“Azərbaycan vətəndaşları mövcud qanunvericilik çərçivəsində öz fikirlərini istənilən məkanda, mediada, internetdə tam sərbəst ifadə edirlər. Azərbaycanda internet istifadəçilərinin sayının daim artması bunun bariz nümunəsidir. Hazırda ölkə əhalisinin təxminən 70 faizi internet istifadəçiləridir”.
Bu çıqlamanı jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov verib.
Nazir prezident İlham Əliyevin internet azadlığının və internetdən məhdudiyyətsiz istifadənin təmin olunduğunu dəfələrlə qeyd etdiyini xatırladıb: “Məhz cənab prezidentin təşəbbüsü ilə 2013-cü il “İnformasiya Kommunikasiya Texnologiyaları ili” elan edilib, İnformasiya Texnologiyaları Universitetinin yaradılması barədə sərəncam verilib. Ölkənin bütün ərazisində əhalinin genişzolaqlı İnternet xidmətlərdən istifadəsini genişləndirmək məqsədilə “Evlərə optika” layihəsi həyata keçirilir, dövlət orqanlarının göstərdiyi xidmətlərin elektronlaşdırılması sürətləndirilib.
Ölkənin gələcək inkişafı insan kapitalının inkişaf etdirilməsinə, texnoloji tərəqqinin nailiyyətlərinin mənimsənilməsinə bağlıdır. İnternetdən istifadə insanların informasiya imkanlarını və onlar arasında ünsiyyəti genişləndirir, zəruri bilgilər əldə etməsinə şərait yaradır. Azyaşlı uşaqların internetdən necə və hansı məqsədlər üçün istifadə etməsinə nəzarət isə birbaşa valideynlərinin, məktəbdə isə müəllimlərin üzərinə düşən məsuliyyətdir. Bununla bağlı Milli Məclisdə yeni bir qanunun qəbul edilməsi nəzərdə tutulmur”.
Nazir Azərbaycanda internetə girişin azad olduğunu deyib: “Hər hansı senzura tətbiq edilmir və buna heç kimin şübhəsi olmasın. Bu bizim paylaşdığımız universal dəyərlərin əsas şərtidir. Bu gün ölkədə istər bloggerlər, istər media nümayəndələri internet vasitəsilə də öz fikirlərini azad ifadə edirlər, hər hansı daxili və ya xarici informasiya resurslarının istifadəsinə məhdudiyyət qoyulmur. Azərbaycanlılar sosial şəbəkələrdə fəal iştirakı ilə seçilirlər. Bu gün təkcə “Facebook”da 1 milyondan çox azərbaycanlı istifadəçi var. Azərbaycanda internet azadlığı üçün bütün şərtlər təmin edilib. Ayrı-ayrı şəxslərin hər hansı məsələ ilə bağlı səsləndirdiyi fikirlər onların subyektiv fikridir”.
Əli Abbasov qeyd edib ki, Azərbaycan İnternetdə azadlıqların qorunması istiqamətində ölkədə və beynəlxalq aləmdə fəal iştirak edir: “Məsələn, ölkəmiz 2005-ci ildə Tunisdə keçirilən Dünya İnformasiya Cəmiyyəti Sammitində İKT-nin insan hüquqlarının və azadlıqlarının qorunmasında rolu barədə Avropa Şurasının təqdim etdiyi tövsiyələrin həmmüəlliflərindən biri olub. 2012-ci ildə Bakıda keçirilmiş İnternet İdarəçilik Forumunun 7-ci toplantısının əsas mövzulardan olan İnternet azadlığını müdafiə edən fəal dövlətlərdən biri də Azərbaycan olub. Dövlətin öz inkişaf strategiyası, uzunmüddətli hədəfləri vardır və Azərbaycanda internet azadlığının təmin edilməsi bu inkişaf strategiyasının tərkib hissəsidir”./apa/