“Avropa Oyunları zamanı İnternet və informasiya mübadiləsi proseslərini dörd qurum monitorinq edəcək”

23-04-2015 / 14:08

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu il Bakı 2015 Avropa Oyunları zamanı ölkədəki İnternet və informasiya mübadiləsinin vəziyyəti haqqında məlumat verib.

O, xeyli sayda qonaqların İnternetdən sərbəst və əlçatan formada istifadəsinin, həmçinin Oyunlarla bağlı ölkə daxilində və qlobal dünya ilə normal informasiya mübadiləsinin təmin edilməsinin, xüsusilə də kiberhücumlardan qorunmanın  mühüm əhəmiyyət kəsb etdiyini bildirib. 

Osman Gündüz artıq rəsmi qurumlar tərəfindən bu istiqamətdə müəyyən açıqlamaların da verildiyini diqqətə çatdırıb.

O qeyd edir ki, bu yaxınlarda informasiya təhlükəsizliyi və kibercinayətkarlıqla bağlı keçirilən beynəlxalq konfransda da kütləvi tədbirlər zamanı kiberhücumların qarşısının alınması  istiqamətdə müzakirələr aparılıb. Osman Gündüz konfransda  Xüsusi Dövlət Mühafizə Xidmətinin yanında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin CERT qurumu  tərəfindən Bakı 2015 Avropa Oyunları zamanı İnternet və informasiya təhlükəsizliyi məsələlərinə geniş yer verildiyini diqqətə çatdırıb.

Osman Gündüzün sözlərinə görə, rəsmi qurumlar tərəfindən  oyunlar zamanı kiber təhlükələrdən qorunmaq məqsədilə kompleks tədbirlər görülür.
O, eyni zamanda əvvəlki illərdən fərqli olaraq bu prosesə daha çox sayda dövlət və özəl sektor qüvvələrinin cəlb edildiyini bildirib. Baş verə biləcək hər hansı  hadisələrlə bağlı konkret məsuliyyət daşıyan qurumların da  müəyyən edildiyini  deyib.

Osman Gündüz  ölkəmizin kütləvi tədbirlər zamanı kibertəhlükələrdən qorunmaqla bağlı təcrübəsinin də olduğunu vurğulayıb.  “Biz artıq bir neçə dəfə  hansısa ciddi kiber hadisə baş vermədən kütləvi tədbirlər keçirmişik. Güman ki, məsul qurumlar həm bu təcrübədən, həm də beynəlxalq miqyasda təşkil olunan digər kütləvi tədbirlərdə kibertəhlükələrdən qorunmaq təcrübəsindən  istifadə edəcəklər.” – Osman Gündüz qeyd edib.

O, həmişə olduğu kimi bu tip kütləvi tədbirlərdə də hücum hədəflərinin Oyunların əsas İnternet resursunun, Oyunlarla  əlaqəli işləyən şirkət və qurumların İnternet resurslarının, həmçinin əhəmiyyətli dövlət qurumlarının  saytlarının ola biləcəyini vurğulayıb.
 Osman Gündüz bildirib ki, son dövrlərdə xaker hücumlarının daha sistemli və yeni keyfiyyətdə həyata keçirilməsini nəzərə  alsaq, hücumlarla bağlı  qabaqlayıcı tədbirlərin gücləndirilməsi, İnternet və informasiya infrastrukturunun alternativlər üzərində qurulması vacibdir.

“Artıq Oyunlar zamanı İnternet təhlükəsizliyinin  və normal informasiya mübadiləsinin təmin edilməsi üzrə  sistemli formada Monitorinqlərin aparılacağı bildirilib. Monitorinqin dörd qurum tərəfindən həyata keçiriləcəyi qeyd edilib” – Osman Gündüz  vurğulayıb.

Osman Gündüz Oyunlar ərəfəsində sosial medianın, İnternet medianın normal fəaliyyətinin də xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu ərəfələrdə  RYTN Elektron Təhlükəsizlik Mərkəzi və XDMX Xüsusi Rabitə və İnformasiya təhlükəsizliyi Dövlət Agentliyinin üzərinə daha ciddi vəzifələr düşür. 

Ruhəngiz Muradova

 

 

 


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.