Microsoft Imagine Cup 2015 innovasiya müsabiqəsinin ümumdünya online-yarımfinalının qalibləri müəyyənləşib.
Xəbərlər-in verdiyi məlumata görə, bu mərhələnin qaliblərindən biri Azərbaycan komandası olub.
Müsabiqənin ümumdünya finalı bu ilin iyul ayının 27-31-də Sietldə (ABŞ) keçiriləcək və Azərbaycanı sözügedən müsabiqədə NoObs komandası təmsil edəcək.
Qalib komandanı təbrik edən Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə komandanın üzvləri Ülviyyə Rüstəmova, Fidan Rüstəmova, Arif Mövsümzadə və Nizami İsmayılova müvafiq sertifikatları təqdim edib və bildirib ki, Imagine Cup müsabiqəsi innovativ texnologiyalar sahəsindəki yerli istedadların müəyyən edilməsində mühüm rol oynayır.
“Qeyd etmək istərdim ki, ümumdünya online-yarımfinalda Azərbaycanı 3 komanda təmsil edib və onlardan yalnız biri – “NoObs” komandası “İnnovasiyalar” nominasiyasında qalib gəlib ki, komanda elə bu nominasiyada Azərbaycanı Sietldə keçiriləcək ümumdünya finalında təmsil edəcək. Bundan başqa, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qərara alıb ki, İKT-nin İnkişafı Fondu tərəfindən komandanın gələcək fəaliyyəti üçün qrant ayrılsın”, - deyə E. Vəlizadə qeyd edib.
Öz növbəsində Microsoft Azerbaijan şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov qalib komandanı təbrik edib və bildirib ki, komandaların sözügedən müsabiqədə adi iştirakı belə böyük təcrübədir.
“Bizim məqsədimiz – Azərbaycan tələbələrinin istedadını üzə çıxarmaq, onların sabahın bazar tələblərinə hazırlıqlı mütəxəssis kimi yetişdirilmələri üçün şərait yaratmaqdır. Biz tərəfdaşlarımızla birgə yenilikçi fikir və texniki həllərin yerli və beynəlxalq bazarlara çıxarıla bilməsi üçün elə bir ekosistem yaratmaq istəyirik ki, burada tələbələr fundamental və sənaye bilik-bacarıqları əldə etsinlər, ən son texniki həllərdən və proqramlardan istifadə etsinlər, özlərini tətbiqi həllərin yaradılmasında sınasınlar, müxtəlif yerli və beynəlxalq müsabiqələrə qatılsınlar və təcrübələri əsasında işlək məhsullarını bazara çıxarmağa nail ola bilsinlər”, - deyə R. Hacıəlibəyov bildirib.
Qeyd edək ki, Microsoft Imagine Cup müsabiqəsinin beynəlxalq online-yarımfinalında 64 ölkədən 150 komanda iştirak edib. Nəticədə 33 komanda finala vəsiqə qazanıb, onlardan 12-si “İnnovasiyalar” nominasiyasında mübarizə aparacaq.
Azərbaycanda Microsoft Imagine Cup müsabiqəsi ilk dəfə təşkil olundu. Milli seçim turu və online-yarımfinalı uğurla keçən 20 komanda milli finala vəsiqə qazandı. Ümumdünya Finalında olduğu kimi Milli Finalda da müsabiqədə iştirak edən ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar üç nominasiya üzrə yarışdılar: İnnovasiya, Oyunlar və Dünya vətəndaşlığı.
Peşəkar münsiflər tərəfindən qiymətləndirilən layihələr arasından hər üç nominasiya üzrə qaliblər müəyyən edildi. Belə ki, milli finalda İnnovasiyalar nominasiyası üzrə NoObs komandası, Oyunlar nominasiyası üzrə IDEAlists komandası, “Dünya vətəndaşlığı” nominasiyası üzrə isə Mar-Tech komandası qalib gəldi. Qaliblər beynəlxalq online-yarımfinalda iştirak edib və yalnız bir komanda ümumdünya finalına vəsiqə qazana bilib. Müsabiqənin sonunda qaliblərə 50 min, 10 min və 5 min ABŞ dolları məbləğində pul mükafatları təqdim olunacaq və onlar qlobal innovasiya akselerator proqramlarına qoşulacaqlar.
Azərbaycanda Imagine Cup müsabiqəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Yüksək Texnologiyalar Parkının dəstəyi, Microsoft Azerbaijan şirkəti və Nar rabitə operatorunun təşkilatçılığı ilə həyata keçirilib.
Mirvari Nəcəf
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri