İnternet reklam bazarında kimin əli kimin cibindədir ?

06-02-2015 / 12:39

Azərbaycan İnterneti inkişaf etdikcə İnternet reklam bazarı da canlanır. Xüsusilə də ölkədə sosial medianın və İnternet media sektorunun sürətli inkişafı İnternet reklam bazarının da inkişafına təkan verir. Azərbaycan İnternet reklam bazarının cari vəziyyəti, rəqabət mühiti,  istifadə olunan reklam texnologiyaları və İnternet  reklamın həcmi ilə bağlı ekspertlər fərqli düşünürlər.
Bəzən bu reklam bazarının həcminin kifayət qədər yüksək olduğu, hətta 10 milyon manatlarla ölçüldüyü iddia olunur. Bəzi ekspertlər isə bu sahənin hazırda inkişaf dövrü yaşadığını və reklam bazarının həcminin xeyli az olduğunu bildirirlər. Həmçinin ölkədə İnternet reklam bazarında rəqabət mühiti və qiymət siyasətinin müəyyən edilməsində də müxtəlif  fikirlər mövcuddur.

Bu məsələlərə aydınlıq gətirmək üçün  Xeberler.az saytı Azərbaycanda İnternet reklam bazarının vəziyyətini araşdırıb.

Digitalbr@nd şirkətinin rəhbəri Emin Quluzadə: “İnternet reklam bazarında ən böyük problem reklamverən şirkətlərin bu sahədə bilikli və təcrübəli işçilərinin çox az olmasıdır.

Emin Quluzadə Xeberler.az -a İnternet reklam bazarının strukturundan danışıb: “Bu gün İnternet  reklam bazarında əsas oyunçular üç qismə bölünür: 1) Vebsaytlar – reklam yerlərinin sahibləri; 2) Reklam verən şirkətlər – müştərilər; 3) Reklam agentlikləri – vebsaytların reklam yerlərini eksklüziv şəkildə satan qurumlar. 

Digər oyunçular isə reklam verənlər adından reklam yerləşdirən media agentlikləri və kampaniya keçirən kreativ dijital (rəqəmsal) agentliklərdir.
İstər saytlarda reklam yerlərinin formatı, istər reklamın satılması baxımından Azərbaycanda İnternet  reklam bazarı dünya standartlarından uzaqdır. Əvvəllər Azərbaycanda İnternet də reklam yerləri küçədəki bilbord reklamlar kimi satılırdı: yəni eyni yerdə bir ay ərzində yalnız bir reklam göstərilirdi. O zaman bu cür format saytlara sərf edirdi. Amma tədricən, reklamların həcmi artdıqca, saytlar bir yeri bir neçə reklam verənə satmağa başladılar. Qeyd edim ki, bu daha çox reklam həcminin artması nəticəsində saytların təşəbbüsü idi, reklamverənlərin tələbi deyildi.

“Hər gün eyni insana eyni reklamı göstərmək büdcəni havaya sovurmaqdır”.

Emin Quluzadə qeyd edib ki, bu gün Azərbaycan saytlarında əsas reklam formatı bannerlərdir.

“Bannerlərdə reklam yerləşdirmək artıq dünya standartlarına yaxındır. Belə ki, artıq siz özünüz müəyyən edə bilərsiniz ki, banner neçə dəfə saytda görünməlidir. Bu cür reklam auditoriyanı bezdirməmək və həmin reklam büdcəsini optimallaşdırmaq üçün son dərəcə vacibdir. Dünya statistikasına görə belə bir fakt mövcuddur ki, insan maksimum 5-7 dəfədən sonra əgər reklam bannerinə reaksiya verməyibsə, artıq bannerə qarşı “kor olur”. Onu saytın elementi kimi görür, reklama öyrəşir. Ona görə, hər gün eyni insana eyni reklamı göstərmək büdcəni havaya sovurmaqdır. 

Artıq bizdə də bəzi reklamverənlər bu cür “ağıllı yerləşdirmə”dən istifadə edirlər. “Saytlara reklamverən şirkətlər işçilərini treninqlərə, seminarlara göndərməlidir ki, bu adamlar öz şirkətlərinin büdcəsindən optimal şəkildə istifadə etməyin üsullarını öyrənsinlər.

“Reklamverənlər üçün media planlamada əsas meyar yalnız auditoriyanın ümumi sayı olur”

Emin Quluzadə reklam bazarında problemin tək bundan ibarət olmadığını da deyir: “Daha bir problem keyfiyyətli Azərbaycandilli məzmunun çox az olmasıdır. Deyəcəksiniz, “nə yapışıb bu reklamverənlərdən?” Amma bu məsələ də məhz reklamverən şirkətlərə bağlıdır. TV və Radiodan fərqli olaraq, İnternet çox azad media kanaldır – hər bir insan istədiyi mövzuda sayt hazırlaya bilər. Reklamverən şirkətlərin əksəriyyəti üçün media planlamada əsas meyar yalnız auditoriyanın ümumi sayı olur. Auditoriyanın keyfiyyəti isə (eyni cinsə, yaşa mənsub olmaları, eyni maraqları paylaşmaları və s.) onları maraqlandırmır. Bu səbəbdən də hətta guya ailə mövzusunda ixtisaslaşan saytlar belə “beldən aşağı” məzmunla doludurlar. Sadə dildə desək bu tələb-təklif məsələsidir.

Bu bütün biznes sahələrində labüddür: Yüksək keyfiyyətli məhsula tələbat varsa, həmin biznes də yüksək keyfiyyətli fəaliyyətlə göstərəcək. Əgər tələbat ucuz məhsuladırsa, həmin biznes xidmətləri də ucuz səviyyədə olacaq. Ona görə, əsas faktor reklamverənlərdir. Sayt rəhbəri üçün fərqi yoxdur, kim reklam yerləşdirir və necə yerləşdirir. Sayt rəhbərinə reklamın növü də maraqlı deyil, çünki onun marağı kommersiya marağıdır. Sayt rəhbəri deyir ki, pulumu ver reklamını yerləşdir. Büdcənin effektiv istifadəsini pulu xərcləyən düşünməlidir, qazanan yox”.

Ekspert Elşad Yusifli Xeberler.az-a bildirib ki, yerli İnternet  reklam bazarı mükəmməl şəkildə işləmir:

“Çünki, bu bazarda auditoriyası az olan saytlar reklam ala bilmir. Dünyada “banner network” deyilən bir sistem var: auditoriyası az olan saytlar bir banner ətrafında toplanır və birlikdə sayı çox olan auditoriyaya görə reklam əldə etmək mümkün olur. Azərbaycanda isə ciddi şəkildə fəaliyyət göstərən “banner network” sistemi yoxdur. Bizdə əsasən reklam bazarı reklam agentlikləri üzərindən çalışır, reklamverənlər büdcəni həmin agentliklərə ayırır və agentliklər də auditoriyası böyük olan saytlarla işləyir. Ona görə, kiçik saytlar öz potensialını pula çevirə bilmirlər. Buna görə İnternet reklam bazarının mükəmməl şəkildə işlədiyini desək doğru olmazdı”.

“Facebook və Google-u da rəqib saymaq lazımdır”.

Ekspertin sözlərinə görə Facebook və Google-da reklam yerləşdirmək daha ucuz başa gəlir: “Son vaxtlar müştərilər xarici reklam sistemlərində reklam yerləşdirməyə üstünlük verirlər. Çünki bu sistemlərdə reklamın qiyməti bir qədər ucuzdur. Buna görə də, Facebook və Google reklamlarına ayrılan büdcələrin həcmi ciddi şəkildə artıb. Azərbaycanın İnternet  reklam bazarında artıq Facebook və Google-u rəqib saymaq lazımdır. Sadəcə bir məsələ var ki, Facebook və Google-a ayrılan reklam büdcəsi yerli büdcə hesab olunmur və bazardan çıxmış büdcə sayılır. Kaş ki, bu sistem Azərbaycan daxilində işləyən bir sistem olardı və büdcə daxildə qalardı”.

“Reklam bazarında əsas gəlirlər reklam agentliklərinin ətrafında dövr edir” 

Xəzər Vençur şirkətinin həmtəsisçisi Məmməd Kərimovun sözlərinə görə, İnternet  reklam bazarında inhisarçı vəziyyət hökm sürür.  Şirkət təmsilçisi Xeberler.az-a bildirib ki, reklam bazarında əsas gəlirlər, rəqəmlər də reklam agentliklərinin ətrafında dövr edir. O, bunun səbəblərindən danışıb:

“Bilmirəm, bu vəziyyət təbii formada belə alınıb, yoxsa bazar haqqında məlumatsızlıqdan irəli gəlib müzakirə etmək lazımdır. Yəni, hər hansı bir reklam verən şirkətə deyilməyib ki, siz reklamı bu agentliyə verməlisiniz. Bu sahədə maarifləndirmə işlərinin az aparılması, sayt sahiblərinin başqa agentliklərə şans yaratmağı belə inhisarçı vəziyyətə gətirib çıxarıb. Reklamverənlər hara reklam verəcəklərini araşdırsalar, belə bir nəticəyə gələcəklər ki, vəziyyət əslində o qədər də şəffaf deyil. Reklam şirkətləri “4-5 sayta verilən bu reklamlar onlara lazımdırmı?” sualı ətrafında effektiv araşdırma aparmalıdır. Tutaq ki, sayta 100 min nəfər girdi, amma bu 100 min nəfərin içərisində mənim hədəf auditoriyama xitab edən biriləri varmı? Bu insanlar mənə lazım idimi? və s. sualları meydana çıxır. Bu sualları reklamverənlər versə, agentliklər də işini keyfiyyətli qurmağa başlayacaqlar. Beləliklə də, yaxşı seqmentləri olan sayt sahiblərinin də reklam almaq şansı yaranacaq. Bu məsələylə bağlı hüquqi əsaslar olmalıdır ki, 1-2 şirkət yox, heç olmasa 4-5 şirkətin İnternet  reklam bazarına nəzarət etmək hüququ olsun”.

Məmməd Kərimov qeyd edib  ki, Avropada da belə hallar var: “Son vaxtlar Google-u İnternet  reklam bazarında sıxışdırırlar. Nə üçün bilirsinizmi? Çünki onlayn reklamda inhisarçılıq etməyə başlayıb. Bununla bağlı qanunvericilikdə dəyişiklər etməyə başlayıblar. Bizdə isə qanunvericilikdə bununla bağlı dəyişiklik həddinə hələ gəlib çatmamışıq. Çünki İnternet  reklam bazarı indi-indi yetişir. Müəyyən reklam büdcələri İnternet ə gəlsə, onsan sonra bu məsələ də müzakirə oluna bilər”.

Şirkət rəsmisi onu da əlavə edib ki, Azərbaycanda hələ İnternet reklam sahəsindəki potensialın 90 faizindən istifadə olunmayıb. 

Sahil İT şirkətinin direktoru Vahid Qasımov: “Azərbaycan İnternet reklam bazarında inhisarçılıqdan söhbət gedə bilməz”

Uzun illər reklam sahəsində çalışmış, ekspert Vahid Qasımov isə Xeberler.az-a bildirib ki, İnternet  reklam bazarında inhisarçılıqdan söhbət gedə bilməz: “Bu gün auditoriyası az olan saytlara reklam şirkətləri maraq göstərmir. Sayta aylıq baxış sayı heç olmasa 2 milyona yaxın olmalıdır ki, həmin sayt reklam ala bilsin. Reklam verənlərə auditoriyası az olan saytlar maraqlı deyil. Reklamverən pul verir ki, onun reklamını görsünlər. Ola bilsin ki, xəbər saytlarının on minlərlə ziyarətçisi olsun. Amma kiçik saytlar da var, hansı gündəlik ziyarətçi sayı heç 10 min belə deyil. Yalnız, bu saytlar tematik saytlardırsa, konkret bir sahə ilə əlaqəli saytdırsa, yəni həmin sayta gün ərzində xüsusi auditoriya yığılırsa, o zaman həmin saytların reklam almaq imkanı böyükdür”.

“Reklamverənin öz reklamını harada yerləşdirməsinə nəzarət etmək imkanı var”.

Vahid Qasımov reklamverənlərin sahib olduqları imkanlardan danışıb: “Əgər reklamverən şirkət öz reklamını, üçüncü bir tərəf, yəni reklam agentliyi vasitəsilə yerləşdirirsə, reklamını hansı saytda yerləşdirməsinə nəzarət etmək imkanı da var. Bu zaman reklam agentliyi reklamı “AdServer” adlandırdıqları xüsusi bir proqram vasitəsilə saytlarda yerləşdirir. Və proqram imkan verir ki, həmin sistemə daxil olmaq üçün zəruri məlumatları reklam verən tərəfə də verilsin və reklam verən tərəf həmin prosesi izləyə edə bilsin. Gündəlik onun bannerini neçə nəfər görüb, neçə nəfər klikləyib və s. Bu cür statistikalar canlı olaraq həmin proqram vasitəsilə əks olunur”.

“Rəqabət aparmağı bacarmayanlar İnternet  reklam bazarına girmir”.

Vahid Qasımovun sözlərinə görə, reklam agentliyi sadəcə reklam verənə kömək göstərən üçüncü tərəfdir: “Reklam agentlikləri saytları seçməkdə reklam şirkətinə, reklam tapmaqda isə saytlara köməklik edir. Agentlik olmasa da hər bir sayt özünə reklam tapa bilər. Hazırda iki böyük reklam agentliyi var: New Media və Netant reklam agentlikləri. Bunlardan başqa digər bir neçə reklam agentlikləri də var. Bu bazarda inhisarçılıqdan söhbət gedə bilməz və rəqabət var. İnhisarçılıq necə ola bilər ki, bazarda əsas rəqabət aparan 4 oyunçu var. Sadəcə başqa iddiaçılar  fikirləşirlər ki, bu bazarda çətinlik çəkəcəklər və rəqabət apara bilməyəcəklər. Ona görə də, rəqabət aparmaq istəyən varsa, buyurub bu bazara daxil ola bilərlər. İnternet reklamın ölkədəki vəziyyəti qənaətbəxşdir. Reklam verənlər artıq bazara yönəliblər və onlara İnternet  reklam dedikdə, “bu nə deməkdir?” , “buna niyə pul xərcləməliyik?” kimi suallar vermirlər. 

“Növbəti illərdə İnternet reklamın payı ümumi reklam bazarında bir qədər də artacaq” – bunu ekspert Vahid Qasımov bildirib.

Bəs görəsən, İnternet  reklam bazarındakı əsas rol oynayan New Media, Netant, GAP Media, Universal reklam agentlikləri necə düşünür?

“Netant” reklam agentliyinin direktoru Rüstəm Şaripov da qeyd edir ki, bu bazarda inhisarçılıq ideyasından belə söhbət gedə bilməz :

Azərbaycanda müstəqil saytlar da reklam ala bilir. Bu gün vəziyyət elədir ki, reklamverənlər böyük və orta şirkətlərdir. Kiçik şirkətlər reklamı Facebook sosial şəbəkəsində yerləşdirir. İnternet reklam bazarında monopoliya qurmaq çox çətin məsələdir. Sərbəst rəqabət var və bazar təzəcə formalaşıb. Kimin lider olduğunu və lider olacağını bilmək çox çətin olacaq. Hələlik  İnternet  reklam bazarının əsası olan “e- ticarət” sahəsi o qədər də inkişaf etməyib. Hazırda 2-3 böyük “e-ticarət” layihələri var və onların axırının necə olacağı bəlli deyil. Ona görə də, rəqabət olacaq və inkişaf da gedəcək. İnternet reklam sahəsində dövlət tərəfindən müəyyən addımlar atılsa, bəzi ölkələrdəki kimi “e-ticarət” sahəsi vergidən azad olunsa və İnternet reklam bazarının inkişafı üçün dövlət tərəfindən müəyyən bir addımlar atılsa daha yaxşı olar”.

“İnternet reklam bazarının illik həcmi 3-3.5 milyon arasındadır”

Rüstəm Şaripov qeyd edir ki, 10-15 saytda öz reklamlarını yerləşdirmək istəyən böyük şirkətlər reklam agentlikləri ilə işləməyə üstünlük verir: “Reklam verən şirkətin reklam vermək istədiyi saytı özünün müəyyən etmək hüququ var. Əgər həmin saytın başqa reklam agentliyi ilə müqaviləsi varsa, bu zaman reklam agentlikləri arasında da müəyyən müqavilələr bağlanılır. Həmin müqavilələrə əsasən reklam agentliklərinin arasında konkret danışıqlar aparılır və qiymət endirimlərinə əsasən reklamın qiyməti müəyyən olunur. Reklam verən şirkətin saytlara nəzarət etməsi çətin bir şey deyil. O cümlədən texniki bir sistem qurulub, hansı saytlarda reklamın yerləşdiriləcəyi qabaqcadan müəyyən olunub və İnternet  reklamın digər reklamlardan fərqi də budur. Bütün kampaniyaları və reklamları qabaqcadan izləmək mümkündür. Azərbaycanda İnternet  reklam sahəsində ən geniş yayılmış reklam növü banner reklamlarıdır. Netant reklam agentliyi 3-4 aydan bir araşdırmalar aparır və son hesablamalar göstərdi ki, ötən il İnternet  reklam bazarının illik həcmi 3 - 3.5 milyon manat arasında olub.

İnternet reklamın bazarda iki rolu var: Birincisi, bu imicdir. Siz öz brendinizi kiməsə tanıtmaq üçün İnternetdə nümayiş etdirirsiniz. İkincisi isə, satışdır. Bir məhsulu almaq istəyirsiniz və birinci sizə bu məhsulu kim təklif etsə, daha sərfəli şərtlərlə həmin məhsulu almaq istəyəcəksiniz.

Agentlik direktorunun sözlərinə görə, Azərbaycanda hələ ki, İnternet  reklamın imic tərəfi inkişaf etdirilir: “Dünyada “trend elədir ki, texnologiya birbaşa satış üçün nəzərdə tutulur. Azərbaycan bazarında satışa tələbat olmadığı üçün məhsula baxış, yəni imic reklamın yerləşdirilməsi üçün bəs edir. Buna baxmayaraq Azərbaycan İnternet  reklam standartlarına görə dünya standartlarından heç də geri qalmayıb”. 

GAP Media reklam agentliyinin həmtəsisçisi İlqar Məcidov: “Heç bir reklam agentliyi reklam verən şirkəti məcbur edə bilməz”

İlqar Məcidov Xeberler.az-a İnternet  reklam bazarında azad və sərbəst rəqabətin olduğunu və bütün bu proseslərin bazar tərəfindən tənzimləndiyini deyir: “Reklam verən şirkətləri sözsüz birinci növbədə məşhur İnternet  resurslar maraqlandırır və bu mənada hər bir İnternet  resursun rəhbərliyi həmin resursun imicini və ziyarət reytinqini artırmalıdır. Bu da birinci növbədə həmin idarəetmənin keyfiyyətindən asılıdır. Heç bir reklam agentliyi hansısa bir şirkəti hansısa bir İnternet  resursunda reklam yerləşdirməyə  məcbur edə bilməz. Əgər orta səviyyəli sayt reklam verən şirkətə maraqlı deyilsə, demək ona mane olan faktor həmin səviyyənin orta vəziyyətdə olmasıdır və bu elə sərbəst bazarın reallığıdır. Yeganə yol saytı orta vəziyyətdən yüksək səviyyəyə gətirmək, rəqabət cəhətdən güclənmək və cəlbedici olmaqdır. 

GAP Media agentliyinə İnternet  sahəsində yüksək reytinqə malik olan resurslar maraqlıdır. Agentliyimiz hal hazırda şübhəsiz lider sıralarında olan altı məşhur İnternet  resurslarında müxtəlif eksklüziv hüquqlara malikdir və bundan əlavə bir çox saytlar ilə əməkdaşlıq münasibətlərimiz var”.

“Başqa reklam agentlikləri də bizim müştərilərimiz sırasındadır”.

İlqar Məcidov şirkətlərə reklam təklif olunarkən təsdiq olunmuş qiymət cədvəli haqqında Xeberler.az-a məlumat verib: “Bütün şirkətlərə reklam təklif edərkən təsdiq olunmuş qiymət cədvəlimizi təqdim edirik və hər bir şirkət bunu müraciət ilə bizdən əldə edə bilər. Digər reklam agentlikləri də bizim müştərilərimiz sırasındadır və bizim üçün xüsusi maraq daşıyır. Çünki onların adətən geniş müştəri bazaları olur və bu müştərilər nəticədə həmin partnyor reklam agentliyi vasitəsi ilə bizim resurslarda reklam yerləşdirir. Ona görə biz belə agentliklər üçün xüsusi endirimlər təqdim edirik və bu onlara öz müştərilərinə maraqlı qiymətlər təklif edə bilirlər. Sözsüz axır müştəri üçün bu reklam elə bir büdcəyə başa gəlməlidir ki bu ona sərfəli olsun və nəticədə öz agentlikdən aldığı xidmət onu qane etsin”. 

Ölkənin İnternet reklam bazarının əsas iştirakçısı “New Media” şirkətinin baş direktoru Rasim Davudov: “İnternet saytlarda reklam qiymətləri tam şəffafdır və bütün reklamverənlər üçün qiymət eynidir”.

Rasim Davudov Xeberler.az-a bildirib ki, İnternet reklam bazarında sərbəst rəqabət mövcuddur: “Azərbaycanda İnternet reklam bazarı ənənəvi media ilə müqayisədə yeni formalaşır. Ancaq buna baxmayaraq hal-hazırda ən dinamik inkişaf edən mediadır. İnternet reklam bazarında sərbəst rəqabət mövcuddur. Professional reklam satış evləri formalaşıb. Onlardan bəzilərinin adlarını çəkmək istəyirəm ki, oxucular da məlumatlı olsun - New Media, Day.az Group, Apa Holding, GAP Media, Netant. 

Orta səviyyəli İnternet  resursların reklam əldə etməklə bağlı problem mövcuddur. Saytların trafiki az olduğundan reklam olduğu halda belə çox az büdcə əldə etmiş olurlar. Bu da reklam bazarının həcminin çox kiçik olması və televiziya reklamının çox ucuz olması ilə əlaqədardır. 5 ildən artıqdır fəaliyyət göstərən New Media şirkəti professional reklam satış evi olaraq 20 saytın reklam hüququna sahibdir. Reklam hüququnu alacağımız saytları seçdikdə bir çox amillər təsir göstərir - saytın statistikası, saytın məzmunu, hansı auditoriyaya xitab etdiyi, dizaynı və s. Müştərilərə reklam bannerləri üzrə tam statistika verilir (reklam bannerinə baxış sayı, bannerə kliklərin sayı və reach). Başqa agentliklər isə New Media şirkətinin nəzarətində olan saytlara reklam vermək istərkən həmin agentliklərin büdcələrinə uyğun olaraq endirimlər tətbiq olunur”.

“Reklamverənlərin saytlara nəzarətindən söhbət gedə bilməz”

Rasim Davudov qeyd edir ki, reklam verən şirkətlərin, agentliklərin saytlara nəzarəti isə mümkün deyil. Onun sözlərinə görə, saytlar məzmunun yaradılması, onun geniş kütləyə çatdırılması ilə, reklam verənlər isə öz məhsullarını, xidmətlərini saytlar vasitəsilə müştərilərinə çatdırırlar və bu əməkdaşlıq zamanı heç bir nəzarətdən söhbət gedə bilməz.

“New Media”-nın rəhbəri yerli İnternet  reklam bazarının illik həcminin təxminən  7 milyon manat civarında dəyərləndirildiyini deyir: “Bu məbləğin 35%-i Google və Facebook reklamına gedir. İnternet reklam bazarı müsbət dinamika ilə artır və artım tempinə görə digər mediaları geridə qoyur. Qonşu ölkələrlə müqayisədə reklam qiymətləri digər medialarda olduğu kimi çox aşağıdır. Reklam bazarının həcminin artması nəticəsində reklam qiymətlərinin də artımı gözləniləndir”.

Şirkət direktoru onu da vurğuladı ki, ölkədə yeni reklam texnologiyalarının tətbiqi sahəsində New Media şirkəti 2011-ci ildən başlayaraq saytların dizaynında dəyişiklər etdi və kiçik ölçülü bannerləri saytlardan çıxardı, əvəzində daha böyük ölçülü bannerlərlə əvəzlədi: “Bunun nəticəsində bannerlərə klik sayı dəfələrlə artdı. Demək olar ki, artıq saytların əksəriyyətində bannerin ölçüləri standartlara uyğunlaşdırılıb. Təbii ki, biz də istəyirik ki, bannerlər beynəlxalq standartlarına cavab versin. Bu sahədə işlərimizi davam etdiririk”.

2014-cu ildə İnternet  reklamın həcmi 3 mln AZN-i keçib

“Universal” reklam agentliyinin təsisçisi və direktoru Elxan Mahmudov Xeberler.az-a agentlik tərəfindən saytların necə müəyyən olunmasından danışıb: “Saytlar öz reklam siyasətlərini müstəqil şəkildə müəyyən edirlər. Onların bəziləri reklam bannerlərinin satışını özləri, digərləri isə professional agentliklərə həvalə edirlər. Agentlik olaraq əməkdaşlıq etmək istədiyimiz saytları əsasən onun statistik göstəricilərinə və qiymət siyasətinə əsasən seçirik. Ona görə də saytın statistikasını izləmək üçün ora girişin təqdim edilməsini xahiş edirik. Qiymət siyasəti ilə bağlı fikirlərimizi bölüşürük. Müəyyən vaxt statistikaya nəzarət edirik və sonra qərar veririk. Ümumiyyətlə agentliyimiz bütün normal statistikaya, düzgün qiymət siyasətinə və maraqlı məzmuna malik olan saytlarla əməkdaşlıq edir. Xüsusi statusa və eksklüziv reklam hüquqlarına malik olduğumuz saytların sayı 7-ni keçib.”

Elxan Mahmudov ötən il İnternet  reklamın həcminin 3 milyon manatdan çox olduğunu deyib: “Bazarın bu cür ləng inkişafı və həcmi bizi bir agentlik olaraq heç də qane etmir. Baxmayaraq ki, İnternet  reklamın başqa reklam növlərindən üstünlüyü çoxdur, amma iri şirkətlər çox ləngdirlər, yerli müştərilər bu reklam növünün üstünlüyünü və prespektivliyini hiss etmir. Bazarın sivil qaydada işləyə bilməməsi, bəzi bazardaxili çəkişmələr ümumilikdə reklam bazarının həcminin böyüməsinə və sürətlə inkişaf etməsinə mane olur. Bəzi agentliklər qiymət və endirim siyasətində dempinqlə məşğul olurlar. Bu da öz növbəsində bazarın inkişafına mənfi təsir göstərir. Agentlik olaraq  reklam bazarının inkişafı üçün hər zaman yeniliklər axtarır və yeniliklərin bazarda tətbiqinə çalışırıq. Buna misal AdRiver idarəetmə sistemini qeyd edə bilərəm. Agentliyimiz bu şirkətin ilk və hələ ki yeganə sertifikatlaşmış agentliyi statusuna malikdir”.

 

“İnternet reklam bazarında bu reklam növünün tənzimlənməsi üçün bir qurum yaratmalıyıq”.

Elxan Mahmudov vurğulayıb ki, bəzi xarici ölkələrdə olduğu kimi bu qurum bazar iştirakçılarını bir araya gətirib bazarda olan problemləri, qiymət və endirim siyasətini tənzimləyər və bu da reklam bazarımızın inkişafına çox kömək olardı. “Bundan başqa İnternet  reklamının araşdırmasını və monitorinqini həyata keçirən qurumların da  mövcudluğuna tələbat yaranıb”, deyə agentlik rəsmisi sonda əlavə edib.

 

Mirvari Nəcəf

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə