2025-ci ilin Milli İnternet Mükafatının qalibləri açıqlanıb

16-12-2025 / 10:37

15 dekabr tarixdə Park İnn Hotelində Milli İnternet Mükafatı - MilliNet 2025  müsabiqəsinin yekun təqdimat mərasimi keçirilib. 

Xeberler.az bildirir ki, tədbirdə  MilliNet Təşkilat Komitəsinin rəhbəri,  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edərək MilliNet-in keçdiyi yol haqqında, cari ildə keçirilən Müsabiqə çərçivəsində görülmüş işlər haqqında məlumat verib. 

O, MilliNet 2025-də 13 Nominasiya üzrə 179 rəqəmsal resursun müsabiqəyə təqdim olunduğunu bildirib.  Peşəkarlardan ibarət olmaqla formalaşdırılan 15 nəfərlik  Münsiflər Heyətindən 13-nün yekun səsvermədə iştirak etdiyini bildirib.  Münsiflər Heyətini 2-ci səsvermə prosesində 63 Nominant arasından ən yaxşılarını seçdiyini bildirib.

Osman Gündüz Müsabiqəyə rəsmi dəstək verən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, sponsorlara və tərəfdaşalara, MilliNet münsiflərinə minnətdarlığını bildirib.

O, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini diqqətə  çatdırıb.

Təqdimat mərasiminin açılışında RİNN tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin  İdarə Heyətinin sədri Nail Mərdanov çıxış edərək son zamanlar ölkədə rəqəmsal transformasiya və internetin inkişafı istiqamətində atılan addımlara diqqət yönəldib. O, internetin inkişafı ilə bağlı atılan addımların RİNN tərəfindən hər zaman dəstəkləndiyini diqqətə çatdırıb.

Təqdimat mərasimində  sponsorlar adından çıxış edən Lenovo Azərbaycan şirkətinin Baş direktoru Rasim Bəxşi  MilliNet müsabiqəsinin ölkədə İnternetin, bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib. O, təmsil etdiyi şirkətin ölkədə İKT və İnternetin inkişafında maraqlı olduğunu diqqətə çatdırararaq Lenovo  şirkətinin gələcəkdə də texnologiyaların və İnternetin inkişafı istiqamətində atılan addımlara dəstək verəcəklərini bildirib. 

Sonra qaliblərə, 2-ci və 3-cü yer tutanlara Milli İnternet Mükafatları, diplomların və hədiyyələrin  təqdim edilməsinə start verilib.

MilliNet 2025 qalibləri , 2-cü və 3-cü yerləri tutanlarla burada tanış ola bilərsiniz.

Bu il ilk dəfə olaraq MilliNet-in xüsusi nominasiyası , “İlin Rəqəmsal Siması” nominasiyası üzrə də mükafatlar təqdim edilib. Bu Nominasiyaya 7 iddiaçı qatılıb.
Nominasiyanın qalibi ölkədə rəqəmsal transformasiya sahəsində verdiyi töhfələr nəzərə alınmaqla  MilliNet Təşkliat Komitəsi tərəfindən müəyyən olunub.

Ölkədə rəqəmsal transformasiyaya, dövlər xidmətlərinin rəqəmsallaşdırılması və digər dövlət sistemlərinə inteqrasiyası istiqamətində verdiyi xüsusi töhfəyə görə Ədliyyə Nazirliyinin Rəqəmsallaşma və innovasiyalar idarəsinin rəis müavini Qismət Qurbanov  “İlin Rəqəmsal Siması” seçilərək Milli İnternet Mükafatını qazanıb.


Mükafatların təqdim edilməsində İKT Agentliyin rəhbəri Nail Mərdanov, İRİA-nın İdarə heyərinin sədr müavini Rəşad Xalıqov,  AzTU-nun rektoru Vilayət Vəliyev, ETN İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, BMU-nun rektoru Yaqub Piriyev, CityNet şirkətinin rəsmisi Səttar Əliyev, MilliNet münsifi və BDU-nun müəllimi Anzulə Pərvizqızı, DTX-nın Milli Kibertəhlükəsizlik Mərkəzinin rəhbəri Davud Rüstəmov, Mətbuat Şurasının sədri Rəşad Məcid,  AzİnTelecom şirkətinin department rəhbəri Fərrux Fərəcullayev,  CASPEL şirkətinin direktoru Ceyhun Quliyev, ETN İnformasiya Sistemləri İnstitutunun direktoru, akademik Əli Abbasov, Xüsusi Rabitə və İnfromasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov  və İnternet ictimaiyyətinin, texnologiyalar sahəsində fəaliyyət göstərən dövlət və özəl sektorun digər nümayəndələri iştirak edib.

Onlar çıxış edərək MilliNet-in  Azərbaycan İnternetinin inkişafında ciddi rol oynadığını və Müsabiqənin davamlı olmasını arzuladıqları bildiriblər. 

Təqdimat mərasimində dövlət və özəl sektorun, ictimai təşkilatların və media qurumlarının nümayəndələri, İnternet ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib.

Qaliblərə və fərqlənənlərə Lenovo və CityNet şirkətinin hədiyyələri təqdim olunub.

 Milli İnternet Mükafatına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.
Əsas tərəfdaşlar 
İnnovasiya və Rəqəmsal İnkişaf AgentliyiXüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir.

MilliNet-in Baş sponsoru CityNet şirkətidir.

Gold sponsorlar AzİnTelecom, Lenovo, və Caspel şirkətləridir.

Sponsorlar B&B SECURITY,  KATV1, Alas Academy, ULTRA

Technologies və Azərbaycan Texniki Universitetidir.

YODA, Mediatrends, NUKHALI və hellojob.az MilliNet-in tərəfdaşlarıdır.
MilliNet-in media tərəfdaşları  Technote Media, Xəbərlər.az və Techzone media resurslarıdır.

Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən MilliNet müsabiqəsinin keçirilməsində məqsəd ən yaxşı rəqəmsal resurslarımızı üzə çıxartmaq və tanıtmaq, rəqəmsal sektorda rəqabətli mühit formalaşdırmaq, Azərbaycanda internetin, informasiya texnologiyalarının və innovasiyaların, bütövlükdə rəqəmsal sektorun inkişafına kömək etmək, rəqəmsal transformasiyanın daha da sürətlənməsinə dəstək verməkdən ibarətdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə