"Milli Strategiya ilə bağlı dövlət proqramı hazırlanmalıdır"

04-04-2014 / 16:13

 “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün qəbul edilən Milli Strategiya yaxın 6-7 illik dövrdə ölkəmizin informasiya cəmiyyətinin formalaşması üçün hədəfləri müəyyənləşdirib”. Bunu SİA-ya açıqlamasında Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, qəbul olunan sənəd konseptual baxımdan kifayət qədər əhəmiyyətlidir: “Azərbaycanda informasiya cəmiyyətinin inkişafı sahəsində 2003/2012-ci illəri əhatə edən belə bir sənəd qəbul olunub. Yeni təsdiqlənən Milli Strategiya isə 2020-ci ilə qədər olan dövr üçün informasiya cəmiyyətinin formalaşmasında əldə olunacaq uğurların keyfiyyəti baxımından kifayət qədər əhəmiyyətlidir. Sənəddə informasiya cəmiyyətinin formalaşması istiqamətləri prioritet məsələlərdir. Burada yüksək texnologiyalarla bağlı əsas istiqamət öz əksini tapıb ki, bu da ölkəmizdə qarşıdakı illər ərzində yüksək texnologiyaların inkişafına diqqət yetirilməsinə şərait yaradacaq. Strategiyada digər əsas məsələ informasiya cəmiyyətinin inkişafında normal, azad rəqabət mühitinin formalaşmasıdır. Məhz bu məsələ informasiya cəmiyyətinin daha çevik, effektiv və beynəlxalq normalara uyğun şəkildə formalaşmasına yardım edəcək. Burada xüsusi diqqət yetirilən məqamlardan biri də informasiya təhlükəsizliyi ilə bağlıdır. Müasir dövrdə bu məsələ mühüm əhəmiyyət kəsb edən faktorlardan biridir”.

Osman Gündüz bildirib ki, sənədin icrasının yekununda cəmiyyətin bütün sahələrinin, dövlət, özəl, biznes, səhiyyə, təhsil sektorlarının internetə inteqrasiyasının şahidi olacağıq: “Belə ki, informasiya cəmiyyətində vətəndaşların dövlət strukturları ilə əlaqələri fərqli, yeni texnologiyalar vasitəsilə çevik, effektiv və daha rahat formada qurulacaq. Bu baxımdan da növbəti illərdə daha “açıq”, elektron hökumətin təşkil olunması, xidmətilərin tamamilə elektronlaşdırılması və vətəndaşların bu xidmətlərdən asanlıqla istifadə etməsi üçün lazımi mühitin yaradılması gözlənilir”.

Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin ölkə rəhbəri tərəfindən Milli Strategiyanın koordinatoru kimi qəbul edildiyini diqqətə çatdıran AİF prezidenti deyib ki, nazirlik dövlət qurumları, vətəndaş cəmiyyəti və özəl sektordan ibarət işçi qrupu formalaşdırmalıdır: “Bu qrup Milli Strategiyadakı müddəaların həyata keçirilməsi üçün dövlət proqramının hazırlanmasını həyata keçirməlidir. Yaxın vaxtlarda qəbul olunan sənədlə bağlı dövlət proqramı layihəsinin tərtib olunacağı gözlənilir. Dövlət proqramında isə elektron hökumətin qurulması, informasiya təhlükəsizliyinin qorunması, yüksək texnologiyaların inkişafı və digər məsələləri əhatə edəcək konkret müddəalar qeyd olunacaq, onlarla bağlı keçiriləcək tədbirlər müəyyənləşəcək”(SIA)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə