Müsabiqədə İnformasiya Cəmiyyətindən, elektron hökumət quruculuğundan yazan, elektron xidmətlərin hazırlanması və tətbiq edilməsi prosesini araşdıran, ümumiyyətlə İKT-nin müxtəlif sahələrdə tətbiqindən yazan jurnalistlər və bloqçular iştirak edib. Eyni zamanda ilk dəfə olaraq müsabiqəyə Twitter mikrobloqundan aktiv istifadə edən mikrobloqçular da qoşulub.
Müsabiqəyə onlayn media qurumlarında dərc olunmuş 30 məqalə təqdim edilib. Həmçinin 52 mikrobloqçu qabaqcadan müəyyən olunan #ehokumet və #etehsil həştəqləri ilə elektron hökumət quruculuğu və elektron təhsillə bağlı məlumatlar paylaşıblar.
Hazırda yazıların və tvitlərin münsiflər heyəti tərəfindən qiymətləndirilməsinə başlanıb. Münsiflər heyəti İKT və media sahəsinin tanınmış ekspertlərindən ibarət olmaqla Multimedia Mərkəzi tərəfindən formalaşdırılıb. Qiymətləndirmə prosesi dekabrın 9 -dək davam edəcək.
Müsabiqənin yekun nəticələrinin elan olunması və mükafatlandırılma mərasiminin
11 dekabrda keçirilməsi nəzərdə tutulub. Qaliblər və fərqlənənlər qiymətli hədiyyələrlə ( planşetlər, smartfonlar, netbuklar və s.) mükafatlandırılacaqlar.
2006-cı ildən başlayaraq hər il keçirilən bu layihənin və müsabiqənin məqsədi ölkədə informasiya cəmiyyəti quruculuğuna dəstək vermək, bu ideyanı daha da populyarlaşdırmaq, İKT-dən yazan jurnalistlərin peşəkarlığının artırılmasına dəstək vermək , İKT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.
Müsabiqə haqqında, yazıların mövzuları, qiymətləndirmə meyarları, münsiflərin tərkibi ilə bağlı daha geniş məlumatı
www.telim.org saytından əldə etmək olar.
Layihə RİTN –in dəstəyi və Nar Mobile- in Baş sponsorluğu ilə keçirilir.