XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

07-11-2025 / 18:57

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Zəfər Gününə, o cümlədən Xidmətin 44 günlük Vətən Müharibəsində gördüyü işlərə həsr olunmuş videoçarxa baxılıb.

Xeberler.az bildirir ki, XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev çıxışı zamanı 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının milli qürur tarixinin şanlı səhifəsi olduğunu vurğulayaraq, bu münasibətlə şəxsi heyəti təbrik edib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsi və uzaqgörən siyasəti 44 günlük Vətən müharibəsində tarixi Qələbənin əsasını təşkil edib.

General-leytenant İlqar Musayev bildirmişdir ki, müasir müharibələr təkcə döyüş meydanında aparılmır — informasiya axınlarının idarə edilməsi, rabitə şəbəkələrinin dayanıqlılığı və kibermühitin qorunması da strateji əhəmiyyət daşıyır. 44 günlük Vətən müharibəsi bir daha nümayiş etdirdi ki, xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlətin müdafiə sisteminin ayrılmaz və həlledici hissəsidir.

Tədbirdə həmçinin son beş il ərzində XRİTDX tərəfindən həyata keçirilmiş işlər və yeni təhlükəsizlik reallıqlarına uyğun qarşıda duran vəzifələr barədə məlumat verilib. Qeyd olunub ki, ölkənin strateji informasiya və rabitə təhlükəsizliyinin təmin edilməsi sahəsində fəaliyyət sistemli şəkildə davam etdirilir.

Sonda Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən Xidmətin 8 zabitinə “Hərbi Xidmətlərə görə” medalları təqdim olunub.

Məlumat üçün bildiririk ki, Vətən müharibəsi başladığı ilk gündən – 27 sentyabr 2020-ci il tarixindən etibarən XRİTDX-in 10 əməkdaşı və podratçı şirkətlərin 40 əməkdaşı xüsusi nəqliyyat və texnika ilə cəbhə bölgələrinə ezam edilmiş, işğaldan azad olunan ərazilərdə fiber-optik rabitə xətlərinin çəkilişi və xüsusi rabitə avadanlıqlarının quraşdırılması operativ şəkildə həyata keçirilib.

Döyüşlərin ən gərgin mərhələlərində etibarlı xüsusi radiorabitəni təmin etmək üçün 29 ədəd “TETRA” baza stansiyası döyüş zonalarında istifadəyə verilib, bu stansiyaların mühüm hissəsi XRİTDX mütəxəssisləri tərəfindən xüsusi hərbi nəqliyyat vasitələri üzərində quraşdırılıb. Pandemiya ilə əlaqədar təchizat və logistika sahələrində çətinliklərinə baxmayaraq, Xidmət tərəfindən qısa müddətdə 500 ədəd yeni xüsusi şifrəli radiostansiya ölkənin güc strukturlarına təqdim edilib.

Həmçinin Müdafiə Nazirliyinin müraciətinə əsasən Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının hərbi hissələrinə “Bayraktar” və digər müasir tipli uçuş aparatlarının etibarlı və fasiləsiz idarə edilməsi üçün Xidmət tərəfindən qısa müddət ərzində fiber-optik kabellər çəkilərək, həmin avadanlıqlar Müdafiə Nazirliyinin mövcud rabitə  şəbəkəsinə inteqrasiya edilib. Cəbhə xətti boyunca düşmən tərəfindən zədələnmiş rabitə xətləri operativ şəkildə bərpa edilmiş, işğaldan azad olunan ərazilərə 20 km-dən artıq yeni fiber-optik kabel çəkilmişdir.

Müharibə dövründə kibermühitdə yaranan təhdidlər Xidmət daxilində yaradılmış 24/7 rejimdə fəaliyyət göstərən xüsusi işçi qrup tərəfindən davamlı monitorinq edilmişdir. Dövlət informasiya resurslarına 3 minə qədər kiberhücum cəhdi qeydə alınsa da, vaxtında görülmüş qabaqlayıcı tədbirlər nəticəsində onların qarşısı tam şəkildə alınıb.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə