Aztelekom MMC işğaldan azad edilmiş ərazilərdə rabitə və internet xidmətlərinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Xeberler.az məlumat verir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumilikdə 8 905 abunəçi (8 422 ev təsərrüfatı və 483 biznes subyekti) telekommunikasiya şəbəkəsinə qoşulub.
2026-cı ilin yanvar–mart aylarında həyata keçirilən işlər nəticəsində bu göstərici daha da artaraq 1 394 yeni abunəçinin (1 323 ev təsərrüfatı və 71 biznes subyekti) xidmətlərə qoşulması ilə genişlənib.
Hesabat dövründə azad edilmiş ərazilərdə yerləşən 9 şəhər mərkəzi, 29 kənd və qəsəbədə yeni abunəçilərin yüksəksürətli internet və telefoniya xidmətlərinə çıxışı təmin edilib.
Qeyd olunub ki, həyata keçirilən tədbirlər bölgədə rabitə infrastrukturunun genişləndirilməsinə və əhalinin rəqəmsal xidmətlərə çıxış imkanlarının artırılmasına yönəlib.