“Azərbaycanda distant təhsilin inkişaf strategiyaları hazırlanmalı, hüquqi normativ baza yaradılmalıdır”.
Distant təhsil -öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə müəyyən məsafədən həyata keçirən təlim sistemidir. Son illər distant təhsilə təhsil forması kimi yox, daha çox təhsil texnologiyası kimi baxılır. Distant təhsil müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və ya ikinci ali təhsil almaq arzusunda olan şəxslərə daha əlverişli imkanlar yaradır.
Distant təhsillə bağlı suallarımızı Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İKT, Monitorinq və Qiymətləndirilmə Mərkəzi”nin direktoru, dosent İlham Əhmədov cavablandırır.
- Distant təhsil formasının özəllikləri nədən ibarətdir?
- Əvvəlcə təhsilimizdə olan real vəziyyətə diqqət yetirmək istəyirəm, çünki virtual təhsil, distant təhsil real təhsilin nailiyyətləri üzərində qurulur, real təhsili zəif olan ölkədə virtual təhsil də zəif olacaqdır.
Faktiki olaraq aparılan “ təhsil islahatları” nəticəsində təhsildə tənəzzül baş verib. Təhsilimizdə belə ciddi problemlərin olduğu şəraitdə təhsilin informasiyalaşması (o cümlədən distant təhsilin yaradılması) xeyli əlavə çətinliklər yaradır.
İnformasiya cəmiyyətində yaşayırıq. İnformasiya cəmiyyətinin təhsili isə informasiya təhsil mühitində, informasiya texnologiyaları vasitəsi ilə reallaşır. Lakin yeni cəmiyyətin tələblərinə təhsildə keçid inqilabı üsullarla deyil, təkamül yolu ilə olmalıdır. Ümummilli lider H.Əliyevin söylədiyi kimi, “…təhsildə inqilab mümkün deyil, ancaq islahat yolu irəliləmək olar”.
Distant təhsil öz texniki və didaktik imkanlarına görə ənənəvi ( klassik) təhsili bir çox sahələrdə ötüb. Distant təhsil -öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə müəyyən məsafədən həyata keçirən təlim sistemidir. Son illər distant təhsilə, təhsil forması kimi yox, daha çox təhsil texnologiyası kimi baxılır. Distant təhsil müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və ya ikinci ali təhsil almaq arzusunda olan şəxslərə daha əlverişli imkanlar yaradır.
- Distant təhsil texnologiyasının tətbiqi zamanı tədris proqramları necə həyata keçirilir?
- Təhsil proqramları ənənəvi təhsildə hansı məzmundadırsa (bu məzmun dövlət təhsil standartları ilə müəyyən olunur), distant təhsildə də tədris eyni məzmunda həyata keçirilir. Distant təhsili ənənəvi təhsildən fərqləndirən əsas amil burada ünsiyyətin İnternet üzərindən həyata keçirilməsidir. Bu əlaqə sinxron və asinxron ola bilər.
Distant təhsil proqram-texniki baxımdan müəyyən bir platforma üzərindən həyata keçirilir. Bu platforma xüsusi proqram kompleksidir. Orada distant təhsilin proqram təminatına, servislərə, distant təhsil portalına, faylların mübadiləsinə və s. tələblər, standartlar şərh edilir.
Təhsilin məzmun standartlarından əlavə proqram və texniki təminatın standartları da rol oynayır. Həmçinin kompüterin interaktivlik, fərdi yanaşma, əyanilik kimi imkanları da rol oynayır. Təlim alan şəxs istənilən şəraitdə, fərdi qaydada öz kompüteri vasitəsi ilə tədris planındakı ardıcıllıqla fənnləri müstəqil şəkildə mənimsəyir. Buradakı mühazirə materialları mətn, audio, video və interaktiv formada ola bilər. Hər məşğələnin sonunda tələbənin öyrəndikləri məzmun elektron test üsulu ilə qiymətləndirilir. Həmçinin, təlim statistikası dəqiqliklə aparılır. Bu statistik məlumatlara virtual universitetin hazırda neçə tələbəsinin onlayn olaraq universitetin portalında tədris materialını öyrənməsi, hər tələbənin gün ərzində neçə saat məşğul olması, hansı fənnlərə daha çox üstünlük verməsi, testin neçə faizinin düzgün cavablandırması və s. daxildir. Yəni, burada statistika çox ətraflı şəkildə təqdim edilir.
Distant universitetlər öz potensialı ilə kifayətlənmir. Qısa zamanda dünya universitetlərində hansı nailiyyətlər var - mühazirə mətnlərini, dərslikləri, multimediya materialları universitetlər öz aralarında əlaqə yaradaraq mübadilə edə bilərlər, müəllif hüququ qorunmaqla öz portallarında yerləşdirə bilərlər.
- Hazırda təhsilin distant forması hansı universitetlərimizdə tətbiq olunur ?
- Bildiyiniz kimi, ölkəmizdə 1999-cu ildən başlayaraq təhsil islahatları həyata keçirilir. İqtisadiyyat Universitetində distant təhsillə əlaqədar bir sıra işlər görüldü. Belə ki, əlavə təhsil alan müdavimlərin təlimində distant təhsil texnologiyası elementlərindən istifadə edərək müvafiq xidmət göstərilməyə başlanıldı.
Distant təhsil sisteminin yaradılması ölkə səviyyəli problemdir, bunu bir universitetin gücü ilə həll etmək mümkün deyil. Bunun üçün Azərbaycanda distant təhsilin inkişaf strategiyaları hazırlanmalı, hüquqi normativ baza yaradılmalıdır. İlk öncə universitetlərdə distant təhsili həyata keçirə bilən komanda hazırlanmalı idi. Təəssüf ki, nazirlik səviyyəsində bu istiqamətdə zəruri işlər görülmədi və İqtisadiyyat Universitetində başlanan təşəbbüs sonadək tam reallaşa bilmədi. Bu səbəbdən İqtisadiyyat Universitetində 10 ildən uzun müddətdə fəaliyyət göstərən distant təhsil sistemi hələ də beynəlxalq standartlara çata bilməyib. Azərbaycanın digər universitetlərində distant təhsil texnologiyasının tətbiqi ilə əlaqəli hər hansı işlər aparılmır.
- Bizdə hazırda distant formada xarici universitetlərdə təhsil alanlar varmı?
-Respublikadan kənarda distant texnologiyalar əsasında təhsil alan gənclərimizin sayı kifayət qədərdir. Onlar Avropanın, Amerikanın, Asiyanın universitetlərində distant təhsil alırlar. Gənclərimizin çoxu Rusiya və Türkiyə universitetlərində distant təhsilə üstünlük verirlər. Hesab edirəm ki, distant texnologiyalar əsasında xaricdə təhsil almaq daha yaxşıdır, nəinki, əyani təhsil almaq. Bu vətəndaşlara iqtisadi baxımdan sərfəlidir. Digər tərəfdən distant təhsil prosesi tələbəni müasir informasiya cəmiyyətində yaşamağa və işləməyə daha yaxşı hazırlayır, nəinki qiyabi və ya əyani təhsil. Bir sıra ölkələrdə işəgötürənlər distant məzunları işə daha həvəslə qəbul edirlər, çünki onlar rəqəmsal iqtisadiyyata daha yaxşı hazırlaşıblar.
Gənclərimizin xaricdə distant təhsil alması bizim milli universitetləri də müəyyən qədər rəqabətə dəvət edir. Artıq təhsil bazarı qlobal xarakter daşıyır. Təəssüf ki, bizim universitetlər bu rəqabətə hazır deyillər. Onlayn təhsil genişləndikcə bizim gənclər arasında bu universitetlərə virtual axın artacaq. Bunun qarşısını qadağalarla, süni maneələrlə almaq mümkün olmayacaqdır. Oxford, Harvard, Stenford, MİT kimi tanınmış universitetlər onlayn, açıq kurslar vasitəsi ilə pulsuz təhsilə keçirlər, belə getsə universitetlərimizin auditoriyalarında tələbələr xeyli azalacaq.
Futuroloqlar yazırlar ki, yaxın gələcəyin universitetləri və məktəbləri serverlərdə yerləşəcək, virtual formada işləyəcək, onların heç bir binası , divarları olmayacaq. Google şirkəti bir milyard tələbəni əhatə edə bilən virtual universitet layihəsi üzərində işləyir, bu universitet bütün ölkələri əhatə edəcəkdir. Analoji layihələr digər şirkətlərdə də reallaşır.
- Azərbaycan universitetlərində distant təhsilə keçid mümkündürmü?
- İKT sahəsində özümüzün xeyli uğurlarımız var, kosmik dövlətik, ölkəmizdə ASAN xidmət kimi mütərəqqi bir ideya həyata keçirilib. Bu sadaladıqlarım göstərir ki, istəyimiz olanda nailiyyət əldə edə bilərik. Artıq bütün dünya distant təhsildən istifadə edir. Dünya xəritəsini göz önünə gətirsək, az sayda ölkənin bu təhsil texnologiyasına keçmədiyini görə bilərik. Müşahidələrimə əsasən deyə bilərəm ki, bəzi universitetlərin rektorları 4-5 il əvvəl öz müsahibələrində qeyd edirdilər ki, onların universitetlərində yaxın zamanlarda qiyabi təhsil distant təhsillə əvəz olunacaq. Hətta bu keçidin 2015-ci ildə baş tutacağını da bildirirdilər. İndi 2015-ci ilin yarısı keçib, amma hələ ki, nəticə yoxdur. Bu ciddi məsələdir, bunun üçün peşəkar komanda, həm xeyli vaxt, həm də güclü investisiya lazımdır. Bizdə bu resursların heç biri universitetlərdə yoxdur.
- İlk növbədə hansı addımlar atılmalıdır ?
Distant təhsilin yaradılması üçün güclü elektron kitabxana sistemi lazımdır. Tədris planında olan bütün fənlər üzrə elektron dərsliklər hazırlanmalıdır. Professor-müəllim heyətinin hamısının uzunmüddətli, sistemli təkmilləşdirmə kursu keçməsi zəruridir. Yüksək səviyyəli texniki avadanlıqlarla təminat problemi həll olunmalıdır və mütəmadi olaraq bu sistem zənginləşdirilməlidir.
5 il bundan öncə Azərbaycan Dövlət Pedoqoji Universitetində 3 ixtisas üzrə qiyabi təhsili distant texnologiyalar əsasında qurmaqla əlaqəli bir layihə üzərində işlədik, layihəni təhsil nazirliyinə təqdim etdik. Gözlənilən standart cavab aldıq: “Layihəyə maliyyə dəstəyi verə bilməyəcəyik. Daxili imkanlarınızla icra edin”. Amma distant təhsil formasına keçid universitetin öz imkanları hesabına başa gələ biləcək məsələ deyil.
- Distant təhsil formasına keçid üçün nə qədər maliyyə tələb olunur?
-Ekspertlər bildirirlər ki, 10. 000 nəfər tələbəsi olan universitetdə beynəlxalq standartlara cavab verən distant təhsil sisteminin yaradılması üçün 5-10 il vaxt (universitetin səviyyəsindən asılı olaraq) , 30-50 milyon dollar pul lazım ola bilər. Bu rəqəm bizim ölkədə daha az ola bilər. Hesab edirəm ki, distant təhsilin yaradılması üzrə ölkəmizdə bəzi universitetlərdə müəyyən ixtisaslar üzrə pilot layihələr hazırlayıb həyata keçirməyin zamanı çoxdan yetmişdir.
- Təhsilin hansı pilləsində distant təhsil səmərəli hesab olunur?
Əgər texnologiyalar və təlim metodu tələbə və müəllimin məqsədləri və imkanlarına cavab verirsə, distant təhsil ənənəvi təhsil forması qədər, bəlkə də bir az artıq səviyyədə səmərəli ola bilər. Dünyada distant təhsilin imkanları getdikcə sürətlə artır. Bir çox təhsil müəssisələri və treninq mərkəzləri fəal şəkildə məktəbdə eksternat təhsildən başlamış ali təhsilə və MBA-ya qədər bütün səviyyələrdə distant təhsil kursları təşkil edirlər.
Hazırda hətta pulsuz xeyli distant kurslar fəaliyyət göstərir. Fikrimcə ölkəmizdə ixtisasartırma və təkmilləşdirmə kurslarını distant texnologiyalar əsasında təşkil etmək olar, bu həm daha asan, həm də maliyyə cəhətdən daha sərfəli olar. Təəssüf ki, ölkəmizdə heç bir nazirlikdə korporativ təhsil sistemi inkişaf etməyib, bu insan kapitalı və kadrların diplomdansonrakı fasiləsiz təhsil sisteminin zəif durumda olmasını göstərir. Korporativ təhsil sistemi bu gün bütün dünyada distant texnologiyalar əsasında fəaliyyət göstərir. Biz belə distant korporativ təhsil sisteminin (korporativ virtual universitetin) yaradılması təşəbbüsü ilə bir neçə nazirliyə təkliflər verdik, amma onlarda bu ideyaya maraq olmadı.
-Distant təhsil daha çox kimləri cəlb edə bilər?
-Bakalavr, magistr, doktorantura pillələrində təhsil almaqla yanaşı, daim inkişafa həvəs edən kadrların fasiləsiz təkmilləşdirilməsi üçün , əlavə ali təhsil almaq istəyən insanlar üçün, evdar qadınlar üçün, müəyyən fiziki qüsurlarla əlaqəli cəmiyyətdən qismən təcrid olunmuş, lakin fəal həyata qoşulmaq üçün bilikləri az olan insanlar üçün, məhbus həyatı yaşayanlar üçün v.s. kateqoriyadan olan vətəndaşlarımız üçün distant təhsil maraqlı ola bilər. Amma istənilən təhsil forması kimi distant təhsilin də həm müsbət, həm də mənfi cəhətləri var.
- Distant təhsilin müsbət cəhətləri hansılardır?
- Müsbət cəhətləri distant təhsil proqramları ənənəvi sistem üzrə aparılan analoji təhsil kurslarından xeyli ucuzdur. Bundan əlavə, vaxtın çox hissəsini tələbələr müstəqil şəkildə məşğul olurlar, müəllimlər eyni zamanda daha çox tələbəni öyrədə bilərlər, bunun da sayəsində distant təhsilin qiyməti münasib olur . Distant texnologiyalar təhsili hamı üçün əlçatan edir. Distant təhsil insanın utancaqlıq və auditoriya qarşısında çıxış etmək fobiyası kimi kommunikasiya keyfiyyətləri ilə bağlı psixoloji maneələri dəf etməyə imkan verir. Distant təhsil mobildir və deməli, tələbənin daim aktual məsələlərə çıxışı olur. Bunun üçün sadəcə İnternet lazımdır.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri