"Nömrə daşınması" yerli mobil bazara necə təsir edəcək?!

29-08-2012 / 14:55
Son müşahidələrimdən sonra mobil operatorlarımızın “Nömrə daşınma”nın tətbiqinə hazırlaşdığını görüb, bu mövzuda yazmaq qərarına gəldim. Belə ki, bu yaxınlarda Azercell’in MNP haqqında sorğu keçirməsi, Bakcell’in və Nar Mobile-ın yeni yığım qaydalarını tətbiq etməsi “Nömrə daşınma”nın çox yaxında mümkün olacağından xəbər verir.

MNP (Mobile number portability – Nömrə daşınması) haqqında məlumatı olmayanlar üçün qısaca bilgi verim ki, MNP hazırkı 7 rəqəmli mobil nömrənizi prefikslə (050, 051, 055, 070, 077) birlikdə, abunəçisi olduğunuz mobil operatordan digərinə daşımaq imkanı yaradır. Belə ki, hamımız nömrə 050-051 ilə başlayırsa Azercell, 055 ilə başlayırsa Bakcell, 070 ilə başlayırsa da Nar Mobile-dır deyə bilirdik və “nömrə daşınması”ndan sonra bu ifadə bir növ keçmişdə qalacaq.

Hərdən abunəçisi olmadığımız mobil operatorun yeni bir tarifini ya da kampaniyasını görüb, bu fürsətdən istifadə edə bilmədiyimiz üçün ən azı bir dəfə də olsa təəssüfləndiyimiz olub. Ancaq MNP mümkün olduqdan sonra, qarşımızda belə bir məhdudiyyət qalmayacaq. İstədiyimiz vaxt gedib, nömrəmizi dəyişdirmədən başqa bir mobil operatorun abunəçisi ola biləcəyik. MNP-nin istifadəyə verildiyi ölkələrdə xidmət ödənişli yaxud da ödənişsiz əsaslarla ölkələrə görə 3-4 saatdan 1 aya qədər aktiv edilmə müddəti ilə xidmət göstərir. Hollandiya 1997-ci ildən MNP-nin ilk istifadə edildiyi ölkədir.

MNP-nin tətbiqi bazarda mövcud olan Azercell, Bakcell və Nar Mobile arasında rəqabəti gücləndirəcək və operatorları öz mövcud abunəçi bazasını saxlamaq və yeni müştərilər cəlb etmək üçün daha innovativ, cəlbedici və çeşidli xidmətlər göstərməklə fərqlilik yaratmağa sövq edəcək.

2011-ci ilin məlumatına əsasən, qonşu Türkiyə nömrə daşınmasında dünya üzrə rekordmen ölkə oldu. Belə ki, Avropada ortalama nömrə daşınması 8%, dünyada isə 10% olmasına baxmayaraq, Türkiyədə bu göstərici 40% olmuşdur. Ölkədə operatorunu dəyişdirən abunəçi sayı 41 milyonu keçmiş və hər 3 abunəçidən 2-si nömrəsini digər bir mobil operatora keçirmişdir. Hətta 30 milyondan çox abunəçi isə keçdiyi yeni operatoru da bəyənməmişdir. Nömrə daşınma sayında limit də tətbiq olunmadığı üçün, operatorunu sadəcə 1 dəfə dəyişənlərin sayı 10.912.935 çatmış, 20 dəfədən çox dəyişənlərin sayı isə 2.206 olmuşdur.

Türkiyədə MNP 2008-ci ildən istifadəyə verilib və tətbiq olunduğu ilin ilk 3 ayında Avea 134 min, Vodafone 176 min yeni abunəçi qazansa da, “Turkcell” 310 min abunəçi itirmişdir. 2011-ci ilin 3-cü rübünün statistikasında isə nömrə daşınmasında ən çox abunəçi qazanan lider operator “Avea” olsa da “Turkcell” “Numara taşımada 1 numara Turkcell” reklamını yayımlamağa başlamış, ancaq Avea-dan bu reklam filminə cavab gecikməmişdir:

Reklam filmi rəsmi statistikaya əsaslanmış, hər 3 operatorun statistik göstəriciləri “Avea”, “Diğer operatör”, “Öbür operatör” adları ilə yer almışdır. Burada “Diğer operatör” “Vodafone”, “Öbür operatör” isə Turkcell olaraq düşünülmüşdür.

Belə görünür ki, MNP-nin istifadəyə başlandığı ilk vaxtlarda mobil operatorlar arasında mübarizə daha gərgin, statistikalar isə daha qabarıq olur.

Bütün bunları nəzərə alaraq, MNP-dən sonra bizim mobil operatorlar arasında vəziyyətin necə dəyişə biləcəyini təxmin etmək üçün, operatorların zəng tariflərinə nəzər yetirdim. Belə ki, göstəriciləri fakturasız xətt abunəçilərinin çoxluğunu nəzərə alaraq, mobil operatorların bu kateqoriya üzrə şəbəkədaxili və şəbəkəxarici təqdim etdiyi tariflərə əsasən müqayisə etməyə çalışdım.

Hazırda fakturasız xətt abunəçilərinə zənglər üçün Azercell hər yönə 10 qəp., Bakcell 7 qəp., NarMobile isə 4 qəp.-lik tariflər təqdim edirlər.Diqqət etsək hər 3 mobil operatorun tarifləri arasında sadəcə 3 qəpiklik  fərq var.

Ümumilikdə zəng, data və digər xidmətlər üzrə tariflərin müqayisəsini, əhatə dairəsi üzrə infrastrukturun keyfiyyətini, müştəri xidmətlərinin operativliyi üzrə qarşılaşdırmaları nəzərə alaraq bu nəticəyə gəldim ki, hər 3 mobil operator göstərdikləri xidmətlərin keyfiyyətinə görə də qiymət fərqləri müəyyən ediblər.

Hər bir halda böyük bir müştəri kütləsinin operator seçimində qərar verməsi üçün zəng tarifləri ən başlıca amildir. Bu səbəblə də təxmin edirəm ki, MNP-nin tətbiqinə qədər tariflərində böyük dəyişikliklər etmədiyi təqdirdə ən böyük abunəçi itkisi Azercell’dən ola bilər. İtirilən bu abunəçilərin isə Bakcell və NarMobile arasında bölüşdürüləcəyini ehtimal edib, ən çox abunəçi qazanan operatorun isə Bakcell olacağını düşünürəm.

Əlbəttə, MNP üçün hər 3 mobil operatorun fərqli qiymət və marketing strategiyası olacaqdır ki, bu da təxmin etdiyim vəziyyətin tamam başqa yöndə dəyişməsinə səbəb ola bilər.

Ayaz Quliyev, mobiz.az
27.08.2012


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə