Prezident İlham Əliyevin fərmanı ilə bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə sənədi təsdiqlənib. Fərmana əsasən, bundan sonra Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin 3 müavini olacaq.
Belə ki, bundan sonra rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini və iki müavini olacaq. Onların hər üçü Azərbaycan Respublikasının prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
Əsasnaməyə əsasən, nazir öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını birinci müavininə və ya müavinlərindən birinə tapşıra bilər.
Qeyd edək ki, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovdur. Onun hazırda iki müavini var: İltimas Məmmədov və Elmir Vəlizadə. Hələ ki, yeni sənədə əsasən hər hansı bir təyinat yoxdur.
Prezidentin fərmanına nazirliyin strukturu ilə bağlı əlavəni təqdim edirik:
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir.
Əlavə 2
1. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparatı (şöbələr və sektorlar).
2. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu.
3. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi.