Yalnız Silikon Vadisində ağıllı-başlı bir nəfər gəlib deyə bilər ki, mən indicə 4 milyon dolları 19 yaşlı gəncə verdim

15-04-2013 / 18:52
Məlum olduğu kimi StartUp Azərbaycan layihəsi dünyada StartUplar sahəsində mövcud vəziyyət, İT biznes mühitində  uğur qazanmaq yolları,  milli StartUpların formalaşması üçün zəruri olan məsələlərlə bağlı  müxtəlif yazılar  dərc etməyi,  bu sahədə tanınmış mütəxəssislərin müsahibələrini dərc etməyi məqsədəuyğun hesab edib.
Artıq bu istiqamətdə bir neçə müsahibələr www.startup.az da dərc olunub.

Bu gün Sizə təqdim edəcəyimiz müsahibə hal-hazırda Kaliforniyada, Silikon Vadisində yaşayan və müsahibə alındığı zaman (keçən il) Google-in baş ofisi olan Google Plex-də çalışan həmyerlilərimiz Aynur Ağayeva və Tural Bədirxanlıdan götürülüb.
Müsahibəni daha da maraqlı edən məqam ondan ibarətdir ki, müsahibə digər həmyerlimiz, hazırda Skype-ın London ofisində çalışan və Box.az resursunun sahiblərindən biri olan Rüstəm Əliyev tərəfindən götürülüb.

Rüstəm: Özünüzü təqdim edin və Google şirkətində işə başlamağınızdan məlumat verin.
Tural: Bostonda Massaçusets Texnologiya Universitetinin Kompüter Elmi və Mühəndisliyi (Computer Science and Engineering) fakültəsinin bakalavr ve magistr pillələrində təhsil almışam. Təhsilimin bitməsi 2009-cu ildə iqtisadi krizis vaxtına təsadüf etmişdi. O vaxtlar çox şirkətlər işçi götürmürdü. Google-da da işə qəbul böhranı var idi. Həmin vaxt Silikon Vadisində Mobil reklamçılıqla (Mobile Advertising) məşğul olan AdMob deyilən şirkətdə işə başladım. İşə başlayandan bir qədər sonra isə iqtisadi vəziyyət düzəlməyə başladı və Google Admob şirkətini satın aldı. Nəticədə 2010-cu ilin iyunundan AdMob komandası ilə birlikdə mən də Google-a gəldim və o vaxtdan Google-dayam.

Rüstəm: Google-da vəzifən nədir?
Tural
: Google-dakı işimin adı Proqram təminatı mühəndisliyi (software engineer), daha dəqiq desəm, Mobile Display Ads, yəni mobil tətbiqlərdə (application) və Mobile Veb-də reklamların göstərilməsidir. “Milyonlarla reklamın içindən düzgün insana, düzgün yerdə, düzgün reklamı ən optimal şəkildə göstərilməsi” problemini həll eləməyə çalışıram.

Rüstəm: Zəhmət olmasa, siz də özünüzü təqdim edin.
Aynur
: 2008-ci ildə Google-da işləməyə başlamışam. Ondan əvvəlsə, mən Arlinqtonda Texas Universitetində çalışırdım. 2003-cü ildə həmin universitetin Məlumatlar Sistemləri (İnformations Systems) fakültəsini bitirərək, universitetin özündə işə başladım. İnformasiya Texnologiyaları (İT) şöbəsində İT təlimçisi işləyirdim - təlimlər aparırdım. Bir müddət sonra, Google-a müraciət etmək qərarına gəldim və hazırda Google-da İT mühəndisi işləyirəm. Biz, adətən xidmət baxımından deyil, müştəri baxımından daxili infrastrukturlarla məşğul oluruq. Bu, bəzən dəstəkləmə, bəzən isə, infrastrukturla bağlı layihələrdir.

Rüstəm: Rəsmi olaraq, sən Google-da ilk azərbaycanlı olmusan?
Aynur
: Bəli, Azərbaycandan olan ilk əməkdaş.

Rüstəm: AdMob ilə müqayisədə, Google-da ən çox nə xoşuna gəlir?
Tural: Google böyük şirkətdir və Google-un böyük resursları var. Hər cəhətdən çox yaxşı və sağlam infrastruktur qurulub. İşə götürən işçiləri özündə saxlamaq üçün dəridən-qabıqdan çıxır. Məsələn, səhər avtobus gəlib evindən səni götürə bilər və geri aparar. Səhər, günorta, axşam yeməyi var. Hətta camaşırxana var. İkincisi, iş mühiti çox yaxşıdır. Məsələn, bir mühəndis işdən nə istəyəcəksə, onun üçün sağlam mühəndis mühiti yaradılıb. Özünü inkişaf etdirmək üçün böyük imkanlar var, təcrübəli mühəndislərdən öyrənmək mümkündür. Mühəndis və idarəedicilik bir-birindən ayrılıb, bilikli mühəndis ola bilərsən, amma idarəetmə bacarığın olmaya bilər. Lakin mühəndis yolu ilə də yüksək karyera etmək olar. Google-da mühəndis çox prestijli sayılır, çünki idarəedicilikdə siyasətin böyük rolu olur.
Aynur: Mən də Turalın dedikləri ilə razıyam. İşimizin çoxlu üstünlükləri var və həmçinin iş yoldaşlarının qarşılıqlı dəyərləndirdiyi mühit mövcuddur. Başqa yerlərdə, meneceriniz vəzifənizi artırmaq üçün sizin hazır olduğunuzu deyir və sizin vəzifəniz artırılır. Burada isə, vəzifənizi artırırlarsa, deməli, sən artıq növbəti səviyyədə işləyirsən və sənin iş yoldaşların, səninlə birlikdə layihələrdə işləyən insanlar, sənin vəzifənin artırılmalı olduğunu deyirlər. Yəni, bu yalnız menecerdən asılı deyil, hətta menecerinlə münasibətlərin yaxşı deyilsə belə, lakin işdə hər kəs “bəli, sən yaxşı işləyirsən və vəzifən artırılmalıdır” deyirsə, sənin vəzifəni artıracaqlar. Burada çoxlu sayda olduqca ağıllı insanlarla işləyirsən. Məsələn, Python proqamlaşdırma dilini yaradan insan burada işləyir.

Rüstəm: Buna görə bütün Google iş elanlarında Python bilmək tələb edilir?
Aynur
: Bəli, biz python istifadə edirik.
Başqa bir misal - bir məşhur kitab var: “Getting Things Done” (“İşlərin tamamlanması”) - onun müəllifi David Allen burada işləyir. "İnternetin atası" adlandırılan bir neçə nəfərdən biri Vint Cerf də burdadır. Burada savadlı və tanınmış insanla işləyirsən və bundan faydalanırsan. Həm də, burada insanlar ambisiyalıdır. İnsanlar özlərini həmişə daha yaradıcı olmağa, özünü inkişaf etdirməyə vadar edirlər.

Rüstəm: Maraqlı məqamlardan biri odur ki, startupların çoxu məhz Silikon Vadisindın çıxır. Nəyə görə başqa ölkələrlə müqayisədə, buradakı startupların sayı daha çoxdur və buradan çıxan startuplar daha uğurlu olur?

Tural
: Burada məşhur Steve Blank adlı bir adam var – Stanford Universitetində Entrepreneurship (sahibkarlıq) dərsi derir. O əvvəllər bir sıra şirkətlər qurub və indi Stanfordda çalışır. O adamın bir sözü yadıma düşdü. Ondan soruşurlar ki, Silikon Vadisini (Silicon Valley) başqa yerlərdən fərqləndirən nədir? O da deyir ki, ancaq Silikon Vadisində ağıllı-başlı bir nəfər gəlib deyə bilər ki, mən indicə 4 milyon dolları 19 yaşlı gəncə verdim və o, bu pulu alıb Braziliyaya qaçmayacaq. O, bu pulu alıb həftədə yüz saat işləyəcək, bir iş qurmağa çalışacaq. Yəni burada belə bir mədəniyyət var, belə bir sistem qurulub. Burada investorluq, sahibkarlıq və mentorluq mədəniyyəti var. Bu isə təcrübəli insanların böyük icması deməkdir. Pulları olan sahibkarların şəbəkəsi də var ki, həmin investorlar və mentorlar, ağıllı insanları qabağa getməkdə dəstəkləyir. Onlara hər yöndən, həm pul yönündən, həm rəhbərlik yönündən kömək olur. Buna görə ağıllı insanlar, düzgün fikri olan insanlar üçün burada yol açıla bilər. Əgər doğrudan da, sağlam bir fikir varsa, əgər doğrudan da tuta biləcək bir ideya varsa, bunun üçün çox böyük imkanlar var. Hətta Mark Zukerberk özü də bir neçə dəfə intervyularında deyib ki, bəlkə Facebook, Amerikada demirik, hətta Bostonda belə qalsaydı, indiki Facebook ola bilməyəcəkdi. Çünki burada daha fərqli bir icma mövcuddur. Ona görə buranın perspektivi bir az daha fərqlidir.
Amma bu o demək deyil ki, dünyanın başqa yerlərində şirkət qurmaq çətindir. Hətta indi, məsələn Nyu Yorkda elə yerlər var ki, orda da investorlar icması yaranır. Başqa yerlər var ki, eynilə Bostonda olduğu kimi çoxlu şirkətlər qurulur. Hətta Amerikada deyil, Avropada məsələn, İngiltərədə, nə qədər şirkətlər var ki, ortaya çıxır. Bu yavaş-yavaş dəyişir, amma yavaş prosesdir.

Rüstəm: Belə çıxır ki, bunun üçün əsas faktorlardan biri odur ki, investorlar icması olsun -hansının ki, yalnız pulu yox, həm də təcrübəsi var?
Tural
: Bəli, bu çox böyük və vacib məsələdir.
Aynur: ...və əlbəttə ki kadr potensialı da olmalıdır. Burada (Kaliforniyada) Stanford və Berkley  kimi universitetlər yerləşir. Həmin kadr potensialını da yaratmaq lazımdır.
Tural: Doğrudan da burada çox yüksək səviyyəli mühəndislər var. O şirkətləri sürətlə yerdən götürüb qaldırmaq üçün çox yaxşı mühəndislərə ehtiyac var. Çox şirkətlər olur ki, təzə yarananda milyonlarla istifadəçisi olur və orada cəmi üç-beş mühəndis olur. Amma elə adamlar da olmalıdır ki, həmin infrastrukturu qura bilsin.

Rüstəm: Belə bir mühitdə siz özünüz belə bir şey eləmək istəyərdiniz? Adam hər halda həvəsə gəlir, necə də olmasa.
Aynur
: Mənim buna marağım var, lakin bunun üçün xüsusi düşüncə tərzi lazımdır, riskə getməyi bacarmaq lazımdır, çünki bu riskdir. Buna ən azı 2-3 il həsr etməlisən. Çünki bu zaman ərzində alınmayan işlər, sonda uğurla nəticələnə bilər. Bəzən insanlar düşünür ki, bunu edərkən daha az işləyəcəklər, çünki öz layihələridir, öz ideyandır. Lakin bu belə deyil. Əgər özün nə isə etmək istəyirsənsə, vaxtının 100 faizini buna ayırmalısan və ola bilsin ki, iş yerində işlədiyindən ikiqat çox çalışmalısan.
Eyni zamanda, normal işin və kənarda öz işin də ola bilər. Amma bunun öhdəsindən gəlmək lazımdır. Mənə gəldikdə isə, məncə, hələ doğru zamanı deyil. Yaxın vaxtlar üçün bu barədə düşünmürəm. Bəlkə nəsə çox yaxşı bir təklif olacaq və əla bir ideya ilə gələcəm

Rüstəm: Doğrudur, belə baxanda bu qədər vaxt sərf etdikdən sonra heçnə alınmaya da bilər. Tural, bəs sən necə?
Tural
: Mən dəqiq nəsə etmək istəyirəm. Bu əlbəttə də ki, risk tələb edir. Amma mən fikirləşirəm ki, mənə burada olmaq şansı verilib. Hər kəsin Silikon Vadisində, bu icmada olmaq, sərbəst çalışmaq şansı yoxdur.

Rüstəm: Bunu etmək üçün əcnəbi olmağın çətinlikləri var? Məsələn sən burada, Amerikada doğulub böyüsəydin, sənə daha asan olardı?
Tural: Yox, fərqi yoxdu. Əksinə mənim daha çox üstünlüyüm ola bilər. Çünki mənim tanıdıqlarım arasında daha çox xaricilər var, onlarla bəlkə iş görə bilərəm və sairə. Azərbaycandan gəlməyimin heç bir mənfi cəhəti yoxdur.

Rüstəm: Burada ola-ola Azərbaycanda nəsə eləmək, startup qurmaq fikrinizdən keçirmi? Burada bir çox ideyaları ya sınaqdan keçiriblər, ya da həyata keçiriblər.
Azərbaycanda isə hələ boş sahələr çoxdur.
Aynur:  Tamamilə yeni bir şey - yox. Lakin mən Azərbaycandakı prosesə töhvə vermək istərdim. Hər hansı bir kiçik proqram təminatı yaradılması işi ilə məşğul olan qrup olsa yaxşı olardı. Çünki məncə, bizdə infrastruktur yoxdur. Buradakı sahibkarlarla Azərbaycandakı sahibkarla arasında körpü yaratmaq kimi və ya qeyri-rəsmi rəhbərlik proqramı kimi işlər görmək istərdim. Daha rəsmi səviyyəyə qalxarsa, bu rəsmi də ola bilər.
Tural: Mən əvvəlcə burada bəzi ideyaları həyata keçirmək istərdim. Məsələ burasındadır ki, Azərbaycanda hər fikri eynilə tətbiq etmək o qədər də asan deyil. Aynurun dediyi kimi, infrastruktur zəifdir. Məsələn, Azərbaycanda Amazon qurmağa çalışsaq alınmayacaq. Çünki, məsələn, poçt və online ödəmə sistemi lazımi səviyyədə deyil. İnsanların da güvəni o qədər yoxdur belə şirkətlərə. Ona görə bəzi infrastruktur məsələləri var ki, onlar həll olunmalıdır. Ümumiyyətlə, burada olan bir çox fikirləri, Azərbaycanda tətbiq etmək mümkündür. Amma mən hələki burada belə imkanlarım olduğu üçün, Amerikada olduğum üçün enerjimi, vaxtımı buraya xərcləmək istəyirəm.

Rüstəm: Yekun olaraq, oxuculara nə demək istəyərdiniz?
Tural
: Mən məsələn, bunu həmişə deyirəm, xüsusilə, Google-da çalışmaq üçün burada universitet oxumaq lazım deyil. Hətta Amerikada oxumuş olmaq belə lazım deyil. Mənim bir neçə tanıdığım var ki, Türkiyədə oxuyublar, gəliblər Facebook-da çalışırlar, Google-da çalışırlar. Bu bir! İkincisi, hətta elə adamlar da var ki, Türkiyədə təzə universitetə başlayıb və Google-da staj üçün qəbul olunub. Bu uşaq təzə məktəbi qurtarıb. Belə imkanlar da var, belə adamları da qəbul edirlər. Yəni onu demək istəyirəm ki, əslində əsas olan o qədər də, haranı qutardığın deyil. Google-da çalışan adamlar var ki, bəlkə heç universitet də qutarmayıblar.  Əsas məsələ nə iş gördüyündür, əlindən nə iş gəlir, nə iş görmüsən. Və həmin işi göstərmək vacibdir. Hətta istəyirsən Harvardı qurtar, əgər bir iş görməmisənsə, səni Google-a götürməyəcəklər. Amma başqa bir universitetdə oxumusansa, və ya heç universitet oxumamısansa, lakin böyük bir iş görmüsənsə, o çox daha faydalıdır.
Aynur: Ümumi olaraq onu demək istəyirəm ki, işinizi sevin və işiniz heç vaxt sizə “iş” kimi gəlməyəcək. Məncə bu bütün peşələrə aiddir. Yəni əgər İT sahəsindəsinizsə, doğrudan da, buna nüfuz edin, həvəsli olun. Proqram təminatı yaradılması ilə məşğul olunursunuzsa, bununla dərindən maraqlanın. Özünüzü gündəlik etdiyiniz işlərlə məhdudlaşdırmayın. Çünki indi hər kəsin İnterneti var, mən Azərbaycanda olanda bizim İnternetimiz yox idi. İnternet bağlantısı təzə gəlmişdi. Sizin indi bu resurslarınız var, istənilən məlumatı oxuya və öyrənə bilərsiniz. Bu istənilən halda təkan olacaq.

Rüstəm: Aynur, Tural, çox təşəkkür edirəm.
Son olaraq qeyd edək ki, bu intervyudan bir neçə gün sonra Tural Google şirkətini tərk edib öz layihəsi üzərində işləməyə başlayıb və bu yaxınlarda Namo Media adlı mobil reklam şirkətinin təsisçilərindən biri oldu. Şirkət bir neçə həftə əvvəl 1.88 milyon dollarlıq risk kapital cəlb edə bilib. (bax http://www.adweek.com/news/technology/google-ventures-leads-1875-million-funding-round-native-mobile-ad-startup-148004)

StartUp Azərbaycan
Orijinal və fotolar :
http://www.startup.az/news_details.php?id=17#.UWwGF8ojC3N


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə