Azərbaycan Mərkəzi Bankı və Mastercard şirkəti tərəfindən Naxçıvanda layihə həyata keçirilir

08-06-2018 / 16:24

Bakı – 8 iyun 2018-ci il. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən Mərkəzi Banka verilmiş tapşırıqlardan biri də rəqəmsal ödənişlərin daha geniş tətbiqi üçün maarifləndirmə, təbliğat və təşviqat işlərinin aparılmasıdır.

Xeberler.az bildirir ki, bu tapşırığın icrası məqsədi ilə Mərkəzi Bank ölkə ərazisində nağdsız ödənişlərin genişləndirilməsinə, xüsusən də regionlarda əhali və təsərrüfat subyektləri arasında müasir bank texnologiyalarından istifadənin artırılmasına xüsusi diqqət yetirir və bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir. Növbəti belə bir tədbir qlobal ödəniş texnologiyalarının lideri olan Mastercard ilə birlikdə pilot olaraq seçilmiş Naxçıvan Muxtar Respublikasında (Naxçıvan MR) rəqəmsal ödənişlərin istifadəsinin stimullaşdırılması məqsədi ilə istehlakçılar və təsərrüfat subyektləri üçün stimullaşdırıcı kampaniyaların təşkil edilməsidir.

Naxçıvan MR-nın maliyyə naziri Səbuhi Məmmədov çıxış edərək son illər ərzində Muxtar Respublika rəhbərliyinin tapşırığına əsasən nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində görülmüş işlər barədə geniş məlumat verdi. Onun sözlərinə görə artıq bir neçə ildir ki, Naxçıvan MR-da təsdiq edilmiş proqrama əsasən əhali arasında nağdsız ödənişlərin artırılmasına dövlət orqanları tərəfindən geniş dəstək göstərilir.

Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev “Azərbaycan Respublikasında
telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” ilə Mərkəzi Banka verilmiş rəqəmsal ödənişlərin daha geniş tətbiqi tapşırığının icrası istiqamətində görülən işlər barədə məlumat verdi. Qlobal ödəniş texnologiyalarının lideri olan Mastercard ilə birgə ölkədə rəqəmsal ödənişlərin inkişafı üçün institusional mühitin yaxşılaşdırılması, iqtisadiyyatda nağd pul dövriyyəsinin azaldılması və nağdsız ödənişlərin genişləndirilməsi istiqamətindlə ötən il ərzində həyata keçirilmiş “Nağdsız Azərbaycan” layihəsi barəsində danışdı. Onun sözlərinə görə “Nağdsız Azərbaycan” layihəsi bütövlükdə ölkənin nağdsız cəmiyyətə transformasiyasına dair təfsilatlı yol xəritəsini özündə ehtiva edir və layihənin yekunu kimi hazırlanmış “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” bu istiqamətdə görüləcək işləri özündə birləşdirir.

A. Quliyev tərəfindən strateji yol xəritəsi ilə verilmiş tapşırığın icrası çərçivəsində hesablaşma əməliyyatlarının vəsaiti ödəyənlə, vəsaiti alan arasında 5-10 saniyə ərzində tam başa çatdırılmasını təmin edən Ani Ödənişlər Sisteminin yaradılması üzrə Mərkəzi Bank tərəfindən görülən işlər barədə də məlumat verildi. Sistemin yaradılması ilə ödəniş xidmətlərinin fiziki və hüquqi şəxslər üçün hər yerdə, hər zaman əlçatan olmasına və əməliyyatların 24/7/365 rejimində ödənişlərin həyata keçirildiyi anda başa çatdırıla bilinməsinə nail olunacaqdır. A. Quliyev rəqəmsal ödənişlərin istifadəsinin genişləndirilməsi istiqamətində planlaşdırılan ölkəmiqyaslı təbliğat və təşviqat tədbirləri bərədə də məlumatı diqqətə çatdırdı.

Sonra Mastercard-ın Azərbaycan üzrə meneceri Erdem Çakar yerli bazarda uzunmüddətli əməkdaşlığın möhkəmləndirilməsi məqsədi ilə Naxçıvan MR-da bu kampaniyanı həyata keçirməkdən fəxr etdiklərini vurğuladı. O, eyni zamanda, çıxışında Azərbaycanı nağdsız ödəniş sahəsində regionun lideri və Mastercard-ın ən mütərəqqi texnologiyalarını tətbiq edən ilk ölkə kimi görmək istədiklərini, son layihələri arasında əsas yeri “Mastercard” və Mərkəzi Bank tərəfindən birgə hazırlanan və ölkədə nağdsız transformasiya strategiyasının yaradılmasına yönələn “Nağdsız Azərbaycan” layihəsinin tutduğunu bildirdi. Erdem Çakar Bakıda keçirilən
uğurlu kampaniyaları bölgələrə doğru genişləndirməyə və burada qlobal "world beyond cash" baxışılarını təqdim etməyə şad olduqlarını, həmçinin Mastercard-ın rəqəmsal transformasiya və nağdsız cəmiyyət sahələrində Azərbaycanı regionun liderinə çevirmək məqsədilə dövlət orqanları ilə əməkdaşlıq etməsindən məmnunluq duyduqlarını görüş iştirakçılarının diqqətinə çatdırdı.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə