Apple şirkəti Stiv Cobsun vəfat etdiyini elan edib. Şirkətin həmtəsisçisi və keçmiş icraçı direktoru cümə axşamına keçən gecə 56 yaşında vəfat edib.
S.Cobs korporasiyanın baş icraçı direktoru vəzifəsindən cari ilin avqust ayında xərçəng xəstəliyinin nadir forması ilə mübarizədən sonra getməli olub.
“Stivin şöhrəti, onun həvəs və enerjisi çoxlu sayda yeniliklərin mənbəyi olmaqla bütün həyatımızı zənginləşdirib və yaxşılaşdırıb”, Apple rəhbərliyinin yaydığı bəyanatda deyilir. “Stivin əməyi sayəsində dünya müqayisə edilməz dərəcədə yaxşılığa doğru irəliləyib”.
Stiv Cobs Apple şirkətini 1976-cı ildə Stiv Voznyak və Ronald Ueyn ilə birlikdə təsis edib. O, 1985-ci ildə korporasiyanın yüksək rəhbərliyi ilə aralarında yaranan fikir ayrılığına görə oranı tərk etməli olub, lakin 1997-ci ildə şirkətə qayıdaraq baş direktor seçilib.
2011-ci ilin avqustunda iPad və iPhone kimi nadir məhsullar hazırlayan Stiv Cobs uzun müddət davam edən ardıcıl məzuniyyətdən sonra Apple şirkətinin rəhbəri vəzifəsini tərk edib. Bununla yanaşı, о, şirkətin Direktorlar Şurasının başçısı seçilmişdi. Stiv Cobs Apple şirkətinin həmtəsisçisi olmaqla onu qlobal səviyyəyə çıxararaq yüksək texnologiyalar sahəsində lider korporasiyaya çevirib.