Xəbərlər milli İnternet resurslarımızın üzə çıxarılması, tanıdılması və populyarlaşdırılması məqsədilə “Milli Saytlar” rubrikasına başlayır. İlk öncə Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan Azərbaycanın Qarabağ bölgəsinə, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına, Qarabağın maddi-mədəni irsinin təbliğinə yönələn milli İnternet resurslarımızın bir qismi haqqında qısa məlumatı sizə təqdim edirik.
Qam.az Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin rəsmi internet saytıdır. Resurs Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun və obyektiv şəkildə çatdırılması, eləcə də bu sahədə çalışacaq alimlər və mütəxəssislər üçün elmi mərkəz kimi Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Qarabağ tarixinin, mədəniyyətinin araşdırılmasını qarşısına məqsəd qoyub.
Karabakhinfo.com saytı 2012-ci ilin sentyabr ayından fəaliyyət göstərir.
Karabakhinfo.com beynəlxalq elektron jurnalının yaradılmasında məqsəd Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, yerli və beynəlxalq ekspertlərin fikirlərini oxucularla paylaşmaqdır. Saytın on dildə (Azərbaycan ,ingilis, erməni, alman, rus, türk, ispan, italiyan, fransız və ərəb) təqdimatı onun beynəlxalq səviyyədə geniş istifadə imkanlarını təmin edir.
Garabagh.net saytı 2012-ci ildə İlham Abduyevin rəhbərliyi ilə yaradılıb. Saytda hazırda işğal altında olan Qarabağ bölgəsinin qədimdən bu günə kimi tarixinə, işğal olunan torpaqlara, Qarabağ münaqişəsinin beynəlxalq məhkəmələrdə həllinə, bu müharibədən əziyyət çəkən insanların həyatına və s. həsr olunmuş yazılar dərc olunub.
Karabakh.az saytının məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə və Dağlıq Qarabağdan didərgin düşmüş əhalinin öz doğma torpaqlarına qayıtmasına kömək göstərməkdir.
Qaziler.az saytı “Qarabağ qazilər” birliyinin xəbər portalıdır. Saytda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanıb əlil olanların, şəhid olanların, onların ailə üzvlərinin, o cümlədən müharibə veteranlarının problemləri, onların döyüş və həyat yolu haqqında geniş məlumatlar, dövlətin bu qəbildən olan insanlara aid gördüyü işlər haqqında mütəmadi və sistemli xəbərlər yer alır.
justiceforkhojaly.org "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası ( Justice for Khojaly). Burada Xocalı soyqırımı haqqında həqiqətlər, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət öz əksini tapıb. "Xocalıya ədalət" beynəlxalq kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanıb.
1905.az saytında ermənilərin tarix boyu Azərbaycan bölgələrinə köçürülməsi, azərbaycanlıların məruz qaldığı soyqırımlar, tarixi Azərbaycan torpaqlarında erməni dövlətinin yaranması, soydaşlarımızın əzəli torpaqlarından deportasiya edilmələri haqqında müxtəlif dillərdə geniş məlumatlar yerləşdirilib.
Xankendi.az saytında Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş torpaqlarından biri olan Xankəndinin tarixi, keçmişi və bugünü haqqında yazılar qeydə alınıb.
Shusha.az saytında Ermənistan silahlı bölmələri tərəfindən işğal olunmuş Şuşa şəhərinin tarixi haqqında məlumatlar yerləşdirilib.
Xocalininsesi.info saytında 1992-ci il fevralın 26-da ermənilər tərəfindən işğal olunan Xocalı rayonunun tarixi, düşmənlə mübarizəsi, müharibə zamanı şəhid olan vətəndaşların siyahısı və s. qeyd olunub.
26fevral.az- saytında 1992-ci il fevralın 26-da Azərbaycanın əzəli torpaqlarından biri olan Xocalının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından, hücum nəticəsində Xocalı sakinlərinin üzləşdiyi amansız faciədən, bu faciənin qurbanlarının acı xatirəsindən bəhs edilir.
Yknews.az - Qarabağ haqqında gündəlik informasiya saytıdır.
Fact-info.az (Fakt Azərbaycan) analitik və xəbər portalına Azərbaycan, ingilis dilləri ilə bərabər rus dili versiyası da əlavə olunub. Materiallar gündəlik olaraq yenilənməkdədir. Səhifədə Qarabağın və ümumilikdə Azərbaycanın tarixi, mədəniyyəti, dəyərləri haqqında analitik yazılara, müsahibələrə və müasir gündəmlə bağlı xəbərlərə yer verilir. Dağlıq Qarabağın dünəni və bu gününə həsr olunan məlumatların toplanması və bu sahədə tədqiqatların aparılması davam edir.
Avrasiya.net Avrasiya İnformasiya Agentliyi 2012-ci ilin aprelində yaradılıb və gün ərzində yenilənir. Saytda daha çox dünyaya Azərbaycan həqiqətlərinin yayılması və erməni işğalçılarını ifşa edən informasiyalara üstünlük verilir.
Azerbaycanli.org-sayt Azərbaycanın tarixi, bu günü, siyasi, iqtisadi, mədəni inkişafı, ölkəmizin dünyaya inteqrasiyası, Qarabağ problemi, azərbaycanlı diasporu haqqında ən çeşidli məlumatları əks etdirən, azərbaycançılığın dünya azərbaycanlılarını birləşdirən ideya və Azərbaycanı dünyaya tanıdan milli-mənəvi irs olaraq öyrənilməsi və təbliğinə həsr olunmuş elektron-məlumat bazası kimi nəzərdə tutulub.
Lacin.info saytında erməni daşnakları tərəfindən işğal olunan Laçın rayonu, ümumilikdə Dağlıq Qarabağ haqqında xəbərlər, məqalələr yerləşdirilib.
Refugees-idps-committee.gov.az- Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin saytıdır.
Ramilsafarov.info saytında Azərbaycanın qəhrəman oğlu Ramil Səfərovun həyatı, vətən uğrunda göstərdiyi xidmətlərlə yanaşı, düşmən tapdağı altında olan Dağlıq Qarabağ haqqında məlumatlar vardır.
Fuzuli.ucoz.com saytında işğal altında olan Füzuli rayonu, sakinləri, qəhrəmanlıq səhifələri, qəsəbə və kəndləri,sosial-iqtisadi vəziyyəti, dünəndən bu günə mədəniyyəti haqqında məlumatlar vardır.
Therealstoriesofkarabakh.com saytında Qarabağ həqiqətləri, işğal olunmuş ərazilərimiz haqqında multimedia məlumatlar yer alıb.
Ruhəngiz Muradova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri