlidir. Dövlət provayderləri özəlləşdirilməlidir”, deyə forum rəhbəri bildirib.
Osman Gündüz fiber optik internetin, keyfiyyətli mobil internetin indiki zamanda çox vacib və əhəmiyyətli oduğunu bildirib.
“Düşünürəm ki, RYTN, Delta Telecom, Aztelekom MMC və BTRİB tərəfindən fiber optik internet üçün daha münbit şərait yaradılmalı, özəl provayderlərə köməklik artırılmalıdır”.
Osman Gündüzün sözlərinə görə, son ildə Delta Telecom tərəfindən böyük həcmdə internet alanlar üçün 2 dəfə endirim olsa da, qiymətlərdə dəyişiklik baş verməyib: “Biz bunun dəfələrlə şahidi olmuşuq.
Eyni zamanda maraqlıdır ki, Delta Telecom zaman-zaman bildirir ki, ölkəyə gətirdiyi böyük həcmdə İnternet trafikdən provayderlər səmərəli istiafdə edə bilmirlər, böyük həcmdə İnternet almaq istəmirlər. Hətta hazırda provayderlərin Delta Telecom-a milyonlarla manat borcları yaranıb. Görünür elə bunun nəticəsidir ki, Delta Telecom-da İnternet biznesindən elə də gəlir götürmədiyinin fərqinə vararaq, artıq mobil xidmətlər göstərəcəyi haqqında açıqlamalar verib.
İstənilən halda düşünürəm ki, artıq bu cür biabırçı vəziyyətə son qoymağın vaxtı yetişib"
Osman Gündüz bildirib ki, Rusiyada, Ukraynada 5-10 manat olan sürətli İnternet bizdə ayda 100-300 manat arasında dəyişirsə, xüsusilə də bu dövlət provayderində belədirsə, bu indiki halda yolverilməzdir:
“Dövlət başçısı son dövrlərdəki çıxışlarında indiki böhran dövründə innovasiyalara, texnologiyalara üstünlük verilməsinin çox vacib olduğunu bildirib. Bunun üçün isə əlbəttə, ilk növbədə keyfiyyətli, sürətli internet hamı üçün əlçatan olmalıdır. Rusiyada, Ukraynada, Gürcüstanda 5-10 manat olan bu cür sürətli internet bizdə ayda 100-300 manat arasında dəyişir. Bu isə indiki halda yolverilməzdir.
“Fikrimcə hökumət, RYTN və Delta Telecom buna diqqət yetirməli, provayderlər və internet ictimaiyyəti ilə birgə bu məsələni ciddi müzakirə edib problemi həll etməlidirlər”.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri