ABŞ-da Respublikaçıların prezidentliyə namizədi Donald Tramp seçkilərdə qalib gələrsə “TikTok”u xilas edəcəyinə və amerikalıların bu sosial şəbəkəyə çıxışını təmin edəcəyinə söz verib.
Xeberler.az məlumat verir ki, Tramp bu barədə öz “Truth” sosial şəbəkəsindəki hesabında bildirib.
“TikTok”u ABŞ-da saxlamaq istəyən hər kəsə müraciət edirəm. Bu platformanı sevirsinizsə, Trampa səs verin. Əgər “TikTok” və ya ölkəmizin təhlükəsizliyi ilə maraqlanmırsınızsa, millətimizi məhv edəcək marksistləri dəstəkləyə bilərsiniz”, - deyə Tramp bildirib.
O, rəqiblərinin ABŞ-da “TikTok”u qadağan etmək niyyətində olduğunu da vurğulayıb. Tramp, hesabının təxminən 11 milyon izləyicisi olan bu platformada böyük ulduza çevrildiyini xatırladıb.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi “TikTok”a qarşı məhkəmə iddiası qaldıraraq şirkətin 13 yaşından kiçik uşaqlardan şəxsi məlumatları valideynlərinin razılığı olmadan topladığını və bunun qanun pozuntusu olduğunu qeyd edib.