Masallıda rabitə nə vaxt bərpa olunacaq?
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Masallıda baş vermiş partlayış nəticəsində həlak olan, yaralanan şəxslərin ailələrinə birdəfəlik yardımlar ayrılıb.
Belə ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən həlak olan şəxslərin ailələrinə 5 000 manat, xəstəxanada müalicə olunanlara 2 000 manat, xəstəxanada ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılan şəxslərə isə 1 000 manat olmaqla birdəfəlik yardım göstərilib və dəfnin təşkili üçün həlak olan şəxslərin hər birinin ailəsinə 2 000 manat, ağır xəsarət alıb tibbi müalicə alanların hər birinə 1000 manat, xəstəxanadan evə buraxılan şəxslərə isə 500 manat əlavə vəsait ayrılıb.
Digər mühüm bir məsələ rayonda telefon rabitəsinin bərpasıdır. Hazırda hadisə yerində nazirliyin böyük işçi qrupu çalışır. Artıq, beynəlxalq və mobil rabitə xidmətləri tam işlək vəziyyətdədir. Bu günün sonuna müəssisə və təşkilatlarda eləcə də, rayonun bütün kəndlərində, 5 gün müddətində isə, bütün rayon ərazisində rabitənin bərpası təmin olunacaq.