Azərbaycanda internet bankçılığın inkişaf səviyyəsi ürəkaçan deyil. Vətəndaşların banka getmədən bank xidmətlərindən istifadə etmək imkanları xeyli məhduddur. Halbuki dünyanın əksər ölkələrində vətəndaşlarla banklar arasında canlı təmasları azaldan, ən əsası isə nağd hesablaşmaların səviyyəsini azaldan internet bankinq geniş təşəkkül tapıb. Elə qonşularımız olan Rusiya və Gürcüstanda bu sahədə əldə olunan nailiyyətlər həsəd aparılacaq səviyyədədir.
Qeyd edək ki, internet bankinq müştərilərin öz hesablarını banka getmədən, elə olduqları yerdən idarə etmələri, bir sıra mühüm bank xidmətlərini internet üzərindən əldə etmələrini nəzərdə tutur. Belə xidmətlər arasında yerli və beynəlxalq ödənişlər, konvertasiya, hesab üzrə çıxarışlar, hesab üzrə qalıq, plastik kartlarda qalıq, kreditlər, depozitlər barədə məlumat əldə olunması var. Ən əsas isə budur ki, bütün bu xidmətləri müştəri 24 saat ərzində əldə edə bilir.
Azərbaycanda ən geniş yayılmış internet bankinq xidməti kommunal ödənişlərin həyata keçirilməsi və mobil nömrələrin balansının artırılmasıdır. Digər xidmətlərdən istifadə çox aşağı səviyyədədir.
Xeberler.az bildirir ki, mövzu ilə bağlı “Yeni Müsavat” -a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ölkəmizdə internet bankçılığın inkişafı sahəsində bir sıra problemlərin olduğunu qeyd edib:
“Azərbaycanda bankların əksəriyyəti API xidməti göstərmək istəyən şirkətlərə yetərincə şərait yarada bilmirlər. Banklarımızın internet texnologiyalara inteqrasiyası, online xidmətlər təklifi zəif inkişaf edib. Bunun səbəbi bir tərəfdən təhlükəsizliklə bağlıdırsa, ikinci tərəfdən mövcud qanunvericiliklə bağlıdır. Qanunvericilik banklara bu sahədə müəyyən məhdudiyyətlər yaradır. Məsələn, Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin nağdlaşdırma zamanı 1 faiz ödəniş tətbiq etdi. Əvvəllər beləydi ki, vətəndaş İnternet bankinq vasitəsilə VÖİN hesabındakı vəsaiti kart hesabına köçürürdü, oradan ödənişlərini icra edirdi. Bu qayda tətbiq olunandan sonra vətəndaş məcburən gedir banka, hesabındakı pulu nağdlaşdırıb, yenidən kart hesabına yatırdır. Bu isə əlavə vaxt və vəsait itkisi deməkdir.
Banklardan təşəbbüskarlığın olmaması, təhülkəsizliklə bağlı ifrat ehtiyatlılıq, peşəkar kadrların çatışmaması, qanunvericilikdə olan məhdudiyyətlər Azərbaycanda internet bankçılığın inkişafına mane olan əsas amillərdir. Bir-iki həftə öncə prezident tərəfindən "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq edilib. Bu proqramda rəqəmsal xidmətlərin, elektron ticarətin inkişafı ilə bağlı çoxsaylı məsələlər nəzərdə tutulur. Həmin məsələlərin həlli bu sahədə böyük irəliləyişə səbəb ola bilər”.
Forum rəhbərinin sözlərinə görə, ölkədə elektron ticarət, rəqəmsal sahibkarlıq inkişaf etməlidir ki, bankların İnternet üzərindən xidmətlərinə də tələbat artsın: “Bankın xidmətinin əsas alıcısı elektron ticarətçilər, rəqəmsal sahibkarlıqdır. Bunların inkişafı yoxdursa, internet bankinqə tələbat da yoxdur. Azərbaycanda elektron ticarətin inkişafı çox ləng gedir. Ən yaxşı halda həcmi 100 milyon dollardan yuxarı deyil. Elektron ticarət mağazalarının sayı barmaqla sayılacaq həddədir. Amma məsələn, Qazaxıstanda elektron ticarətin həcmi 1 milyard dolları keçir. Qazaxıstan hökuməti elektron ticarəti 3-4 illiyə vergidən azad edib. Nəticədə bu sahədə əsl bum yaşanır, elektron ticarət xidməti göstərən şirkətlərin sayı minlərlədir. Hökumət bu güzəştlə böyük həcmdə vəsaitlərin dövriyyəsini şəffaflaşdırmağa nail oldu, bir neçə ildən sonra isə oradan vergi gəliri də əldə edəcək. Bizdə də belə güzəşt və stimullaşdırıcı tədbirlərin tətbiqinə ehtiyac var”.
İqtisadçı-ekspert Samir Əliyev isə qeyd edir ki, bankların heç də hamısı İnternet bankçılıq üçün zəruri olan texnologiyaya malik deyil: “Banklarda zəruri infrastruktur çatışmır. Digər tərəfdən, əhalinin maliyyə savadlılığı aşağıdır, İnternetdən bu və ya başqa səviyyədə çoxları istifadə edə bilir, lakin böyük əksəriyyətin İnternet bankçılıqdan sadə məlumatı belə yoxdur. Başqa bir məsələ nağd ödənişlərin, nağd əməliyyatların həcminin yüksək olmasıdır. İnsanlar əksər hallarda ödənişlərini banklara etibar etmirlər: pulu(əmək haqqı, yaxud pensiya) kartdan çıxarıb gedib tutalım ki, marketdən nağd alış-veriş edirlər”.
S.Əliyev qeyd edir ki, xüsusilə regionlarda internet bankçılığın inkişafı üçün əlverişli mühit yoxdur: “Rəqəmsal sahibkarlıq inkişaf etməyib, regionlarda kommunal xidmətlərin ödənişi, mobil nömrə balansının artırılması istisna olmaqla, heç bir İnternet bank xidmətindən istifadə etmirlər. Hətta sahibkarlar vergilərini aparıb nağd ödəyirlər. Bu isə banklar üçün heç də stimullaşdırıcı mühit sayıla bilməz. Buna görə də İnternet bankçılığın inkişafı üçün dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilməlidir”.
Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyevin “AzərTAC”a dediyinə görə, prezidentin təsdiqlədiyi proqram bütövlükdə ölkənin nağdsız cəmiyyətə transformasiyasına dair təfsilatlı yol xəritəsini ehtiva edir: “Onun icrası ilə ilk növbədə "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan hədəflərə nail olunacaq. Qiymətləndirmələrə görə, nağdsız ödənişlərin illik həcmi təqribən 17 milyard manat artacaq. Bu isə nağdsız ödənişlərin payının hər il 7 faiz artmasına imkan verəcək. Nəticədə, bütövlükdə iqtisadi dövriyyələrdə nağd ödənişlərin payı 74 faizdən 40 faizə qədər azalacaq.
Nağd iqtisadiyyatın azalması ilə iqtisadi subyektlər arasında maliyyə şəffaflığı artacaq, vergidən yayınma halları azalacaq, bank sektorunun maliyyə resurs bazası güclənəcək, elektron bank əməliyyatlarının çeşidi, əlçatanlığı və elektron bankçılıqdan istifadə edən əhalinin xüsusi çəkisi, elektron ticarətin həcmi artacaq. Ümumilikdə dövlət proqramın qəbulu və uğurlu icrası ən qısa müddətdə ölkəmizdə nağdsız cəmiyyətin əsaslarını yaratmağa, iqtisadi münasibətlərdə rəqəmsal transformasiyaya ciddi töhfə verəcək”.
Mərkəzi Bank rəsmisi bildirir ki, rəqəmsal ödənişlərin genişləndirilməsinin əsas şərtlərindən biri də inkişaf etmiş bank sistemidir: “Maliyyə vasitəçiliyinin inkişaf etdiyi ölkələrdə nağdsız ödənişlərin həcmi adətən daha yüksək olur. Məhz bu səbəbdən Dövlət Proqramının əsas istiqamətlərindən biri də bank sektorunun yenidən canlandırılması, maliyyə dayanıqlığının bərpa edilməsidir. Buraya bank sektorunun sağlamlaşdırılması tədbirlərinin sürətləndirilməsi və aktiv pul bazarının formalaşdırılması prioritetləri üzrə tədbirlərin həyata keçirilməsi daxildir”.
Ölkədə dövriyyədə olan nağd pulun çəkisini müəyyən etmək üçün aparılan qiymətləndirmələr göstərir ki, 2016-cı il üzrə 180 milyard ümumi dövriyyənin 152 milyard manatını biznesin ümumi gəlirləri təşkil edib. Sahə üzrə araşdırmaların nəticələri bu gəlirlərin 109 milyard manatının (72 faiz) nağd gəlirlərdən ibarət olduğunu üzə çıxarıb: “Biznes subyektləri arasında nağd pulun çəkisinin azaldılması üçün ilk növbədə biznesin nağd puldan istifadə motivləri aradan qaldırılmalı, institusional mühitin nağdsız ödənişlərin inkişafına əlverişliyi təmin olunmalı, ədalətli rəqabətə əsaslanan bazar strukturu formalaşmalı, vergi sisteminin effektivliyi artırılmalı, vergidən yayınmağa imkan verən hallar aradan qaldırılmalıdır”.
Bu il avqustun 1-nə olan məlumatlara görə, ölkədaxili ödəniş kartları ilə aparılan əməliyyatların həcminin yalnız 9 faizi elektron ticarətin payına düşür. A.Quliyevin sözlərinə görə, elektron ticarətlə aparılan ödənişlərin həcminin aşağı səviyyədə olmasının əsas səbəbləri sırasına ölkəmizdə elektron ticarət platformalarının məhdudluğu, stumullaşdırıcı tədbirlərin lazımi səviyyədə təşkil edilməməsi, əhalinin nağd pulla ödəniş vərdişi, regionların, xüsusilə kənd yerlərinin müasir rabitə infrastrukturu ilə tam əhatə olunmaması kimi amillər daxildir: “Lakin qeyd edilməlidir ki, son vaxtlar nağdsız ödənişlərin həcminin artırılması istiqamətində bir sıra əhəmiyyətli işlər görülüb. Nəticədə ölkədaxili elektron ticarət vasitəsilə aparılan əməliyyatların həcmi son üç il ərzində 5,7 dəfə, ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin həcmi isə 2,8 dəfə artıb. Dövlət proqramının icrası bu sahədə əsaslı dönüşə gətirib çıxaracaq”.
A.Quliyev onu da bildirib ki, ölkənin bank sektorunda təklif olunan xidmətlərin yeni innovativ müstəvidə elektronlaşdırılması, elektron xidmətlərin miqyasının genişləndirilməsi üçün rəqəmsal identifikasiya sisteminin Blockchain platformasında yaradılması nəzərdə tutulur: “Son zamanlar blockchain platforması vasitəsilə həyata keçirilən həllər özünü doğrultduqca, bu texnologiyanın yaxın və uzaq qonşu ölkələrdə implementasiyası artmaqdadır. Blockchain texnologiyası biznes proseslərin həyata keçirilməsi zamanı fəaliyyətin şəffaflığının və operativliyinin təmin edilməsi məqsədilə istifadə olunur. Azərbaycanın bank sektorunda həyata keçirilən xidmətlərin keyfiyyətinin artırılması, müştəri məmnunluğunun yüksəldilməsi məqsədilə Mərkəzi Bank ölkədə ilk dəfə olaraq pilot blokchain platforması üzərindən layihənin reallaşdırılmasına başlayıb. İlin sonunadək layihənin pilot fazasının tamamlanması nəzərdə tutulur”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri