“Lider” TV-nin “Səda” İnformasiya Departamentinin rəhbəri Tofiq Abbasov telekanalı tərk edib

28-12-2010 / 17:54

"Media forum” saytı xəbər verir ki, “Lider” TV-nin “Səda” İnformasiya Departamentinin rəhbəri Tofiq Abbasov telekanalı tərk edib.

Tofiq Abbasov “Media forum”a açıqlamasında xəbəri təsdiqləyib. O deyib: “Mən öz istəyimlə işdən getdim. Səbəb səhhətimlə bağlıdır. Artıq 3 ilə yaxın idi bu vəzifədə çalışırdım. Sözün düzü, yorulmuşam. Əgər səhhət sağlam deyilsə, yaxşı iş görmək də mümkün deyil”.

Hazırda planına daha çox dincəlmək daxil olduğunu deyən Tofiq Abbasov özünə qulluq edəcəyini söyləyib: “Mən rəhbərliyin də diqqətinə çatdırdım ki, ilk növbədə səhhətimlə bağlı problemləri yoluna qoymalıyam. Mən həm “Lider” TV-dən getdim, həm də ümumiyyətlə televiziya sahəsi ilə birdəfəlik sağollaşdım”.

Tofiq Abbasov 1980-ci illərin əvvəllərindən 1993-cü ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Şirkətində işləyib. Uzun fasilədən sonra, 2006-cı ildən “Lider” TV-də çalışıb: “İndiyədək yalnız bu iki televiziyada işləmişəm. Departament rəhbərliyindən çıxmaq qərarına gələndə hesabımı elə götürdüm ki, 2010-cu ilin sonuna qədər çalışım, sonra isə dincəlim, müalicə olunum”.

“Lider” TV-nin “Səda” İnformasiya Departamentinə rəhbərliyi hazırda müvəqqəti olaraq bu departamentin baş prodüseri İlham Abdulov həyata keçirir.

Tofiq Abbasov “Media forum”a açıqlamasında qeyd edib ki, İlham Abdulov “Lider” TV-nin yetişdirməsidir: “O, çox istedadlı kadrdır. Olduqca hazırlıqlı, savadlı və televiziyanı yaxşı bilən insandır. “Səda” İnformasiya Departamentinə rəhbərlik hazırda ona müvəqqəti tapşırılsa da, deyim ki, o, bu vəzifə üçün çox uğurlu kadrdır. Yəqin ki, yeni ildən rəhbərliyin bu vəzifə ilə bağlı qəti qərarı olacaq”.
musavat.com


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə