Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz NVIDIA ilə “Azerconnect Group” arasında imzalanan tərəfdaşlıq müqaviləsini ölkənin rəqəmsal inkişaf gündəmi baxımından strateji əhəmiyyətli hadisə kimi qiymətləndirib.
Xeberler.az bildirir ki, ekspertin sözlərinə görə, dünyanın aparıcı texnologiya şirkətlərindən birinin Azərbaycan bazarında yerli tərəfdaş seçməsi ölkənin texnologiya sektoruna və biznes mühitinə marağın artdığını göstərir. Onun sözlərinə görə, indiyədək ölkədə NVIDIA GPU-ları əsasında superkompüter layihələri həyata keçirilsə də, bu əməkdaşlıqlar əsasən texnoloji həll və avadanlıq səviyyəsində olub. Yeni razılaşma isə birbaşa korporativ tərəfdaşlıq və gələcək strateji layihələri əhatə edir.
Bildirilib ki, ilkin mərhələdə GeForce NOW xidmətinin təqdim olunması planlaşdırılır. Bu xidmət istifadəçilərə yüksək performanslı kompüterə ehtiyac olmadan oyunları bulud üzərindən oynamaq imkanı yaradır. Bu isə öz növbəsində ölkədə bulud texnologiyalarına marağın artmasına, rəqəmsal əyləncə bazarının genişlənməsinə və yüksək sürətli internetə tələbatın yüksəlməsinə səbəb ola bilər.
Ekspert gələcək perspektivlərə də diqqət çəkərək bildirib ki, əməkdaşlıq çərçivəsində süni intellekt əsaslı şəbəkələr, 6G infrastrukturu və AI data mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bu istiqamətlər reallaşacağı təqdirdə, Azərbaycan region üzrə rəqəmsal infrastruktur və hesablama gücü təqdim edən mərkəzə çevrilə bilər.
Xatırladılıb ki, İlham Əliyev daha əvvəlki çıxışlarında ölkədə data mərkəzlərinin qurulması və süni intellektin inkişafına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Həmçinin, ötən ilin sonunda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev NVIDIA rəhbərliyi ilə görüş keçirərək süni intellekt və yüksək hesablama texnologiyaları sahəsində əməkdaşlıq imkanlarını müzakirə etmişdi.
Osman Gündüz hesab edir ki, bu razılaşma təsadüfi deyil və ölkədə son dövrlərdə formalaşan strateji xəttin davamıdır. Bununla yanaşı, o vurğulayıb ki, regionda rəqabət artıq yalnız xidmət satışı ilə məhdudlaşmır, süni intellekt infrastrukturu və iri texnoloji investisiyalar uğrunda mübarizə güclənir.
Ekspertin fikrincə, Ermənistan, Qazaxıstan və Özbəkistanda da bu istiqamətdə son dövrlərdə atılan addımlar rəqabətin artdığını göstərir. Bu baxımdan, “Azerconnect Group”un əldə etdiyi nəticə yekun deyil, daha böyük və iddialı mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir.
Sonda qeyd olunub ki, əsas məsələ imzalanan razılaşmaların real layihələrə çevrilməsidir.