Azərbaycan İnternet Forumu dünən ölkə internetində yaranan problemlə bağlı açıqlama yayıb.
Azərbaycan İnternet Forumundan Xeberler.az-a bildirilib ki, ötən gün, 16 noyabr tarixdə bütün ölkə ərazisində internet təchizatı sahəsində ciddi problem yaranıb. Ölkə ərazisinin böyük bir hissəsində 6 saat müddətində internet olmayıb. Bu müddət ərzində daimi onlayn əlaqə tələb olunan müəssisə və təşkilatların, dövlət və özəl sektorun, xüsusi əhəmiyyətli qurumların, internet media qurumlarının, bank sektorunun fəaliyyətində ciddi problemlər yaşanıb.
AİF bildirir ki, internet bağlantısının kəsilməsi ölkənin internet təchizatının 90 faizini təmin edən Delta Telecom şirkətində baş verən yanğınla bağlı olub. Belə ki, yanğın nəticəsində şirkətin texniki sistemində, serverlərində ciddi problemlər yaranıb və internet təchizatı mümkünsüz olub. Yanğının səbəbləri haqqında hələlik şirkət tərəfindən rəsmi açıqlama verilməyib. Hazırda hüquq mühafizə orqanlarının bununla bağlı tədqiqat apardığı bildirilir.
AİF qeyd edir ki, baş verən hadisə, uzun müddət ölkənin qlobal dünyadan ayrılması, informasiya münasibətlərinin mümkün olmaması, xüsusilə də daimi onlayn əlaqənin vacib olduğu sahələrdə internet problemlərinin yaşanması ölkənin informasiya təhlükəsizliyi üçün ciddi təhlükədir.
AİF-in məlumatına görə, son illərdə ölkənin milli informasiya bazasının formalaşması istiqamətində, informasiya təhlükəsizliyinin qorunması istiqamətində müəyyən işlər görülüb. Dövlət və özəl sektorda informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi üçün müəyyən addımlar atılıb.
AİF Delta Telecom tərəfindən Azərbaycan İnternetinin qlobal dünyaya bir neçə fərqli magistral kanallar üzərindən bağlantısının qurulması istiqamətində son illərdə atdığı addımları da müsbət dəyərləndirir. Bununla belə AİF bildirir ki, baş verən hadisə onu göstərir ki, atılan addımlar yetərli deyil və ölkənin informasiya təhlükəsizliyi məsələsinə daha konseptual yanaşmaq vacibdir. Hökumət baş verənlərin təkrarlanmaması üçün dərhal ciddi tədbirlər görməli, bu sahədə rəqabətli mühitin, alternativlər üzərində infrastrukturun formalaşması üçün tədbirlər görməlidir. Müasir dövrdə informasiya təhlükəsizliyinin milli təhlükəsizliyin əsas tərkib hissəsi olmasını nəzərə alaraq AİF ölkənin dayanıqlı informasiya təhlükəsizliyi sisteminin, informasiya infrastrukturunun alternativ təchizatlar və alternativ informasiya şəbəkələri üzərində qurulmasını zəruri hesab edir.
AİF dövlət və ictimai sektorda bir müddət müzakirə olunan yeni milli informasiya təhlükəsizliyi konsepsiyasının hazırlanması məsələsinin yenidən gündəmə gətirilməsini vacib hesab edir.
AİF bu kimi halların bir daha təkrarlanmaması üçün, ən qısa 2-ci səviyyəli provayderlərin, daimi onlayn əlaqənin əhəmiyyətli olduğu qurumların da informasiya şəbəkəsinin alternativlər üzərində qurulmasının vacib olduğunu diqqətə çatdırır. AİF baş verən hadisənin səbəbləri haqqında ictimaiyyətə rəsmi açıqlamanın verilməsini vacib hesab edir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri