Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) üzrə 2013-cü ilin II rübündə reyestrdən 43 bank və 24 BOKT istifadə edib. Dövr ərzində reyestrdə 988,367, o cümlədən banklar və BOKT-lər tərəfindən 986,009 sorğu həyata keçirilib.
“ICTnews” elektron xəbər xidmətinə məlumat verən Mərkəzi Bankdan (MB) bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə MKR-ə edilən sorğuların sayı (II rüb, 2012–379,246) 2.6 dəfə artıb. Özləri haqqında MKR-də olan məlumatları əldə etmək məqsədilə 2,358 şəxs ( II rüb, 2012 – 904) MKR xidmətinə müraciət edib: “Dövrün sonunda MKR-də haqqında məlumat toplanmış borcalanların sayı 1,741,989, kredit məlumatlarının sayı 5,286,016, cəmi zaminlərin sayı isə 632,252 olub. Bildirək ki, tam ödənilmiş kreditlər haqqında məlumatlar, habelə həmin məlumatların aid olduğu borcalanlar və zaminlər də statistikaya daxildir”.
Qeyd edək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri 2005-ci ildə Mərkəzi Bankda yaradılıb. MKR-də ölkənin bank sektorunda kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərin məbləğindən asılı olmayaraq bütün kreditləri haqqında məlumatlar toplanılır.
Bu məlumatlardan istifadə hüququ kredit üçün müraciət edən tərəfi qiymətləndirmək məqsədilə yalnız banklara və haqqında məlumat toplanmış borcalanlara məxsusdur. 1 fevral 2011-ci il tarixindən bank olmayan kredit təşkilatlarının da MKR-ə qoşulmasını nəzərdə tutan “MKR haqqında” qaydalara əlavə və dəyişikliklər qüvvəyə minib. MKR bankların və “Bank olmayan kredit təşkilatları haqqında” qanunla müəyyən edilmiş bank olmayan kredit təşkilatlarının (BOKT), cari və potensial borcalanları haqqında etibarlı məlumatlar almaq, borcalanları bazar intizamına, borcalma nüfuzunun qorunmasına təşviq etmək və bankların və BOKT-lərin kredit risklərini azaltmaq məqsədilə yaradılıb. Reyestrdə borcalanların həm aktiv, həm də tam ödənilmiş kreditləri haqqında məlumatlar saxlanılır.
Həqiqət İSABALAYEVA