"Azercell" və "Azerfon" şirkətləri arasındakı problemlə əlaqədar danışıqlar müsbət keçib. İki şirkətin nümayəndələrinin apardığı danışıqların yekununda belə qərara gəlinib ki, "Azercell" "Azerfon"a yeni ödəmə planı təklif etsin və bunun əsasında borcların ödənilməsinə başlanılsın.
"Media forum" saytına açıqlamasında "Azercell" şirkətinin korporativ ünsiyyət və korporativ sosial məsuliyyət bölümünün rəhbəri Ülviyyə Həsənzadə deyib ki, iki operator arasındakı bütün kanallar açıqdır: "Ümid edirik, "Azerfon" təqdim olunacaq ödəmə planı əsasında borclarını ödəyəcək və heç bir problem qalmayacaq".
Ü.Həsənzadə son günlərdə "Azercell" xətlərində müşahidə olunan problemlərin xüsusi səbəbinin olmadığını, sırf texniki xarakter daşıdığını vurğulayıb: "Belə xırda texniki problemlər bütün operatorlarda olur".
Xatırladaq ki, iyunun 21-də "Azercell" şirkəti "Azerfon"la arabağlantıların 22 iyul, saat 00:00-dan kəsiləcəyinə dair xəbərdarlıq edib. Şirkət buna səbəb olaraq "Azerfon"un 11 milyon manatlıq borcunu ödəməməsini göstərib. İyulun 22-də mətbuat konfransı keçirən "Azerfon" şirkətinin rəhbərliyi isə "Azercell"in qara piarla məşğul olduğunu iddia edib. Şirkət rəhbərliyi təcili məhkəməyə müraciət etdiklərini deyib və qeyd edib ki, Bakı 1 saylı Yerli İqtisad Məhkəməsindəki prosesdə hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək "Azerfon"la "Azercell" şəbəkələri arasında ara bağlantının məhdudlaşdırılmasına yönələn hərəkətlər cavabdeh "Azercell"ə qadağan edilib.
İyulun 22-də məlum olub ki, "Azercell" nömrələrindən "Azerfon"a çıxış mümkündür, sadəcə, abonentlərin müəyyən hissəsinə məhdudiyyət tətbiq olunub. Elə həmin gün "Azercell" nömrələrinə şəhər telefonlarından və xaricdən zəng etmək mümkün olmayıb. Bunu isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi edib. "Turan"a açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirib ki, "Azercell"in şəhər telefon xətlərinə çıxışında yaranmış problemlər şirkətin "qanunsuz hərəkətləri"ndən doğub: "Əmirovun sözlərindən belə anlaşılıb ki, problem "Azercell" ilə "Azerfon" arasındakı mübahisənin tərkib hissəsidir".
Nazirlik rəsmiləri mətbuata açıqlamalarında "Azercell"i günahlandırıblar. Onlar bildiriblər ki, iki şirkət arasında münasibətlərin bu şəkildə həll edilməsi qanuna ziddir. İyulun 23-də "Azercell" mətbuata "Azerfon"la danışıqlara başlandığını və bütün kanalların açıq olduğunu elan edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri