“Süni intellekt: nəzəriyyədən praktikaya” konfransı keçirilib

26-05-2025 / 20:05

NDU-da “Süni intellekt: nəzəriyyədən praktikaya” II Beynəlxalq elmi konfransı keçirilib.

Xeberler.az məlumat verir ki, əvvəlcə Memarlıq və mühəndislik fakültəsinin tələbələrinin süni intellekt proqramı ilə hazırlanan yaradıcılıq nümunələrindən ibarət sərgiyə baxış olub. Sərgidə moderator robot “Banu”, radio siqnal ilə idarə olunan robot qol, müasir gömrük sistemi, CNC printer – lazer, hərbi sənaye üçün müdafiə sistemi, rəssam printer, ağıllı ev, ağıllı şəhər, NDU üçün prototip tramvay, ağıllı dayanacaq, ağıllı avtomobil dayanacaqları, ağıllı eynək, süni intellekt modeli–proqram, tullantı qablardan filament istehsal edən qurğu nümayiş olunub.

“Süni intellekt: nəzəriyyədən praktikaya” II Beynəlxalq elmi konfrans süni intellekt sistemlərinin müxtəlif sahələrdə tətbiqi ilə bağlı videoçarxın izlənilməsi ilə başlanıb.

Konfrans ilk robot moderator qadın "Banu"nun təqdimatında baş tutub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, süni intellektlə bağlı maarifləndirmə işində ali təhsil müəssisələrinin də qarşısında mühüm vəzifələr dayanır. Bu mənada konfrans tədqiqatçılar üçün bilik və təcrübə mübadiləsi imkanı yaratmaqla yanaşı, eyni zamanda, yeni tədqiqat istiqamətlərinin təməlini qoymaq üçün də əhəmiyyətli platformadır. Həmçinin bu sahədə tədqiqatlar aparmaq, kadrlar hazırlamaq, süni intellekt ekosisteminin formalaşmasında iştirakçı tərəf olmaq üçün uğurlu təşəbbüsdür.

Elbrus İsayev qeyd edib ki, artıq universitetdə tədris olunan ixtisaslarda süni intellekt seçmə fənn olaraq şaxələndirilib. İki gün ərzində keçirilən bu əlamətdar tədbir də xüsusi mahiyyət daşıyır. “Ötən il olduğu kimi, bu il də ev sahibliyi etdiyimiz konfrans vasitəsilə müxtəlif ölkələrdən olan tədqiqatçılar arasında əməkdaşlıq əlaqələri inkişaf etdiriləcək, elmi yeniliklər geniş auditoriya ilə paylaşılacaq. Həmçinin gənc tədqiqatçıları elmi fəaliyyətə təşviq edərək, onların süni intellekt sahəsində daha da ixtisaslaşmasına şərait yaradacaq”, – deyə rektor bildirib.

Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Azər Məmmədrəhimov deyib ki, Naxçıvan Dövlət Universiteti süni intellekt sahəsində məqsədyönlü fəaliyyətlər həyata keçirir. Universitet nazirlik ilə sıx əməkdaşlıq edir, tələbələrinə yeni təcrübələr qazandırır. Sərgi və konfrans da öz növbəsində süni intellektin yeni idarəetmə, yeni baxış modelini zəngin proqramı ilə ictimailəşdirir və maariflənmədə xüsusi rol oynayır.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (ARETN) İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov müasir dövrdə insan fəaliyyətinin bütün sahələrinə sürətlə nüfuz edən süni intellekt texnologiyalarının inkişafından danışıb, Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”ndan irəli gələn vəzifələrdən söz açıb.

Türkiyənin İstanbul Universiteti – Cərrahpaşanın rektoru, professor Nuri Aydın, Rusiyanın “Cənub” Universitetinin rektoru professor İmran Əkbərov, Gümüşhane Universitetinin rektoru, professor Oktay Yıldız məruzə ilə çıxış ediblər. Natiqlər konfransı süni intellektin nəzəri və texniki aspektlərini əhatə edən elmi fikir mübadiləsi aparmaq üçün əhəmiyyətli platforma adlandırıblar. Universitetin intellektual yöndə təşəbbüskar layihələrə ev sahibliyi etməsini yüksək dəyərləndiriblər.

Elbrus İsayev konfransın təşkilində əməyi olan əməkdaşlara təşəkkürnamələr, həmçinin tərəfdaşlara göstərdiyi dəstəyə görə hədiyyələr təqdim edib. Konfrans proqramı çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə İstanbul Universiteti – Cerrahpaşa, Gümüşhane Universiteti, ARETN İdarəetmə Sistemləri İnstitutu arasında birgə təhsil və elmi-tədqiqat fəaliyyətlərində əməkdaşlıq istiqamətində ayrı-ayrılıqda Əməkdaşlıq memorandumları imzalanıb.

Sonra bölmə iclasları olub. İki gün davam edəcək bölmə iclaslarında Azərbaycanın və dünyanın müxtəlif ölkələrinin elm-təhsil müəssisələrinin tədqiqatçılarının üz-üzə və onlayn (hibrid) iştirakı ilə ümumilikdə 4 salonda, 26 paneldə çıxışlar olacaq. 59 təşkilatın 282 tədqiqatçısı tərəfindən 210 tədqiqat üzrə məruzələr dinləniləcək. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.

“Süni intellekt: nəzəriyyədən praktikaya” II Beynəlxalq elmi konfransında Azərbaycanın 33 elm-təhsil müəssisəsindən nümayəndə iştirak edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə