AzTu və İdarəetmə Sistemləri İnstitutunun birgə iclası keçirilib

23-02-2024 / 14:34

21 fevral 2024-cü il tarixində İdarəetmə Sistemləri İnstitutu (İSİ) və Azərbaycan Texniki Universitetinin (AzTU) elmi şuralarının birgə iclası keçirilib. Tədbirdə hər iki elmi müəssisənin idarə heyəti, Elmi şura üzvləri, müvafiq laboratoriya və şöbə əməkdaşları, professor və müəllim heyəti iştirak ediblər.

Xeberler.az  xəbər verir ki, iclası giriş nitqi ilə açan İSİ-nin baş direktoru akademik Əli Abbasov qonaqları salamlayıb, gündəlikdə yer alan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 Azərbaycan Texniki Universiteti və İdarəetmə Sistemləri İnstitutu arasında 23 yanvar 2024-cü il tarixində imzalanan “Elmi-tədqiqat üzrə fəaliyyətin birgə həyata keçirilməsinə dair əməkdaşlıq haqqında anlaşma memorandumu”ndan irəli gələn məsələlər ətrafında çıxış edən AzTU-nun rektoru professor Vilayət Vəliyev memorandum çərçivəsində həyata keçiriləcək layihələrin ölkədə elm və təhsilin inteqrasiyası, mövcud elmi potensialın qorunub saxlanılması və inkişaf etdirilməsində mühüm rol oynayacağını qeyd edib. Sözügedən elmi müəssisələr arasında əməkdaşlıq əlaqələrinin inkişafında qarşıda duran hədəflərdən bəhs edən professor memorandumun əsas bəndlərindən irəli gələn məsələlərə nəzər salıb.

 V.Vəliyev rəhbərlik etdiyi ali təhsil müəssisəsinin strukturu, əsas fəaliyyət istiqamətləri, kadr potensialı, gənclərin elmə cəlb olunması, beynəlxalq əməkdaşlıq əlaqələri barədə şura üzvlərinə ətraflı məlumat verib. Universitetdə hazırda on iki minə yaxın tələbənin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil aldığını bildirən rektor ölkədə sənayenin inkişafına istiqamətlənən ixtisaslar üzrə Nəqliyyat və logistika, Energetika və avtomatika, Maşınqayırma və robototexnika, İnformasiya və telekommunikasiya texnologiyaları, Alman mühəndisliyi kimi ümumilikdə səkkiz faültə üzrə tədrisin həyata keçirildiyini bildirib.

 Təhsilin keyfiyyətinin artırılması istiqamətində beynəlxalq təcrübələrdən yararlanmağın önəmini vurğulayan professor Türkiyənin İstanbul Texniki Universiteti, Qazi Universiteti, Ankara Universiteti və digər ali məktəbləri, o cümlədən alman konsepsiyasına uyğun dünyanın qabaqcıl ali təhsil müəsissələri ilə AzTU arasında mövcud mübadilə və ikili diplom proqramları barədə söz açıb.

 Rektor Azərbaycan iqtisadiyyatının inkişafına hədəflənən aktual elmi sahələrin müəyyənləşdirilməsi, müvafiq elmi tədqiqatların həyata keçirilməsi və sənayedə tətbiqi, xüsusən də təhsilin magistratura və doktorantura səviyyələri üzrə  gənc kadr potensialının inkişafı istiqamətlərində İdarəetmə Sistemləri İnstitutu kimi böyük tarixə malik, qabaqcıl elmi-tədqiqat müəssisəsi ilə əməkdaşlığın mühüm nəticələr verəcəyinə əminliyini ifadə edib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsində tədris olunan baza ixtisasların İdarəetmə Sistemləri İnstitutunun süni intellekt texnologiyaları, əşyaların interneti (İoT), robototexnika və digər sahələrilə uyğun olduğunu bildirən professor bu istiqamətdə İSİ alimlərinin təcrübəsindən yararlanmağın əhəmiyyətini qeyd edib.

 Sonra İSİ-nin baş direktoru akademik Əli Abbasov çıxış edərək rəhbərlik etdiyi elmi müəssisənin tarixi, strukturu, idarəetmənin nəzəri və tətbiqi problemləri, süni intellekt texnologiyaları və sosial-iqtisadi sistemlərin tədqiqi kimi əsas fəaliyyət istiqamətləri və aparılan fundamental elmi tədqiqatlar barədə məlumat verib. Qlobal texnoloji çağırışların tələblərinə uyğun olaraq institutda həyata keçirilən “Əşyaların interneti” əsasında SCADA tipli beynəlxalq standartlara əsaslanan intellektual idarəetmə sistemlərinin hazırlanması, xüsusi təyinatlı pilotsuz uçuş aparatlarının idarəetmə sisteminin və müvafiq proqram təminatının işlənib hazırlanması, az rəqəmsal resurslu dillər üçün süni intellektə əsaslanan təbii dil texnologiyaları və tətbiqi kimi layihələrdən söz açıb. Akademik yerli və beynəlxalq elmi qurumlarla mövcud əməkdaşlıq əlaqələri, son illərin bibliometrik göstəriciləri, alınmış patent və qrantlar, həmçinin institutun nəzdində fəaliyyət göstərən Xüsusi Konstruktor Bürosu (XKB) tərəfindən istehsalatda tətbiq olunan elmi-tədqiqat işlərindən bəhs edib.

 Ə.Abbasov ötən il İSİ-nin təşkilatçılığı ilə keçirilmiş beynəlxalq konfrans və seminarlar, respublika konfransları və elmi sessiyalar haqqında şura üzvlərinə məlumat verib, Azərbaycanda ilk  dəfə olaraq virtual robotların təqdimatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş elmi sessiyanın əhəmiyyətini xüsusilə vurğulayıb.

 “Elmi-tədqiqat üzrə fəaliyyətin birgə həyata keçirilməsinə dair əməkdaşlıq haqqında anlaşma memorandumu”nun önəmini vurğulayan Ə.Abbasov onun Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanından irəli gələn vəzifələrin icrası ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində imzalandığını bildirib. Memorandumun imzalanmasında əsas məqsədin iki qurum arasında əməkdaşlığı yeni mexanizmlər əsasında inkişaf etdirmək, kadr və təcrübə mübadiləsi aparmaq, elmin inkişafına və maliyyələşdirilməsinə dəstək verməkdən ibarət olduğunu qeyd edib.

 Çıxışının sonunda Ə.Abbasov İSİ və AzTU arasında yeni məzmunda qurulan əməkdaşlıq əlaqələrinin süni  intellekt texnologiyaları sahəsində aktual elmi tədqiqatların aparılmasına, texnologiya transferinin həyata keçirilməsinə və əldə olunan mühüm elmi nəticələrin sənayedə tətbiqinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

 Daha sonra AzTU-nun Radiotexnika və telekommunikasiya kafedrasının müdiri professor Mehman Həsənov "Radiotexnika və telekommunikasiya mühədisliyi" proqramı üzrə SABAH qruplarında bakalavr hazırlığının İdarəetmə Sistemləri İnstitutunun mütəxəssisləri ilə birgə həyata keçirilməsi barədə çıxış edib.  Qeyd edib ki, sözügedən müəssisələr arasında ikitərəfli elmi əlaqələrin təkmilləşdirilməsinin ən önəmli məqamlarından biri də məhz gənc kadr potensialının inkişaf etdirilməsidir.

 Azərbaycanın əlverişli coğrafi və siyasi mövqeyi səbəbilə transmilli layihələrin reallaşmasında aktiv rola malik olduğunu bildirən M.Həsənov ölkəmizin Avropa və Asiya arasında həm təbii ehtiyatlar, həm də texnologiya transferində oynadığı mühüm roldan bəhs edib. “Azerbaijan Digital Hub” proqramı və Aktau-Siyəzən marşrutu üzrə sualtı optik xəttin çəkilişi layihəsindən söz açan M.Həsənov Azərbaycan elminin inkişafı və nəticələrin sənayedə tətbiqi istiqamətində radiotexnika və telekommunikasiya mühədisliyi üzrə gənc kadrların yetişdirilməsinin önəminə toxunub. Bu sahədə İSİ ilə qurulacaq əməkdaşlıq əlaqələrinin dronların məsafədən idarə olunması, boş fəzada optik siqnallar vasitəsilə informasiya təhlükəsizliyinin təmin olunması, elektromaqnit buzlaşmanın qarşısının alınması kimi məsələlərin həllində səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.

 Sonra AzTU-nun Elm və innovasiyalar üzrə prorektoru, t.e.d., professor Sübhan Namazov və İSİ-nin icraçı direktoru vəzifəsini müvəqqəti icra edən, t.e.d., dosent Elxan Səbziyev gündəlikdən irəli gələn məsələlər ətrafında çıxış ediblər, mövzular ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə AzTU-da  telekommunikasiya texnologiya və sistemləri, mexatronika və sənaye (İoT) sahələrində aparılan tədqiqat işlərinin İSİ-də aparılan müvafiq tədqiqat işləri ilə unifikasiyası və birgə layihələrin yerinə yetirilməsi imkanları və AzTU tərərfindən daxili “Qrant Layihəsi Müsabiqəsi”nin elan olunması üçün prioritet elmi iqtiqamətlərin seçilməsi və müsabiqənin keçirilməsi şərtləri haqqında layihələrin icrası istiqamətində müvafiq tapşırıqlar səsləndirilib.

 Daha sonra İSİ-nin Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev və professor Sübhan Namazov cari ildə İSİ-nin təşkilatçılığı keçiriləcək beynəlxalq konfranslar barədə çıxış ediblər, bu sahədə İSİ və AzTU arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

 İclasda, həmçinin iki qurum arasında birgə tədqiqatların həyata keçirilməsi, qrant layihələrdə iştirak, dərsliklərin, tədris resurslarının hazırlanması və digər istiqamətlərdə geniş fikri mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə