Beynəlxalq “İKT-də qızlar” Gününə həsr edilmiş konfrans keçirilib.
Bakıda “Avropa” otelində beynəlxalq İREX və İMS təşkilatlarının dəstəyi ilə Beynəlxalq “İKT-də qızlar” Gününə həsr edilmiş konfrans keçirilib.
Konfransda Azərbaycanın müxtəlif bölgələrindən məktəbli qızlar, habelə yerli və beynəlxalq təşkilatların və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri iştirak ediblər.
Görüş iştirakçılarını salamlayan İREX-in Azərbaycanda layihə rəhbəri Anajela Nikoara bildirib ki, İKT-nin inkişafına yardım əsas prioritetlərdən biridir, xüsusən qadınların informasiya texnologiyaları ilə tanışlığı və İnternetdən istifadəsi üçün geniş imkanlar yaradılması nöqteyi-nəzərdən.
Azərbaycanda qadınların İnternet istifadəçisi olması hələ də normaya çevrilməyib, onlar bu mövqedə Rusiya və Ukraynadakı qadınlardan xeyli geri qalırlar, hələ Avropanın inkişaf etmiş ölkələrini demirəm, deyə koordinator Günel Həsənova qeyd edib. Bu ölkələrdə İnternet istifadəçilərinin və İKT iştirakçılarının 60-70%-i demək olar ki, bütün yaş qruplarından olan qadınlardır. 2010-cu ilin göstəricilərinə görə, Azərbaycanda gender bərabərliyi kişilərin xeyrinə pozulub, onlar 66,8%-lə üstünlük təşkil edir. Həm də müşahidələr göstərir ki, İnternet istifadəçisi olan qadınlar arasında əsasən 15-30 yaş qrupu üstünlük təşkil edir.
Beynəlxalq “İKT-də qızlar” Günü 8 aprel 2011-ci ildə Beynəlxalq Elektrorabitə İttifaqı (BEİ) tərəfindən təsis edilib və hər il aprel ayının dördüncü cümə axşamı günü keçirilir. Bu gün qızların maraqlarını və güclü tərəflərini layiqincə qiymətləndirmək və onları informasiya-kommunikasiya texnologiyaları sahəsində peşələr seçməyə stimullaşdırmaq məqsədilə təsis edilib. Təşəbbüsün əsas vəzifələrindən biri BEİ-nin fəaliyyətinə kişilərin və qadınların bərabərliyi prinsipini daxil etməkdən və gender bərabərliyinin təmin edilməsinə və informasiya-kommunikasiya texnologiyaları vasitəsilə qadınların hüquqlarını və imkanlarını genişləndirməyə yardım göstərməkdən ibarətdir.
Bu mənada, təsadüfi deyil ki, İREX bütün diqqətini Azərbaycanın qadının cəmiyyətdə rolu ilə bağlı ortodoksal stereotiplərin daha güclü, İKT imkanlarının daha məhdud olduğu bölgələrinə cəmləyib. 19 bölgədə qızların İKT sahəsində maarifləndirilməsi üzrə İctimai İnformasiya Mərkəzləri (İİM) açılıb. Məsələn, bir ildə Sumqayıt şəhərində İİM-də 11 minə yaxın qadın, İmişli rayonunda isə 5 minə qadın İKT üzrə təhsil alıb. Məktəbli qızların bəziləri konfransda ətraf mühit mövzusunda maraqlı sosial əhəmiyyətli videokliplərini təqdim ediblər.
Amma onlar da virtual informasiya dünyasını tanımağa mane olan problemləri səsləndiriblər. Məsələn, Lənkəran şəhərində 700 şagirdin təhsil aldığı 9 saylı məktəbdə cəmi 15 köhnə kompüter var. Bərdə rayonunun Soğanverdi kəndində isə yeni məktəbdə 30 kompüterin yerləşdirildiyi sinif ümumiyyətlə bağlıdır.
RİTN nümayəndəsi Novruz Məmmədov İnternetə çıxış və onun sürəti ilə bağlı problemlər olduğunu etiraf edib, lakin rabitə naziri Əli Abbasovun 2015-ci ilə qədər demək olar ki, bütün yaşayış məntəqələrində İnternetə çıxış olacağı, keyfiyyətin isə xeyli yaxşılaşdırılacağı barədə son bəyanatını xatırladıb.(Turan)