Uğurlu İT biznes haradan başlanır ?

04-04-2013 / 19:17
Məlum olduğu kimi StartUp Azərbaycan layihəsi dünyada StartUplar sahəsində mövcud vəziyyət, İT biznes mühitində  uğur qazanmaq yolları,  milli StartUpların formalaşması üçün zəruri olan məsələlərlə bağlı  müxtəlif yazılar  dərc etməyi,  bu sahədə tanınmış mütəxəssislərin müsahibələrini dərc etməyi məqsədəuyğun hesab edib.
Artıq bir müddət öncə bununla bağlı ilk müsahibə www.startup.az  da dərc olunub.
Bu gün  Sizə təqdim edəcəyimiz Müsahibə, hazırda Amerikada, Silikon Vadisində ( Silicon Valley) yaşayan, İT sahəsində kifayət qədər tanınan həmyerlimiz  Qərib Mehdiyevdən götürülüb.  
Müsahibəni daha maraqlı edən məqam ondan ibarətdir ki, müsahibə digər tanınmış bir İT mütəxəssisimiz, hazırda Skype –da (London ofisi) çalışan və box.az resursunun sahibi olan Rüstəm Əliyev tərəfindən götürülüb .

Rüstəm:  Qərib bəy, ilk öncə xahiş edirəm özün haqqında məlumat verərdin, zəhmət olmasa. Amerikaya  necə gəldin, niyə məhz buranı seçdin.

Qərib: İnformasiya texnologiyaları sahəsinə marağım hələ orta məktəbdə  başlamışdı. Bir neçə il İKT sahəsində çalışdıqdan sonra öz resurslarımı ortaya çıxarmaq qərarına gəldim. Amerikaya gəlməyimin birinci səbəbi o oldu ki, Azərbaycanda bazar çox kiçik və yeniliklərə hazır deyildi.  Və əsas məsələ, düşünürdüm ki, bu sahədə böyük şirkətlərin təcrübəsinə ehtiyacım vardı.

Rüstəm: Nəyə görə məhz Silikon Vadisini seçdin?
Qərib: Bu mövzuda xeyli araşdırmalar apardım. Ən uyğun variantın və imkanların məhz Silikon Vadisində ( Silicon Valley )  olduğunu gördüm. Bazar həddən artıq intensiv inkişaf etdiyindən Səni də inkişafa təhrik edirdi. Bununla yanaşı, özünü və işlərini təkmilləşdirmək imkanı da qazanırdın. Bu da mənə çox maraqlı gəldi.

Rüstəm: Hazırda harada işləyirsən, nə ilə məşğulsan?
Qərib: Hazırda “FuzeBox” şirkətində sistem administratoru və layihə rəhbəri vəzifəsini daşıyıram. “FuzeBox” multiplatform High-Definition, meeting ve Video conferencing kimi həllər təqdim edən şirkətdir. Buradakı işim sistem idarə olunması və avtomatlaşdırılmasıdır. Bununla yanaşı, layihələrin idarə olunması və iş bölgüsü məsələlərinə də nəzarət edirəm.

Rüstəm: İşindən razısanmı?
Qərib: İşimdən çox razıyam. Buna əsas səbəb daim yenilənən bir sahədə fəaliyyət göstərməyimdir. Texnologiyanı qabaqlamaq, bazara yeni məhsul təqdim etmək çox gözəl hissdir.

Rüstəm: Ümumiyyətlə startup və İnternet şirkətlərinə nəzər yetirdiyimizdə, Facebook, Twitter, Google kimi nəhənglərin kökü Silikon Vadisindən, yəni burdan, San Fransisko Bay Area-dan gəlir (Körfəz Ərazisindən). Mən şəxsən müşahidə etmişəm ki, bu dalğavari şəkildə Silikon Vadisindən başlayır, yavaş-yavaş əvvəlcə Amerikanı əhatə edir, sonra keçir Avropaya, ondan sonra Şərqə doğru gəlir. Bu proses 3-4 il çəkir. Nə üçün Avropadan çıxıb əks istiqamətdə, Amerikaya gələn texnologiyalar olduqca azdır?


Qərib: Əlbəttə bunun bir neçə səbəbi var. Əsas səbəblərdən biri burada bazarın yeniliyə açıq olması və internet istifadəçilərinin sayıdır.  Təqdim olunan hər məhsul minimum bir dəfə, sınaq məqsədilə də olsa istifadə olunur. Və pis və ya yaxşı, insanlar öz fikirlərini bildirirlər. Bundan əlavə mühit və daim müsbət ab-hava insanda işləmək, yeniliklərə can atmaq həvəsini artırır.

Rüstəm: Bir sözlə - məharət meydanı?
Qərib: Bəli, bunu məharət meydanı adlandıra bilərik. Hər yeni çıxan şirkət hazırkı dövrdə müxtəlif problemlərin yeni həll variantlarını təqdim edir. Və sonda kim daha sadə və rahat həll alternativini təqdim edirsə, o şirkət daha çox rəğbət qazanır. Bu zaman investorların dəstəyi və marağı nəticəsində layihələr daha da genişlənir.

Rüstəm: Demək istəyirsən ki, buranı fərqli edən burdakı investisiya (sərmayə) mədəniyyətidir və burdakı sahibkarlıq mədəniyyətidir? Onların biznesə olan yanaşması dünyanın digər yerlərindəki investorlardan,  sahibkarlardan fərqlidirmi?
Qərib: Bəli. Burada investisiya mühiti olduqca əlverişlidir. Bacarığın, işgüzarlığın və  yaxşı ideyan varsa uğurlu biznes qurmaq asandır

Rüstəm: Əgər buranın investisiya və işgüzar mühiti belə münbitdirsə, sən özün gələcəkdə bir iş görməyi planlayırsanmı? Yaxud indi nəsə edirsənmi, necədi planlar?
Qərib: Əlbəttə, artıq bir neçə layihə var ki, komanda şəklində üzərilərində çalışırıq. Layihələrimdən biri e-ticarətlə bağlıdır, digər layihəm VOİP və video ilə əlaqədardır. Bunlardan əlavə bir sıra mobil tətbiqlər də hazırlayırıq. Bazarda hazırda bir neçə məhsulumuz mövcuddur. Azərbaycan bazarı üçün nəzərdə tutduğumuz layihələr də var. Sadəcə bunların icrası üçün əlavə komandaya ehtiyac var.

Rüstəm: Elə növbəti sualım da o idi. Azərbaycanda nə isə etmək planların varmı? Burda ola-ola, səncə nə qədər realdır bu?

Qərib: Mənim Amerikaya gəlməkdə məqsədlərimdən biri burada təcrübə toplayıb, bunu öz ölkəmdə tətbiq etmək idi. Lakin Azərbaycanla bağlı layihələrdə əsas məqsəd daha çox gəlir əldə etmək yox, bazarı daha da canlandırmaqdır, bir az həyəcan qatmaqdır. Lakin bunun üçün hələ ki, bir qədər vaxt lazımdır. Bir də freelancer portalı layihəm var. Son zamanlar bütün qüvvəmi bu layihə üzərində cəmləməyə çalışıram.
Rüstəm: Bu maraqlı mövzudur - freelancing. Burda mən özüm də istifadə edirəm, ümumiyyətlə çox adam istifadə edir freelancing servisdən. Freelancer.com, odesk.com, bunlar kifayət qədər yayğındır.  Amma mən belə bir problem görürəm ki, Azərbaycan bazarındakı qiymətlər, Ukraynada və Rusiya qiymətlərə nisbətən qat-qat bahadır. Səncə belə olan bir mühitdə, bizim freelancer-lər həmin  odesk, freelancer.com kimi platformalar üzərindən nə qədər rəqabət apara bilər?
Qərib: Mən də bu yaxınlarda Azərbaycanda öz layihələrimlə bağlı bezi freelancer insanlarla görüşdüm. Bəzilərindən yaxşı cavablar aldım, amma çoxundan anormal qiymətlər eşidirsən. Bizdə freelance mədəniyyəti və qiymət strategiyası problemi var. İnsanların əksəriyyətində müştəridən daha çox gəlir əldə etmək məqsədi var. Biz də bu şərtlər səbəbindən komandamıza digər ölkələrdən üzvlər yığmaq məcburiyyətindəyik. Bəzən Amerikadakı freelancerlər daha sərfəli qiymətlər və şərtlər təklif edirlər. Bu baxımdan düşünürəm ki bizim freelancerlər də özlərini dünya standartlarına uyğunlaşdırmalıdırlar .

Rüstəm: Səncə bu bahalılığın səbəbi nədir?

Qərib: Məncə buna səbəb bazarda peşəkarların çatışmazlığı, ixtisaslı kadrların azlığıdır.

Rüstəm: Demək olar ki, xeyli mövzulardan danışdıq. Oxuculara nə arzulayardın? Əgər bura gəlmək istəyən olsa, onlar necə gələ bilərlər? Sənin tövsiyən nədir? Gələcəkdə Silikon Vadisində bir ad çıxara bilmələri üçün nə etməlidirlər?
Qərib: Onlara məsləhətim ideyalarını qorxmadan həyata keçirmək və bir-birilə əməkdaşlıqdır. Əsas məsələ ideyanın təqdimatıdır. Bir az xarici ölkələri gəzmək və ideya “oğurlamaq” lazımdır. İdeya “oğurluğu” pis şey deyil. 
Professionallara məsləhətim maksimum şəkildə uğurlu komandalardan və insanlarla təcrübə mübadiləsi etmək və öyrənməkdən yorulmamaqdır.
İnvestorlara isə məsləhətim yeniliklərə daha açıq, daha fərqli münasibət, İT sahəsinə diqqətin daha da artırılmasıdır. Nəzərə almaq lazımdır ki, artıq bütün xidmətlər onlayndır. Bu istiqamətlərə üstünlük verib, sərmayə yatırımını bu istiqamətdə qurmaq lazımdır.
Mən də öz növbəmdə daim bütün bu sahədə maraqlı olan şəxslərə dəstəyimi və bacardığım köməkliyi göstərməyə hazıram.
Nə zaman istəsələr Facebook və Skype vasitəsilə əlaqə qurmağa hazıram.

Rüstəm: Təşəkkür edirəm!
StartUp Azərbaycan


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə