Futbol oynayacağınız stadionları onlayn seçə biləcəksiniz- Yeni layihə

05-07-2016 / 14:40

İyulun 2-də Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində minifutbol.az layihəsinin təqdimat mərasimi keçirilib.

Xeberler.az-ın məlumatına görə, layihənin marketinq meneceri Murad Talıblı layihə və sayt  haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Daha sonra layihənin rəhbəri Orxan Rzazadə saytın işləmə prinsipi, funksiyaları haqqında detallı məlumatı iştirakçılara çatdırıb.

Qeyd edək ki, 6 gəncdən ibarət komandanın birlikdə ərsəyə gətirdiyi startup fevral ayından etibarən Azercellin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən də dəstəklənir.

Layihənin rəhbəri Orxan Rzazadə layihə barədə ətraflı məlumat verib:

 “Gənclər boş zamanlarını çox vaxt futbol oynayaraq keçirməyə üstünlük verirlər. Bunun üçünsə onlar süni örtüklü meydançalara üz tuturlar. Süni örtüklü meydançalarla bağlı isə internetdə məlumat çox az, hətta yox səviyyəsindədir. Minifutbol.az layihəsi ilk növbədə bu məlumat azlığının qarşısını alaca. Belə ki, sayta daxil olan istifadəçi Bakı, Abşeron, Sumqayıt ərazilərində yerləşən stadionlar haqqında ətraflı məlumat ala biləcək, onların şəkilləri, şəraiti ilə tanış ola biləcək”.

Onun sözlərinə görə, layihə stadionlarda boş vaxt tapmaq problemini də həll etməyə kömək edəcək:

“Boş stadion tapmaq üçün bəzən futbol həvəskarları bir neçə menecerə zəng vurmağa məcbur qalır və bu həm vaxt alır, həm də müəyyən məbləğdə xərc tələb edir. Minifutbol.az saytına daxil olan istifadəçi isə, seçdiyi stadionun boş saatlarına baxa biləcək,  həm də boş saatları onlayn rejimdə plastik kart vasitəsilə ödəniş edərək satın da ala biləcək. Bununla istifadəçi həm vaxtına qənaət etmiş olacaq, həm də satın aldığı hər oyun ona əlavə bonuslar qazandıracaq ki, gələcəkdə o həmin bonusları həm oyunlara həm də müxtəlif hədiyyələrə dəyişmək şansı qazanacaqdır.”

Təqdimatda qeyd edilib ki, sayt həm də stadion sahiblərinin işini xeyli dərəcədə asanlaşdırır. Belə ki, artıq gələn hər sifarişi dəftərə qeyd etməyə ehtiyac qalmır, hər şey onlayn rejimdə həyata keçirilir. Üstəlik bunun üçün kompüterə də ehtiyac yoxdur, istənilən smartfonla bunu etmək mümkündür. Digər tərəfdən stadionlarda adətən eyni şəxslər oynayırlar, sayt vasitəsilə isə onlar yeni müştərilər qazanmış olacaqlar.

Gənclərin sözlərinə görə, layihə bununla bitmir və müxtəlif istiqamətlərdə genişləndirilməsi nəzərdə tutulub. Belə ki, gələcəkdə oyunların internet üzərindən canlı nümayişi, çempionatların təşkili və s. planlaşdırılır. 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə