“Ucqar kəndləri internetlə təmin etməyə gücümüz çatmır” - Müsahibə

31-01-2015 / 20:30

“Universitetlərdə WiFi məsələsi ilə bağlı problemlər var” . 

Təhsil sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədovun Xeberler.az-a müsahibəsi

-Təhsil sisteminin informasiyalaşdırılması, elektron təhsilin inkişafı ilə bağlı yeni dövlət Proqramının hazırlanması haqqında məlumatlar verilirdi. Amma hələlik bu dövlət proqramından xəbər yoxdur. Belə bir Proqram hazırlanırmı və nə zaman qəbul olunması gözlənilir?

- “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı” təsdiq edilib. Fəaliyyət Planında təhsil sisteminin müxtəlif pillələri üzrə dövlət proqramlarının təsdiqi nəzərdə tutulub. Düşünürəm ki, bu Sərəncamından irəli gələrək yeni dövlət proqramının təsdiq olunması da gündəmə gələcəkdir.

-Statistikaya əsasən ümumtəhsil müəssisələrinin 50 faizində keyfiyyətli və genişzolaqlı İnternet şəbəkəsi yoxdur. Bu vəziyyət bir neçə ildir ki, davam edir. Bu istiqamətdə vəziyyətin yaxşılaşdırılması üçün hansı addımların atılması nəzərdə tutulur?

- Hazırda  Azərbaycan Təhsil Şəbəkəsi respublikamızın bütün rayon mərkəzlərini əhatə edir. Təəssüflər olsun ki, biz rayon mərkəzindən kənara çox çıxa bilmirik. Beləliklə də ucqar kəndləri internetlə təmin etməyə gücümüz çatmır. Yalnız mərkəzlərdən 2-3 km-lik uzaq məsafədə İnternətə çıxışı təmin etmək mümkün olur. Bakı Şəhəri üzrə, eləcə də regionlar üzrə bizə lazımi şərait yaradılsa optik kabel vasitəsilə təhsil müəssisələri Azərbaycan Təhsil Şəbəkəsinə qoşula bilər. Düşünürəm ki, regionların optik kabel ilə təmin olunması üzrə cavabdeh qurum yaradılmalı və maliyyə xərclərini bu qurumlar çəkməlidir. Təhsil Nazirliyi bu  infrastrukturu yarada bilməz. Biz qurum olaraq yalnız Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bizə verdiyi kanalları icarəyə götürüb öz şəbəkəmizi onun üzərindən apara bilərik. Yəni biz götürdüyümüz  kanallara görə Nazirliyə pul ödəməyə hazırıq.

Bəzi yerlərdə, xüsusən də cəbhə bölgəsinə yaxın olan yerlərdə “3G”-dən (simsiz bağlantı), hətta VSAT-dan istifadə  etməklə 511 ümumtəhsil məktəbini  İnternətlə təmin etmişik. Lakin bu bağlantılardan istifadə, verilən surətin keyfiyyəti, ona qoyulan xərc ilə münasib gəlmədiyi üçün belə proqramların genişləndirilməsini məqsədəuyğun hesab etmədik və bu xidmətdən yalnız ehtiyacı daha çox olan ucqar bölgələrin faydalanmasını təmin etmişik.

Son bir neçə ildir ümidlərimiz yalnız Dövlət Neft Fondu ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həyata keçirilməsi nəzərdə tutulan Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsi idi. Düşünürdük ki, bu layihə həyata keçirilsə bütün ucqar kəndlərdə olan təhsil müəssisələrini də bu şəbəkəyə qoşa biləcəyik. Çünki ADSL bağlantıları hazırda intenet ehtiyaclarımızı ödəyə bilmir. Son zamanlar internetin çevrəsinin böyüdüyünü, video resursların sayının artmasını nəzərə alsaq, bu məsələyə daha dərin yanaşmalıyıq. Bildiyiniz kimi, yeni elektron dərsliklər, çoxlu sayda video dərsliklər Nazirliyin elektron portalında yerləşdirilib. Elektron və video dərslərin istifadəsi üçün yüksək surət tələb olunur. Təəssüflər olsun ki, layihənin reallaşdırılması təxirə salındı. Hazırda bu problemi aradan qaldırmaq üçün ADSL bağlantısı olan  bütün məktəbləri fiber-optik ilə əvəz etməyə çalışırıq. İndiyədək 50-ə yaxın təhsil müəssisəsi fiber-optik bağlantı ilə təchiz olunub. 200-ə yaxın müəssisə isə simsiz rabitə üsulları ilə birləşdirilib. Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş təhsil müəssisələrinin ümumi cəmi 1765-dir.

-Müşahidələrimiz göstərir ki, informasiyalaşdırma prosesi daha çox orta ümumtəhsil məktəblərini əhatə edir. Ali təhsil sistemində təhsil sisteminin infromasiyalaşdırılması ilə bağlı geniş layihələr nəzərdə tutulurmu?

-Ali təhsil müəssisələrimizin hamısı internetlə təmin olunub. Universitetlərin çoxu müstəqil şəkildə fiber-optik və ya Azərbaycan Təhsil Şəbəkəsi vasitəsi ilə  İnternətə qoşulub.

Bu gün universitetlərdə WiFi məsələsi ilə bağlı problemlər var. Ancaq istifadəçi kompüterində internet problemi yaranmır. Tələbələrin öz avadanlıqları ilə universitetdə internetə qoşulma imkanları məhduddur. Bununla bağlı bir neçə ali təhsil müəssisəsində layihələr həyata keçirilib və WiFi şəbəkələri qurulub.

Çalışırıq ki, ilk növbədə əsasən pedaqoji təhsil müəssisələrimizdə internetin surət və imkanlarını daha da genişləndirək. 

- Keyfiyyətli elektron dərsliklərin və multimedia dərs vəsaitlərinin hazırlanması üçün hansı addımlar nəzərdə tutulur? Bu hansı yolla həyata keçiriləcək. Elektron dərsliklərin hazırlanması özəl sektora sifariş ediləcək, yoxsa müəllimlərin gücündən istifadə ediləcək?

-  Nazirlik elektron dərsliyin hazırlanmasına ötən ildən başlayıb. Buna səbəb isə 2013-cü ildən etibarən Təhsil Nazirliyinin bütün dərsliklərin müəlliflik hüquqlarını öz üzərinə götürməsi olub. Hazırda  bütün çapa verilən e-təhsil  vəsaitlərinin bazası Təhsil Nazirliyində formalaşıb.

Məzmun baxımından elektron dərsliklər kağız formasında olan dərsliklərdən fərqlənmir. Nazirlik tərəfindən elektron dərsliklərin müxtəlif formatlarda hazırlanması araşdırılmış və “e-pub” və “html 5” formatında hazırlanmasına üstünlük verilmişdir. Bu formatlar həm istifadə həmdə mətn axtarışı baxımından daha münasib hesab edilmişdir. Hazırda daha zəngin format üzərində işlər aparılır. Zənginləşdirilmiş elektron dərsliklərdə mövzuya uyğun müxtəlif interaktiv dərs vəsaitləri əlavə ediləcəkdir. Məsələn, mövzu ilə tanış olduqdan sonra şagirdlərə o mövzuya uyğun  təhsil yönümlü oyunlar  göstəriləcək.  Zənginləşdirilmiş elektron dərslərin hazırlanmasına nisbətən daha çox maliyyə vəsaiti tələb olunur.

Maliyyə imkanlarımızı nəzərə alaraq ilk vaxtlar “e-pub” və “html 5” formatında dərsliklərdən istifadə etməyə çalışdıq. Bu sadə üsul bütün dərsliklərimizi tez bir zamanda portalda yerləşdirməyə imkan verir.

Hazırda çalışırıq ki, bütün dərsliklər əl çatan olsun. Bundan sonra dərslikləri zənginləşdirəcəyik. Artıq bu  prosesə başlamışıq. Belə ki,  40-a yaxın dərslik “e-pub” və “html 5” formada www.e-resurs.edu.az saytında yerləşdirilib. Sınaq üçün bir neçə dərslik zənginləşdirilmiş formatda hazırlanır. Onların mövzularının üstündə interaktiv resurslar yerləşdirlərək yaxın vaxtlarda portalda yerləşdiriləcək. Hazırda bununla bağlı bir  neçə şirkətlə birgə çalışırıq.

Eyni zamanda təhsil portalında (www.edu.az) müxtəlif fənlərə aid 200-ə yaxın elektron dərs yerləşdirilib. Həmçinin şagirdlər üçün elektron formatda interaktiv müsabiqələrin təşkili məqsədilə şagird-müsabiqə sistemi təkmilləşdirilib. 100-dən artıq multimedia məzmunlu video dərslər www.video.edu.az portalında yerləşdirilib. Qeyd olunanlarla yanaşı ümumtəhsil məktəblərinin şagirdləri üçün 28 minə yaxın elektron test  bazası yaradılır.

- Daha çox hansı formada elektron vəsaitlərin buraxılması nəzərdə tutulur ? Bu tip vəsaitlər ancaq İnternetdə yerləşdiriləcək yoxsa CD disklərdə və digər üsullarla da məktəblərə çatdırılacaq?

- Nazirliyin e-təhsil fəaliyyətində elektron dərsliklər, video dərslər, xaricdə istehsal olunmuş hazır interaktiv resurslar Azərbaycan təhsil sisteminə gətirilir.   Qiymətləndirmədə resurslara baxırıq və əgər həmin vəsaitləri kurikuluma uyğun hesab ediriksə, müvafiq qurumlarla müqavilə bağlayıb həmin resursları tərcümə edərək Azərbaycan  təhsil sisteminə uyğunlaşdırıb portalda yerləşdiririk.

Elektron təhsil sistemini şagirdlər yaxşı qəbul etsə də, müəllimlər bu sistemə çətin uyğunlaşır. Yaş həddinə görə interaktiv resurslardan istifadə zamanı çətinlik çəkirlər. Bu problemi aradan qaldırmaq üçün  2005-ci ildən etibarən mütəmadi apardığımız təlim proqramlarımız var. Biz bu proqramı müəllimlərin informasiya texnologiyalarının tədrisinə inteqrasiyası üçün yaratmışıq. Son zamanlar isə yeni resursları portalda yerləşdirimədən öncə onları təlim proqramlarına inteqrasiya edirik.

-Elektron dərsliklərin, ümumiyyətlə elektron tədris vəsaitlərinin qiymətləndirilməsi necə həyata keçirilir?

- Qiymətləndirilmə dövlətin qanunvericiliyində  nəzərdə tutulmuş qaydada həyata keçirilir. E-vəsaitlərin hazırlanmasında ən az 3 mənbədən təklif alınır. Onların qiyməti müzakirə olunur. Çalışırıq ki, büdcəmizin bölgüsünü düzgün təşkil edək. Elektron resurslarla bağlı əsasən Rumıniya, Polşa, ABŞ, Böyük Britaniya kimi ölkələrin elektron təhsil vəsaitlərindən yararlanırıq. Onu da qeyd etmək lazımdır ki, son  ildə daha çox yerli şirkətlərin təcrübəsindən bəhrələnmişik.

-Sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinin təşkili üçün distant təhsil formasından necə istifadə olunur. Hazırda regionlarda bu təhsil formasından bəhrələnə bilirlərmi?

- İki ildən artıqdır ki, sağlamlığı məhdud olan uşaqlar üçün xüsusi distant təhsil proqramı həyata keçirilir. Hazırda 160 uşaq bu proqrama qoşulub. Həmin uşaqların hər biri noutbuklarla təmin olunub və onlar evlərindən mütəmadi olaraq Azərbaycan Təhsil Şəbəkəsinə qoşula bilirlər. Həmçinin 220 nömrəli tam orta məktəbdə distant təhsil mərkəzi yaradılıb. Hazırda Microsoft link proqramından istifadə  olunaraq 3 şagirddən çox olmamaq şərti ilə bir müəllim eyni zamanda onlayn  dərs keçə bilir. Bunun üçün xüsusi portal (http://www.mesafedenmekteb.edu.az) yaradılıb.

Layihəyə qoşulan uşaqlar əsasən Bakı şəhərində yaşayanlardır. Lakin ötən il cənab nazir İsmayıllı rayonunda 17 uşağı kompüterlə təmin etdi. Bununla yanaşı layihədə Gəncə, Qazax, Ağstafa, Samux, Tovuz və Bərdə rayonlarında yaşayan məktəb yaşlı sağlamlıq imkanları məhdud olan uşaqlar iştirak edirlər.

Hazırda distant təhsildən yararlanan uşaqlar evdən çıxa bilməyən, lakin kompüterdən istifadə bacarığı olanlardır. Həmin şagirdlər müxtəlif səhiyyə qurumlarında yoxlanılıb müəyyən sənədlər təqdim edirlər və sonra avadanlıqlarla təmin olunurlar.

-Ümumiyyətlə, distant formada təhsilin təşkilində bir lənglik müşahidə olunur. Hələ də heç bir ali təhsil müəssisəsində distant formada təhsil təşkil olunmur. Yalnız bir neçə təhsil forması üzrə bəzi ali məktəblərdə bu üsuldan istifadə olunur. Distant formada təhsilin təşkilinin ləngiməsi nə ilə bağlıdır?

- Təhsil Nazirliyi nəzdində “Distant Təhsil Mərkəz” –nin yaradılması nəzərdə tutulub. Ümid edirik ki, maliyyə imkanlarımız bu mərkəzi açmağa şərait yaradacaq. Mərkəz yaradılarsa distant təhsil ilə bağlı bütün layihələr bir mərkəzdən idarə olunacaq.  Hazırda  respublikada 10 minə yaxın (Bakı 3 min) distant təhsilə ehtiyacı olan sağlamlıq imkanları məhdud uşaqlar var.

Əslində bu sistemin yaradılması o qədər də asan deyil. Bu layihə mütləq sistemli olmalıdır və aidiyyəti qurumlarla birgə fəaliyyət göstərilməlidir. Çünki distant dərslər adi dərslərdən fərqlənir. Bu səbəbdən müəllimlər həm psixoloji, həm də metodik  təlimlərdən keçməlidirlər.

Digər bir problem isə infrastruktur ilə bağlıdır. Distant təhsil müəssisələri müxtəlif  alətlər, avadanlıqlar və proqram təminatları ilə təmin olunmalıdır ki, müəssisələr  distant təhsilə qoşula bilsinlər.

-İdarəniz yaxın gələcəkdə elektron təhsil sistemi ilə bağlı hansı proritet vəzifələri qarşısına qoyub?

- Məqsədimiz “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı” üzrə öhdəmizə düşən bütün fəaliyyətləri həyata keçirməkdir. Bu çox vacib bir sənəddir. İKT ilə bağlı planlarımızda başlıca məqsəd məktəblərin genişzolaqlı İnternetə qoşulmalarını təmin etməkdir. Yaxın zamanlarda respublikada bununla bağlı şərait yaradılacaq.  “1 şagird : 1 kompüter” layihəsi üzrə məktəblilərin kompüterlə təmin edilməsi davam edəcək.

2009-cu ildən etibarən “1 şagird: 1 kompyuter” layihəsinin pilot olaraq tətbiqinə başlanmışdır. İlkin olaraq layihəyə 15 pilot məktəb cəlb edilmişdir. Bu məktəblərə toplam 2500-dək təhsil üçün nəzərdə tutulmuş netbuklar paylanmışdır. Məktəblərdə eyni zamanda simsiz İnternet şəbəkəsi qurulmuş və 561 müəllim netbuklardan istifadə üzrə təlimdən keçmişdir. Layihə çərçivəsində şagirdlərə verilən netbuklar genişzolaqlı simsiz İnternetə çıxış əldə etmək üçün təmənnasız olaraq  USB tipli modem ilə təmin olunmuşdur.

Məltəm Talıb


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə