Azərbaycan Dəmir Yollarının rəqəmsal transformasiyası: əsas nailiyyətlər və təşəbbüslər

03-10-2024 / 18:41

Son zamanlar Azərbaycanın bir çox dövlət şirkətləri kimi, “Azərbaycan Dəmir Yolları” QSC də (ADY) dəyişir və müasirləşir. Müasirləşmə birbaşa rəqəmsallaşma ilə bağlıdır. Bu kontekstdə, xüsusən də son iki ildə biz ADY-nin təqdim etdiyi xidmətlər sahəsində rəqəmsal təşəbbüsləri müşahidə edirik.

Xeberler.az  APA-Economicsə istinadən məlumat verir ki, həm beynəlxalq nəqliyyat dəhlizləri boyunca, həm də şirkət daxilində əməliyyatların rəqəmsallaşdırılması prosesləri ilə bağlı sualları ADY-nin Baş rəqəmsallaşdırma inzibatçısı və Rəqəmsal inkişaf departamentinin rəhbəri Andrey İskriç müsahibəsində cavablandırıb.

– Andrey Valeryeviç, bir ildən artıqdır ki, ADY-də rəqəmsal proseslərə rəhbərlik edirsiniz. Şirkətin bu müddət ərzində formalaşmış rəqəmsal strategiyası hansı istiqamətləri əhatə edir?

– Azərbaycan Dəmir Yolları bu gün müasir, innovativ və müsbət dəyişikliklərə açıq şirkətə çevrilir. Bütün yeniliklər ADY-nin strategiyasına uyğun olaraq həyata keçirilir və əməliyyat səmərəliliyinin, ölkə ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit həcmlərinin artırılmasına xidmət edir və əsas diqqət müasir dünyanın çağırışları ilə bağlı kritik amillərə yetirilir. Bu kontekstdə rəqəmsallaşma sözügedən proseslərin effektiv idarə olunmasında mühüm rol oynayır. ADY-nin Müşahidə Şurası tərəfindən təsdiq edilmiş rəqəmsallaşma strategiyasına uyğun olaraq, qurumun İT sahəsi də müvafiq transformasiya prosesindən keçir. Artıq bir ildən çoxdur ki, biz bu strategiyanı fəal şəkildə tətbiq edirik və bu istiqamətdə işlərimiz davam edir.

ADY, ilk növbədə, Azərbaycanı qlobal nəqliyyat qovşağına çevirməyi qarşısına məqsəd qoyub və Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri boyunca yerləşən ölkələrlə dəmiryol nəqliyyatı infrastrukturunun rəqəmsallaşdırılması üzrə əməkdaşlığı genişləndirir. Bir sıra layihələr bu dəhlizlər boyu əməliyyatların sadələşdirilməsi və sürətləndirilməsi, xarici tərəfdaşlarla əməkdaşlığın səmərəliliyinin artırılması və dəhlizlərin yükgöndərənlər üçün daha cəlbedici və rəqabətli olmasına yönəlib. Beləliklə, ADY dəhlizlər üzrə yaradılmış assosiasiyalar və işçi qrupları çərçivəsində öz öhdəliklərini yerinə yetirir.

Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində yük əməliyyatlarının idarə edilməsi üçün müasir informasiya-analitik sistemlərinə inteqrasiya və yüklərin real vaxt rejimində izlənilməsi xidmətlərinin yaradılması da daxil olmaqla, bir sıra kompleks tədbirlər həyata keçirmişik ki, bu da daşımalarda şəffaflıq və nəzarəti artırıb. Biz dəhlizin inkişafı üzrə beynəlxalq forumlarda və işçi qruplarında fəal iştirak edir, yeni əməkdaşlıqlar qurur, prosedurların sadələşdirilməsi və yükdaşıma həcmlərinin artırılması üçün digər ölkələrin nəqliyyat operatorları və logistika şirkətləri ilə müqavilələr bağlayırıq. Beynəlxalq əməkdaşlığımıza misal olaraq, Dünya Bankının, BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının (UN ESCAP) işçi qruplarında iştirak, həmçinin beynəlxalq daşımaların standartlaşdırılması və inkişafı ilə məşğul olan TRACECA və Dəmir Yolları Əməkdaşlıq Təşkilatı kimi qurumların daimi üzvləri qismində iştirakı göstərmək olar.

Daşımaların idarə edilməsi, real vaxt rejimində yüklərin monitorinqinin optimallaşdırılması üçün infrastrukturu modernləşdirir və informasiya sistemlərini yeniləyirik. Rəqəmsal həllərimiz logistika proseslərini sadələşdirir və beynəlxalq müştərilərlə əlaqələri gücləndirərək Azərbaycanı regionda daha cəlbedici nəqliyyat mərkəzinə çevirir. Oxşar rəqəmsallaşma prosesləri Şimal-Cənub dəhlizində də həyata keçirilir. Yük məlumatlarının mübadiləsini və “Track&Trace” rəqəmsal xidmətlərini təmin etmək üçün “Global DTC” şirkətinin yaratdığı beynəlxalq logistika platformasına inteqrasiya ADY-nin dəstəklədiyi təşəbbüslər sırasındadır.

Rəqəmsal strategiya çərçivəsində ilkin dövrdə istehsal proseslərini təhlil etdik və şirkətin əməliyyat fəaliyyətini avtomatlaşdıran üç əsas sistemə, yəni “Yükdaşımaların idarə edilməsi”, “Yük-kommersiya işlərinin idarə edilməsi” və “Lokomotiv briqadalarının idarə edilməsi”nə olan tələbləri müəyyən edən konseptual çərçivə yaratdıq. Bu sistemlər daşımaların planlaşdırılması, personalın idarə edilməsi və idarəetmə sisteminin inkişafı üçün yüksəkixtisaslı kadrların formalaşdırılması kimi mühüm prosesləri həyata keçirir.

Bu həftə əlamətdar yeniliklərdən biri olan tarif kalkulyatoru tətbiq edilib və artıq Azərbaycan Dəmir Yollarının internet saytında (www.ady.az) yerləşdirilib. Bu rəqəmsal həll daşıma xərclərinin hesablanmasını və müştərilərlə qarşılıqlı əlaqəni əhəmiyyətli dərəcədə sadələşdirir və prosesi sürətləndirir.

Bununla yanaşı, tenderlərin keçirilməsindən tutmuş müqavilələrin icrasına nəzarətə qədər bütün mərhələləri avtomatlaşdıran satınalmaların idarə edilməsi sistemi də tətbiq edilib.

 

Digər mühüm nailiyyət beynəlxalq daşımaları sürətləndirən vahid CIM/SMGS yük qaiməsinin tətbiqidir. Bu həll bir neçə sənədi bir formatla əvəz etməyə imkan verir, gömrük prosedurlarını sürətləndirir və sərhədi keçərkən ortaya çıxa biləcək riskləri azaldır. Hesab-faktura olduğu kimi qonşu ölkələrin mövcud İT sistemlərinə ötürülür və “vahid daxiletmə” prinsipi ilə işləyən avtomatlaşdırılmış məlumat mübadiləsini təmin edir. Bütövlükdə bu dəyişikliklər gömrük proseslərini sadələşdirir, beynəlxalq ticarətin inkişafına dəstək verir və iqtisadi əlaqələri gücləndirir.

Həmçinin bu həftə sənədlərin qeydiyyatı və rəsmiləşdirilməsi prosesini əhəmiyyətli dərəcədə optimallaşdıran elektron iş icazəsi (naryad) istifadəyə verilib. Bunun sayəsində məlumatların dəqiqliyi əhəmiyyətli dərəcədə artıb ki, bu da öz növbəsində xətaların sayını azaldıb və sənədlərlə işi sürətləndirib. Bu alət artıq iş prosesinin sadələşdirilməsində və müştərilərlə qarşılıqlı əlaqənin yaxşılaşdırılmasında effektiv olduğunu sübut edib.

Yekun olaraq deyə bilərik ki, dəhliz boyu əməliyyatların rəqəmsallaşdırılması genişmiqyaslı işdir və bu, təkcə bizdən asılı deyil. Dəhlizlərin keçdiyi ölkələr də rəqəmsallaşma prosesində fəal iştirak etməlidir. ADY olaraq nəqliyyat dəhlizləri üzrə əməliyyatların səmərəli həyata keçirilməsi və daxili proseslərin rəqəmsallaşdırılması üzərində işləyirik.

– Bəs ADY daxili əməliyyatların rəqəmsallaşdırılması istiqamətində hansı işlər görür və şirkət qarşıya qoyduğu məqsədlərə nail ola bilirmi?

– ADY-nin rəqəmsal transformasiyası bir neçə əsas istiqaməti əhatə edir: istehsal proseslərinin və ofis funksiyalarının avtomatlaşdırılması, İT infrastrukturunun inkişafı, informasiya təhlükəsizliyinin təmin edilməsi və işçilərin İT bacarıqlarının artırılması. Əsas diqqət əməliyyat proseslərinin avtomatlaşdırılmasına yönəldilir. İT infrastrukturunun inkişafı və informasiya təhlükəsizliyi transformasiyanın tərkib hissəsidir. 2023-cü ildə biz yeni komanda qurduq, informasiya təhlükəsizliyi üzrə siyasəti müəyyənləşdirdik, layihə idarəetmə standartlarını, “MS Project” və “Atlassian Jira” kimi yeni sistemləri tətbiq etdik. Bu, İT proseslərimizin şəffaflığını, göstərilən xidmətlərin keyfiyyətini və İT sistemlərinin dayanıqlılığını artırıb. Həmçinin bütün sistemlərin işini yaxşılaşdırmaq üçün köhnəlmiş avadanlıqları sürətlə yeniləyirik.

2024-cü ilin sonunadək əməliyyat və korporativ proseslərin avtomatlaşdırılmasının başa çatdırılmasına, inteqrasiya platformasının (Enterprise Service Bus - ESB) hazırlanmasına, Rusiya Dəmir Yolları ilə hüquqi əhəmiyyətli sənəd dövriyyəsinin yaradılmasına və daxili daşımalarda tətbiqinə diqqət yetiriləcək. Bu, sistemlər arasında əlaqəni yaxşılaşdıracaq və məlumatların keyfiyyətini artıracaq. Həmçinin maliyyə proseslərinin avtomatlaşdırılmasına başlanılması planlaşdırılır.

Bundan əlavə, biz infrastruktur və hərəkətin təhlükəsizliyi də daxil olmaqla, əməliyyatların təhlükəsizliyini təkmilləşdirmək üçün süni zəkadan (AI) istifadəni araşdırırıq. Eləcə də lokomotivlərdə görüntünün təhlili sistemlərinin istifadəsini nəzərdən keçiririk və risklərin idarə edilməsi məqsədilə strukturlaşdırılmamış məlumatların təhlili üçün dil modellərini araşdırırıq. Bu texnologiyaların tətbiqi üçün xarici tərəfdaşların təcrübəsini də öyrənirik.

Təhlükəsizlik və əməliyyat səmərəliliyini artırmaq üçün daxili proseslərin rəqəmsallaşdırılmasına xüsusi diqqət yetirilir. Məsələn, yeni insidentlərin idarə edilməsi sistemi gözlənilməz situasiyalara operativ reaksiya verməyə, onların hərəkətin təhlükəsizliyinə təsirini minimuma endirməyə imkan verir. Bizim məqsədimiz bu sistemin hərtərəfli inkişaf etdirilməsidir. Bu, dəmir yolu əməliyyatlarının təhlükəsizliyini və etibarlılığını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.

Əməkdaşlarımız üçün çevik və səmərəli iş mühiti yaratmaq məqsədilə isə “Rəqəmsal iş yeri” (“Digital Workplace”) layihəsini həyata keçiririk. Əsas komponentlərdən biri məsafədən işləmək imkanıdır ki, bu da COP29 konfransı ərəfəsində xüsusilə vacibdir. Lakin layihə təkcə bu tədbiri əhatə etmir. Buraya məsafədən asılı olmayaraq, əməkdaşlar üçün yüksək iş standartlarını təmin etməyə imkan verən texnologiyanın tətbiqi daxildir. Bundan əlavə, müasir “Service Desk” sistemini işə salırıq ki, bu da daxili İT sorğularının işlənməsini sürətləndirəcək və əməkdaşlarımızın məmnunluğunu artıracaq. “Back office”in inkişafı baxımından ADY-nin elektron sənəd dövriyyəsi sistemlərinin Azərbaycanın rəqəmsal qovşağına inteqrasiyası həyata keçirilib ki, bu da rəqəmsal imzalı elektron sənədlərə tam keçidə imkan verir, sənədlərin işlənməsi və müvafiq qaydada ötürülməsinin səmərəliliyini və təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır.

Həmçinin Hərəkətin təhlükəsizliyi departamenti üçün insidentlərə operativ reaksiya sistemi hazırladıq. Bu sistem işçilərə təhlükəsizlik monitorinqinə çıxışı təmin etməklə yanaşı, mobil cihazlardan operativ cavab verməyə imkan verir. Aktivlərdə icazə verilmiş və icazəsiz dəyişiklikləri müəyyən etmək üçün informasiya təhlükəsizliyi resursunun inventarlaşdırılması sistemi də hazırlanır. Aktiv idarəetmə (“Asset Management”) sistemindəki bütün cari məlumatları, o cümlədən texniki pasportları texniki xidmət və təmir idarəetmə sisteminə köçürürük. Bu prosesin ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Bundan başqa, daxili təşkilati prosesləri təkmilləşdirmək üçün “HR Payroll” əməkhaqqı sistemini təkmilləşdirdik. Bu sistem hesablamaları və hesabatları sadələşdirəcək, iş vaxtı və maliyyə sistemlərinə inteqrasiyanı təmin edəcək, həmçinin əməkdaşların məlumat bazasının təhlükəsizliyini gücləndirəcək.

Bütün bu yuxarıda sadalananlar 2024-cü ildə həyata keçirdiyimiz layihələrin yalnız bir hissəsidir və qarşıda yeni maraqlı layihələrimiz olacaq.

– Andrey Valeryeviç, bir qədər də sərnişindaşıma sahəsində rəqəmsallaşmadan danışaq. Sərnişinləri hansı yeniliklər gözləyir?

– Rəqəmsal həllər sərnişin daşımalarında prosesləri əhəmiyyətli dərəcədə sürətləndirir, onların səmərəliliyini artırır və xidmət keyfiyyətini yüksəldir. Əgər rəqəmsal innovasiyadan danışırıqsa, o zaman “ADY Mobile” mobil tətbiqinin mühüm rolunu qeyd etmək lazımdır. Ötən il sərnişinlərin istifadəsinə verilən “ADY Mobile” tətbiqinin yüklənmə sayı artıq 124 mini ötüb. Tətbiq sərnişinlərə səyahətlərini daha rahat təşkil etməyə imkan verir. Onun köməyi ilə bütün istiqamətlərə bilet almaq və geri qaytarmaq, balansınızı artırmaq, qatarın hərəkət cədvəlləri ilə tanış olmaq və dəmir yolu ilə bağlı bütün xəbərləri və yenilikləri əldə etmək xeyli asanlaşıb. Hazırda qatarla səyahətə üstünlük verən sərnişinlərin təxminən 70%-i onlayn ödənişi seçir.

Yeniliklərə baxmayaraq, hələ də fiziki kartlardan istifadə edən sərnişinlər var. Onların da rahatlığını nəzərə alaraq, ADY-nin rəsmi internet saytında fiziki səyahət kartının balansının onlayn doldurulması imkanı tətbiq olunacaq. Bu, sərnişinlərin vaxtına qənaət edəcək, bilet kassalarında və ya stansiyalardakı terminallarda kartların doldurulmasına ehtiyacı aradan qaldıracaq.

Transformasiyadan danışarkən tətbiq edilən son yenilikləri də vurğulamaq istərdim. ADY artıq loyallıq proqramını tətbiq etməyə başlayıb. Loyallıq proqramı “ADY Mobile” vasitəsilə bilet alışı zamanı 3% keşbek qazanmaq, həmçinin tətbiqdə qeydiyyatdan keçmək, 3 dosta tətbiqdə qeydiyyatdan keçmək üçün dəvət göndərmək və sorğu və qiymətləndirmələrdə iştirak etməklə bonuslar əldə etmək imkanı verir.

Ölkədaxili reyslərə biletlərin qiymətini həftənin günündən, qatarın hərəkət istiqamətinə uyğun olaraq oturacaq seçimindən, bayram günlərindən və digər amillərdən asılı olaraq tənzimləyən dinamik qiymət sistemi tətbiq edilib. Bununla da səfərə 30-25 gün qalmış bilet alan sərnişinlər 15% endirimdən yararlana biləcəklər. Nəticə etibarilə bu, tələbatdan və digər amillərdən asılı olaraq qiymətləri çevik şəkildə dəyişməyə imkan yaradacaq ki, bu da bir tərəfdən, şirkətin gəlirlərinin artmasına, digər tərəfdən, səfərlərini əvvəlcədən planlaşdıran sərnişinlərə vaxtına və vəsaitinə qənaət etməyə imkan verəcək. Hesab edirik ki, bu proqram qatarlarımızın doluluq səviyyəsini balanslaşdırmalı və daha çox sərnişin cəlb etməlidir.

Sərnişindaşıma prosesinin sadələşdirilməsi üçün nəzərdə tutulan layihələrdən biri də “Sima-Pay” sisteminə inteqrasiyadır. Hazırda test olunan bu layihə Abşeron dairəvi dəmir yolunda biometrik yoxlama sisteminin tətbiqini nəzərdə tutur. Sərnişinlər üz tanıma kimi biometrik vasitələrdən istifadə edərək hər hansı təmas olmadan turniketlərdən rahat keçə biləcəklər.

– Bu yaxınlarda ADY-də yeni müasir İT ofisi fəaliyyətə başladı. Bu ofisin əsas iş prinsipi nədir?

– Yeni müasir İT ofisi Azərbaycan Dəmir Yollarının ilk innovativ və dinamik məkanıdır. Ofisin əsas funksiyası texnoloji dəyişikliklərə adaptasiyanı sürətləndirmək, müasir “Agile” metodologiyalarından istifadə etməklə komandalar arasında qarşılıqlı əlaqəni yaxşılaşdırmaq və rahat iş şəraiti yaratmaqdır. Ofis yaradıcı iş sahələri, komfortlu iclas otaqları və qeyri-rəsmi ünsiyyət üçün məkanlar təqdim edir ki, bu da innovativ düşüncə və fikir mübadiləsini stimullaşdırır.

Yeni İT ofisinin inkişafı ADY-nin müasir işəgötürən brendini möhkəmləndirməyə kömək edir və şirkəti istedadlı kadrlar üçün daha cəlbedici edir. Rahat və innovativ iş mühitinin yaradılması əməkdaşlara gələcək çağırışlara səmərəli şəkildə uyğunlaşmağa imkan verir və onların peşəkar inkişafını stimullaşdırır. Rəqəmsallaşma və insan kapitalına qoyulan investisiyalar təkcə ölkənin iqtisadi artımına deyil, həm də vətəndaşların həyat keyfiyyətinin yaxşılaşmasına töhfə verir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə