Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorları artıq avqustun 1-dən etibarən mobil nömrələrin daşınması prosesinə başlamalıdır.
«APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib: «Qanunvericiliklə bu proses belə müəyyən olunub. Əgər təyin olunan vaxtda bu iş icra olunmasa, həmin mobil operatorları cərimə edəcəyik».
Qeyd edək ki, Azərbaycanda mobil rabitə operatorları üzrə telefon nömrələrinin abunəçinin istəyinə uyğun olaraq digər operatorun şəbəkəsinə daşınması mexanizminin tətbiqi nəzərdə tutulur. «Daşınan nömrələr» xidmətinin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər. Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. Xidmətin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə, telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu isə o deməkdir ki, abunəçinin operatoru dəyişəcəyi halda yeni nömrə almaq, köhnə nömrəsinin yaddaş kitabçasında olan nömrələri köçürmək və nömrənin dəyişməsi barədə öz yaxınlarına, biznes tərəfdaşları və həmkarlarına məlumat göndərmək zərurəti qalmayacaq. (ictnews.az)