Bakcell şirkəti rouminq qiymətlərində endirim etdi
Azərbaycanda ilk mobil operator olan Bakcell şirkəti böyük məmnuniyyətlə elan edir ki, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tövsiyələrinə əsasən, Rusiya, Birləşmiş Krallıq və Türkiyənin bəzi şəbəkələri daxilində rouminq qiymətlərinə endirimlər edib. İndi Bakcell-in Klass və Gold abunəçiləri həmin ölkələrə səfər edərkən daha sərfəli tariflərlə öz ailə üzvləri, dostları və həmkarları ilə əlaqə saxlaya bilərlər. 2011-ci ilin mart ayından etibarən Bakcell Rusiya, Birləşmiş Krallıq və Türkiyənin bəzi mobil rabitə şəbəkələri daxilində rouminq zənglərinin qiymətlərini 30-40%, GPRS rouminq qiymətlərini isə 70%-ə qədər endirib. Son vaxtlarda smartfonların geniş yayılması GPRS rouminq xidmətlərin populyarlaşmasına səbəb olub. İşgüzar müştərilərə səyahətdə olarkən biznes məqsədləri ilə internetdən daha rahat istifadə imkanı yaratmaq üçün Bakcell GPRS rouming qiymətlərini də əhəmiyyətli dərəcədə aşağı salıb. Bakcell-in kommersiya direktoru cənab Krasimir Genov bu barədə deyib: “Azərbaycanın iqtisadi inkişafı və biznes əlaqələrinin genişlənməsi sayəsində bizim işgüzar müştərilərimiz xarici ölkələrə tez-tez səfərlər edirlər. Biz müştərilərimizin ən çox səfər etdikləri ölkələri müəyyən etmək üçün daim bazar araşdırmaları aparırıq. İlk olaraq biz Rusiya, Birləşmiş Krallıq və Türkiyə üçün rouminq qiymətlərini ucuzlaşdırdıq və gələcəkdə digər istiqamətlər üzrə də tarifləri endirmək niyyətindəyik”. Hal-hazırda Bakcell-in müştəriləri Avropa, Asiya, Şimali və Cənubi Amerika, Avstraliya və Afrika ölkələrində rouminq xidmətlərindən istifadə etmək imkanına malikdirlər. Bakcell şirkətinin 155 ölkənin mobil operatorları ilə rouminq müqaviləsi var. Bakcell-in GPRS rouminq xidmətləri 60 ölkədə 90 şəbəkəni əhatə edir.