Azərbaycan təhsilində yenilik: mobil robotlar hazırlanır

01-07-2015 / 12:27

“Təhsil həllərimizlə Azərbaycanda tədrisin effektivliyini artıra bildik” 

Ultra şirkəti təhsildə informasiya texnologiyalarının tətbiqi, ümumiyyətlə, təhsil sisteminin modernləşdirilməsi sahəsində uzun müddətdən bəri fəaliyyət göstərən və bu sahədə ixtisaslaşan  şirkətdir. Hazırda bu qurum tərəfindən təhsil sistemində bir sıra yeni layihələr həyata keçirilir. 

ULTRA şirkətinin təhsil layihələrinə aydınlıq gətirmək üçün Biznes Xidmətlər Qrupu Proqram təminatı komandasının rəhbəri Anar Məmmədovla əlaqə saxladıq.

Xeberler.az Anar Məmmədovla müsahibəni təqdim edir:

-Anar müəllim, Ultra şirkətinin təhsil sahəsindəki mövcud həlləri haqda məlumat verə bilərsinizmi? Onlardan hansıları artıq tətbiq olunub?

Şirkətimiz artıq 15 ildir ki, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərir və əminliklə deyə bilərəm ki, Ultra təhsil sahəsində ixtisaslaşmış ən böyük şirkətlərdən biridir. 10 ilə yaxındır ki, elektron təhsil layihələrini icra edirik. Ümumiyyətlə, təhsil sahəsində bir çox işlər görmüşük və böyük həllərimiz vardır. Onların içində ən mühümü Azərbaycanda və digər ölkələrdə satışını təşkil etdiyimiz «Eduman» vahid təhsil idarəetmə sistemidir. Bu sistem təhsil müəssisələrinin tədris proseslərini avtomatlaşdırmaq üçündür və tətbiq sahəsi dövlət və özəl məktəblər, liseylər, universitetlər, akademiyalar, həmçinin təlim mərkəzləridir. Sistemin əsas mahiyyəti müəllim, tələbə, inzibati işçi heyətinin bazasının yaradılmasıdır.

Eduman vahid təhsil idarəetmə sisteminin əsas fəaliyyəti fənn proqramı, dərs cədvəli, tədris planı, tədris qrafiki, planlama işlərinin görülməsi və tədris prosesinin idarə edilməsindən ibarətdir. Sadə dildə desək, tələbə və müəllimin şəxsi kabineti yaradılır, hər bir tələbə sistemə daxil olub öz qiymətlərini öyrənə bilir, müəllimlər də öz növbəsində sistemə daxil olaraq qiymət yaza, öz gündəlik tədris işlərini planlaşdıra bilirlər. Bu sistem artıq «İqtisad Universiteti», «Bakı Oxford School», bir necə kolleclərdə uğurla tətbiq edilir.

-Bəs bu yaxınlarda İqtisad Universitetində təqdim etdiyiniz «Doc.Net» Layihəsi hansı funksiyaları icra edir ?

Bəli, bu yaxınlarda İqtisad universitetində uğurla tətbiq etdiyimiz «Doc.Net» elektron sənəd dövriyyəsi sistemidir. Bu sistem sənədlərin yaradılması, razılaşdırılması, təsdiqlənməsi kimi əhəmiyyətli alətlərin və sistemdən istifadə zamanı sənədlərlə bağlı tapşırıqların yerinə yetirilməsinin nəzarət prosesini avtomatlaşdırmağa imkan verir.

Artıq 1 aydır İqtisad Universitetində «Doc.Net» sisteminin tətbiqinə başlanılıb. Universitet tamamilə kağız sənədlərin dövriyyəsindən imtina edib. Tərəfimizdən aparılan analiz və müqayisələr maraqlı faktları ortaya çıxarıb. «Doc.net»in tətbiqinə qədər universitetdə daxili yazışmaların həcmi orta hesabla 1 ayda 260 sənəd idisə, «Doc.net» tətbiqindən sonra bu rəqəm 3.5 dəfə artaraq 900 sənədə çatıb. Əgər əmrlərin sayı əvvəllər orta hesabla 1 ayda 40 idisə, son bir ayda bu rəqəm 150 sənəd olub.

Sistem həmçinin Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi, Heydər Əliyev Fondu, AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi, AR Maliyyə Nazirliyi, AR Təhsil Nazirliyi və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində anoloji reallaşdırılmış layihələr həyata keçirib.

-Elektron sənəd dövriyyəsinin daha hansı üstünlükləri var?

Sistemin bir çox üstünlükləri mövcuddur. Sistemin mobil versiyası da var. Skanerlər 1 dəqiqə ərzində 40 səhifə skan edə bilir. Bunun üçün xüsusi barcod printer var. Proqramda sənədi təsdiq və ya imza edəndə eynilə kağız sənəddə olduğu kimi imza və ya dərkənar elektron sənədə əks etdirilir. Qeyd edim ki, imzanın əl ilə çəkilən variantı sistemdə vizuallaşdırılıb. Proqram Azərbaycan qrammatikasında ismin hallarını avtomatik müəyyən edir (kimə, kimdən, kimin və s). Xüsusi “Cpen” qələm skaynerdən istifadə etməklə kağızda mövcud olan mətnləri skan etmək imkanı vardır.

Təhlükəsizlik üçün bulud texnologiyalardan istifadə olunur. Microsoft-un və Oracle məhsullarına üstünlük verilir, server olaraq hp, şəbəkə avadanlığı baxımından baxımından Cisco ilə əməkdaşlıq edirik.

İqtisad Universitetində testlər keçirmişik. Bir kağız sənədin tətbiqi 60 dəqiqə vaxt alırdı. Amma artıq bizim sistem vasitəsilə bu vaxt 15 dəqiqəyə qədər azaldılıb, nəticədə 45 dəqiqə vaxta qənaət edilib. Əgər bir il üzrə təxminən 3-4 min sənəd varsa bu, təxminən  800  saat edir. Bu da 2300 saat və ya 1-2 ay qənaət deməkdir. Bu, ona imkan yaradır ki, artıq rektorlar, prorektorlar sənəd imzalamaq əvəzinə daha çox təhsilin keyfiyyətinə vaxt ayıra bilirlər. Artıq əminlikdə deyə bilərik ki, təhsil həllərimiz ilə Azərbaycanda tədris effektivliyini artıra bildik.

-Anar müəllim, həmin tədbirdə siz daha bir təhsil layihəniz,  «ALİSA» haqqında da məlumat verimişdiniz. Bu haqda bir qədər ətraflı məlumat verməyinizi xahiş edirəm.

«ALİSA» elektron kitabxana sistemidir və kompleks bir layihə kimi Azərbaycanın kitabxana sistemini inkişaf etdirmək üçün yaradılıb. «ALİSA» sistemi kitabxanadaxili prosesləri və kitabxana-oxucu münasibətlərini tam avtomatlaşdırır və bu proses üçün lazımi mühitin yaradılmasına təkan verir. Sistemin fəaliyyətinə kataloq düzəltmə, komplektləşdirmə, kitab sifarişi, kitabların verilməsi, oxucuların qeydiyyatı və əməkdaşlar haqqında məlumatlar aiddir.

ALİSA Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan Səbail, Ağdam, Quba, Xətai, Nərimanov kitabxanalarında tətbiq edilib, Elmlər Akademiyası kitabxanasında, Gəncə Heydər Əliyev Mərkəzi, Xırdalan Heydər Əliyev Mərkəzi, Naxçıvan Gənclər Mərkəzində istifadə olunur. “ALİSA” avtomatlaşdırılmış kitabxana sistemi iki hissədən ibarətdir: proqram təminatı və qurğu. Burada kitabların oğurlanmaması üçün xüsusi RFİD teqlər, qeydlər (çip), müdafiə sistemi (“3M RFİD Gate”), xüsusi oxuyucu padlar, oxucu bileti çıxartmaq üçün qeydiyyat köşkü və s. qurğular vardır.

-Bəs hazırda təhsil sahəsində hansı layihələr üzərində işləyirsiniz ?

Azərbaycan Dövlət İqtisad Universitetində "EDUMAN Platforması" əsasında yaradılmış "Əlavə Təhsil Elektron idarəetmə Modulu", "Təkrar Ali Təhsil Elektron idarəetmə Modulu", "Əcnəbilərin Qəbulunun Elektron idarəetmə Modulu", "Test İmtahanlarının Təşkili Modulu", “Barmaq izi ilə tələbələrin biometrik giriş-çıxış sisteminin tətbiqi”, “Elektron dərs cədvəli”nin, digər proqram təminatlarının və infrastruktur layihələrin tətbiqi uğurla həyata keçirilməkdədir.

Bundan əlavə, “Bakı Oxford School”-da, “EduMan” Təhsil İdarəetmə sistemini uğurla tətbiq edirik. Sistemdə elektron jurnal, yeni tədris ili yaratmaq, dərs cədvəli, müəllimlər tərəfindən planlama işlərinin aparılması, siniflər, məşğələlər, fənn proqramları, uşaqların davranışları, şagirdlərin şəxsi sənədləri saxlanılır. Sistem hazırdır, artıq təlimlərə başlanılıb. 2015-2016-cı yeni tədris ili üçün hazır olacaq və tətbiq ediləcək. Məktəbdə həmçinin “Ağıllı sinif” sistemləri yaratmışıq. Bu nə deməkdir? Yəni dərsi sinif otaqlarında artıq “Sharp” intellektual lövhələr üzrə tədris etmək mümkündür.

Yeni istiqamətimiz mobil (Android və iOS ƏS-ləri) həllərdir . Developerlərimiz hazırda bu istiqamətdə işlər aparırlar. Eyni zamanda mobil robotlar üzərində işləyirik.
Universitetlər üçün təhsil sahəsi üzrə skanerlər tətbiq etmişik. Artıq kitabları elektron şəkildə skan etmək mümkündür.

-Mobil robotlar haqqında bir qədər ətraflı danışmağınızı istərdik. Burada əsas məqsəd nədən ibarətdir ?

 - Bu, bizim son yeniliyimizdir. Beləcə, texniki analitik düşünmə qabiliyyəti olan şagirdləri təyin etmək üçün təhsil sahəsində xüsusi mobil robot fikirləşmişik. Bu, informatika dərsləri üçün əyani tədris vəsaitdir. “EMoRo IR Radar” EMoRo proqramını tədqiqatçı robota çevirmək istəyən şagirdlər üçün nəzərdə tutulub. Robot IR radar ilə təchiz edilib ki, bu da ona məsafəni ölçməyə və ətrafda yerləşən obyektləri aşkar etməyə imkan verir. İstifadəçilər robotu FlockDraw blok-sxemi ilə, yaxud FreeBasic, dillərində yazılı formada proqramlaşdıra bilər. Bundan başqa Basic və C proqramlaşdırma dillərində şəxsi proqramlarını Bascom-AVR, yaxud AVR Studio proqramlaşdıra hazırlaya və avtonom robot yarada bilərlər.

Digər modelimiz “EMoRo Alka Knight” rəqabətəmeylli şagirdlər üçün nəzərdə tutulub. İstifadəçilər “Alka Knight” robotunu EMoRo RC proqramından istifadə etməklə idarə edə bilərlər. Proqramın sadə interfeysi hətta ən gənc istifadəçilərin belə robotla rahat işləməsinə şərait yaradır. Qabaqcıl istifadəçilər robotu FlockDraw blok-sxemi ilə, yaxud FreeBasic, Bascom-AVR, yaxud AVR Studio proqramlaşdıra dillərində yazılı formada proqramlaşdıra bilərlər. Bascom-AVR, yaxud AVR Studio ilə proqramlaşdırmaqla, istifadəçilər EMoRo robotun avtonom fəaliyyəti üçün şəxsi proqramlarını hazırlaya bilərlər.

Ruhəngiz Muradova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə