Selçuk Bayraktar "TEKNOFEST Azərbaycan"la bağlı mətbuat konfransına qatılıb

07-02-2022 / 10:26

Bu ilin 26-29 may tarixlərində ilk dəfə olaraq Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına dair mətbuat konfransı keçirilib.

Xeberler.az məlumat verir ki, mətbuat konfransında Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) rəhbəri Selçuk Bayraktar festivalla bağlı məlumat verib.

Bildirilib ki, “TEKNOFEST” Türkiyədə Sənaye və Texnologiya Nazirliyinin və T3 Vakfının birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Festivalın keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat və ətraf mühitin qorunması kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə yeniyetmə və gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Mətbuat konfransında məlumat verilib ki, Azərbaycanın ev sahibliyi edəcəyi irimiqyaslı “TEKNOFEST Azərbaycan” böyükdən kiçiyə hər kəsin maraq dairəsinə uyğun tədbirlərlə zəngin olacaq. 26-29 may tarixlərində “Bakı Kristal Zalı” və Dənizkənarı Bulvar ərazisində keçiriləcək festival türk və azərbaycanlı pilotların təqdimatında aviaşou, yarış və müsabiqələrin möhtəşəm final mərhələləri, sərgilər, əyləncəli attraksionlar, Azərbaycan və Türkiyə aviatexnikasının nümayişi, “TAKE OFF” Azərbaycan startap sammiti, konsert proqramı və digər sürprizlərlə yadda qalacaq.

Qeyd olunub ki, “TEKNOFEST Azərbaycan” çərçivəsində yarışlar “Robotexnika”, “Yaşıl texnologiyalar (“GreenTech”)”, “Aqrar texnologiyalar (“AgriTech”)”, “Pilotsuz uçuş aparatları (PUA)”, “Həvəskar peyk modelləşdirilməsi”, “Sosial yönümlü texnologiyalar”, “Smart Qarabağ” Hakatonu, “Sailplaner”, “Baku Skills”, “Rocket League” oyunu üzrə Avropa kuboku daxil olmaqla 10 müsabiqə üzrə keçiriləcək.

Yarışlar üzrə əsas tərəfdaş qismində Energetika Nazirliyi, Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “AzInTelecom” MMC, Azərkosmos, Aviasiya Akademiyası, ADA Universiteti, Azərbaycan Kiber İdman Federasiyası, Azərbaycan Beynəlxalq Bankı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Rəqəmsal İnkişaf və İnnovasiyalar Agentliyi çıxış edirlər.

“Robotexnika” müsabiqəsi insana gündəlik həyatda faydalı olan və ya istehsalatda işinin müəyyən bir hissəsini yerinə yetirən, hətta əyləncəyə çevrilə bilən robotların dizaynını hədəfləyir.

“Yaşıl Texnologiyalar (“GreenTech”)” müsabiqəsi bərpa olunan enerji mənbələrindən istifadə, yeni texnologiyaların təşviqi, cari texnologiyaların təkmilləşdirilməsi, təbii sərvətlərdən ehtiyatlı istifadə və gələcək nəsillərə ötürülməsini təmin edən, həmçinin sıfır tullantı hədəfinin həyata keçirilməsini asanlaşdıracaq texnologiyalar üzrə mövzuları əhatə edir.

“Aqrar texnologiyalar (AgriTech)” müsabiqəsi “Əşyaların interneti” və süni intellekt kimi texnoloji həllərin tətbiqi ilə meyvəçilik, tərəvəzçilik və heyvandarlıq sahələrində məhsuldarlığın artırılmasına, eləcə də su resurslarından səmərəli istifadəyə yönəlmiş layihələr arasında keçirilir.

“Pilotsuz uçuş aparatları (PUA)” müsabiqəsinin şərtlərinə əsasən, komandalar tərəfindən uçuş aparatı dizayn edilir. Müsabiqədə komandalara özlərinin dizayn etdikləri PUA-ları nümayiş etdirmək şansı verilir.

“Həvəskar peyk modelləşdirilməsi” müsabiqəsi (CANSAT) kosmik sahəyə marağın artırılması və bu sahədə fundamental bilik və bacarıqları formalaşdıraraq yerli kadrların yetişdirilməsi məqsədilə təşkil edilir. Bu müsabiqədə qarşıya qoyulan tapşırıqlar elektronika, mexanika, proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri və təcrübi biliklərin tətbiqinə və inkişafına şərait yaradır.

“Sosial yönümlü texnologiyalar” müsabiqəsi fərdlərin öz sosial məsuliyyət məlumatlılığı ilə texnoloji bilik və təcrübələrini inteqrasiya edərək cəmiyyət üçün faydalı layihələr ərsəyə gətirmələrinə dəstək olmaq məqsədi daşıyır. İnsan həyatına təsir edən bütün sahələrdə innovasiya və texnoloji inkişafla tətbiq olunacaq layihələrin hədəfində faydalılıq, cəmiyyətə töhfə dayanır.

“Smart Qarabağ” Hakatonu ilə Qarabağın dirçəliş proqramında yaxından iştirak etmək istəyən və “Ağıllı şəhər” konsepsiyasına dair innovativ layihələri olan tələbələr, startaplar və sahibkarlar üçün unikal təqdimat imkanı yaradılır. Hakaton təhsil, kənd təsərrüfatı, nəqliyyat, ev təsərrüfatı, enerji sərfiyyatı, su sərfiyyatı, ətraf mühit və təhlükəsizlik sahələrini əhatə edir.

“Sailplaner” müsabiqəsi gənclərin təyyarə modeli hazırlamasına və təyyarə konstruktoru qabiliyyətinin inkişafına yönəlib.

“Baku Skills” müsabiqəsi iştirakçıların 3D çap texnologiyasında istifadə bacarıqlarının təkmilləşdirilməsini hədəfləyir. Müsabiqədə iştirakçıların 3D printerlərdən istifadə etməklə yaratdığı layihələrdə onların təsəvvür qabiliyyəti və dizaynlarını realizə bacarıqları yoxlanılır.

“Rocket League” oyunu üzrə Avropa kuboku çempionatı populyar video oyunlar üzrə gənclər arasında keçirilən çempionatdır.

Müsabiqələrə qoşulmaq üçün “teknofest.az” saytı üzərindən qeydiyyatdan keçmək lazımdır.

Hər kateqoriya üzrə 1-ci, 2-ci və 3-cü yer sahibləri üçün diplom və pul mükafatları nəzərdə tutulub. Müsabiqədə iştirak edən hər kəsə iştirak haqqında sertifikat təqdim olunacaq. Müvafiq yarışlarda yuxarı sinif şagirdləri, tələbələr, startaplar və sahibkarlar iştirak edə bilərlər.

Bir sözlə, “TEKNOFEST Azərbaycan” məktəblilər, tələbələr, startapçılar və sahibkarlar, ümumilikdə gənclər üçün yeni fürsətlər açır.

Tədbirin davamında Türkiyədən gəlmiş bir qrup tələbə səhnəyə dəvət edilib və əyalət tələbələrinin möhtəşəm uğuru barədə məlumat verilib. Bildirilib ki, Türkiyənin “Grizu-263A” adlı ilk mini-peyki İlon Maskın “SpaceX” raketi ilə kosmosa göndərilib. Peyk Türkiyənin Zonquldak şəhərindəki Bülent Ecevit Universitetinin Mühəndislik fakültəsi tələbələri tərəfindən hazırlanıb. 1992-ci ildə Zonquldak mədənində baş vermiş partlayış nəticəsində həlak olmuş mədənçilərin adını daşıyan peyk kosmosa ABŞ-ın Floridadakı “Cape Canaveral” kosmodromundan qalxıb. Peyk təxminən 525 km yüksəklikdə 4 il 8 ay müddətində xidmət göstərəcək.

Sonra “Robotexnika” müsabiqəsinə qatılmış, 6 şəhid övladından ibarət “Zəfər” komandasının təqdimatı dinlənilib. Şəhidlərimizin yadigarları “TEKNOFEST”in ölkəmizdə keçiriləcəyi xəbərini çox sevinclə qarşıladıqlarını və iştirak etməkdən məmnun olduqlarını dilə gətiriblər.

Xatırladaq ki, İstanbulda keçirilmiş “TEKNOFEST 2021”də Azərbaycan Pavilyonunda 11 startapımız nümayiş etdirilib. Startaplar kosmik sənaye, hərb, təhsil, tibb, kənd təsərrüfatı, nəqliyyat, video oyunlar kimi müxtəlif sahə və istiqamətləri, ümumilikdə yeni texnologiyaları əhatə edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə