Bizə uyğun qulaqlığı necə seçə bilərik?

07-12-2015 / 11:55

Musiq dinləyərkən, radioya qulaq asarkən, hansısa videoya baxdıqda qulaqlıqlar bizim köməyimizə çatır. Bəs tələblərimizə ən uyğun qulaqlığı necə seçək?

Xeberler.az özünə uyğun qulaqlığı tapmaq istəyən şəxslər üçün qulaqlıq alarkən diqqət edilməli məqamları ən sadə və yığcam şəkildə təqdim edir.

Ölçü və forma

Qulaqlıqlar ölçü və formalarına görə müxtəlif kateqoriyalara bölünsə də, biz onları daha ümumi qruplarda təqdim edəcəyik.

Qulaqdaxili qulaqlıqlar

Qulaqdaxili qulaqlıların yolda, ictimai nəqliyyatda istifadəsi rahatdır. Yüngül və kiçik ölçülü olduqları üçün cibdə və ya çantada asanlıqla daşımaq mümkündür. Bəzi qulaqdaxili qulaqlılar qulağın içinə tam daxil olaraq ətraf küylərin eşidilməsini də məhdudlaşdıra bilir. Bu cür qulaqlılarda diqqət etmək lazımdır ki, qulağa rahat yerləşə bilsin. Əgər qulaqlığın ölçüsü qulağa nəzərən böyük olarsa, uzun müddət istifadə etdikdə narahatlıq yarada bilər. Həmçinin qulaqlığın naqillərinə, onun dinamiklərlə birləşdiyi hissələrə diqqət etmək vacibdir. Adətən bu cür qulaqlıqların naqilləri incə və birləşmə nöqtələri həssas olduğundan tez sıradan çıxır.

Yastıqçalı qulaqlıqlar

Bu qulaqlıqları əsas xüsusiyyəti qulağı tam örtmədən onun üzərində kiçik yastıqça ilə oturmasıdır. Əksər modelləri arxası açıq olur, yəni xaricdən səs qəbul edir və eyni zamanda dinlədiyiniz musiqinin səsini də kənara ötürür. Səs keyfiyyətləri yüksək olsa da, qulağı tam örtmədiklərindən, arxası açıq olduqlarından aşağı tezlikli, bass səsləri eşitməyə çətinlik törədirlər. Yüngül və rahat daşına biləndir. Həm evdə, iş yerində, həm də gəzərkən istifadə edə bilərsiniz. Tam ölçülü qulaqlılardan fərqli olaraq yastıqçaları qulağı tam örtmədiyindən isinməyə səbəb olmur. Bu tip qulaqlıqlar seçərkən baş ölçüsünə uyğun olmasına və qulağın üzərinə rahat yerləşməsinə diqqət etmək lazımdır.

Tam ölçülü qulaqlıqlar

Həm açıq, həm də qapalı modelləri olan tam ölçülü qulaqlıqlar qulaqları tamamilə örtür və adətən böyük ölçülü olurlar. Ölçülərinin böyüklüyünə görə onlardan yolda, nəqliyyatda istifadə etmək, daşımaq rahat olmur. Bu tip qulaqlıqlar qulaq seyvanını tam örtüdüyündən daha yüksək səs keyfiyyəti əldə etmək mümkündür. Yastıqçaları qulağı tam əhatə etdiyi üçün daha rahat olsa da, bəzən uzun müddət istifadə zamanı isinməyə səbəb olur. Lakin yüksək keyfiyyətli səs əldə etmək üçün ideal seçim sayılırlar.

 

Küy məhdudlaşdırma və izolasiya

Qulaqlıqlardan istifadə edərkən ətrafdan digər səsləri, küyləri eşitmək elə də xoş təsir bağışlamır, həmçinin qulaqlıqdan ətrafa səs və küyün yayılması da. Bir çox qulaqlıqlar küyü məhdudlaşdıra bilir. Bunlar daha çox arxası qapalı qulaqlıqlar, bir sıra qulaqdaxili qulaqlıqlardır. Bu xüsusilə ətrafda olduqca küyün olduğu yerlərdə sizin rahatlıqla musiqi, radio və s. dinləməyinizə şərait yaradır.

Küydən izolasiya isə tamamilə ətraf səslərin və küylərin eşidilməsinin qarşısının alınmasıdır. Bu texnologiya malik qulaqlıqların qiyməti adətən daha yüksək olur. Həmçinin bu cür qulaqlıqlardan daha çox peşəkarlar istifadə edir.

Əgər qulaqlıqlardan yolda, nəqliyyatda istifadə edirsinizsə, çalışmaq lazımdır ki, müəyyən qədər küyün və səsin daxil olmasına icazə verən qulaqlıqlarda istifadə edilsin. Bu sizi hansısa yol-nəqliyyat qəzasının səbəbkarı və qurbanı olmaqdan xilas edə bilər.

Texniki göstəricilər

Tezliklər

İnsan qulağının eşidə biləcəyi tezlik aralağı 20-20000 hers kimi qəbul edilir. Aşağı tezlik səsin bəmliyini, yuxarı tezlik isə zilliyini göstərir. Məsələn, almaq istədiyiniz qulaqlığın qablaşdırmasının üzərində 100Hz-10kHz yazılıbsa, bu o deməkdir ki, bu qulaqlığın ötürə biləcəyi səs 100-10000 hers tezliklərindədir. 100 hers isə bass, bəm səsləri ötürə bilmək üçün yaxşı göstərici deyil. Aşağı göstərici 20 hersə və yuxarı göstərici 20000 hersə nə qədər yaxın olarsa, bu qulaqlığın ötürə biləcəyi səsin keyfiyyəti də bir o qədər çox olar.

Həssaslıq

Əlbəttə, biz qulaqlıq alarkən onun səsisin yüksək çıxmasını istəyirik. Qulaqlıqlarda bu parametr həssaslıq kimi qəbul edilir və desibel(dB) ifadə olunur. Tam səssizlik 0 desibel, pıçıltı 30, adi danışıq isə 60 desibel kimi götürülür. İnsan qulağı üçün 85 desibeldən yuxarı səslər zərərvericidir və ciddi problemlər törədə bilər. Bir çox qulaqlığın səs həssaslığı 90-100 desibel olur, bu aralıqlarda səs həssaslığına sahib qulaqlıq almaq sizi qane edə bilər. Lakin unutmayın ki, uzun müddət yüksək səslə musiqi dinləmək qulaqlarınıza ciddi zərər verə bilər.

Naqilsiz qulaqlıqlar

Artıq naqilsiz qulaqlıqlar da mövcuddur. Bu cür qulaqlıqlar müxtəlif əsaslar əsasında işləyə bilir. Məsələn, evdə quraşdırılan kiçik bir baza stansiya vasitəsilə kompüter qoşulan qulaqlıqlar mövcuddur. Həmçinin mobil telefonların, MP3 pleyerlərin qoşula bildiyi, Bluetooth texnologiyası əsasında işləyən bilən qulaqlıqlar mövcuddur. Bu cür qulaqlıqlarla bağlı əsas problem onların batareya və ya akkumlyator kimi əlavə enerji mənbələrinə ehtiyac duymasıdır. Həmçinin naqilsiz qulaqlıqların dalğaları müxtəlif elektronik cihazların dalğaları ilə qarışa bilər.

Haradan almalı

Qulaqlıq alarkən musiqi, səs alət və avadanlıqları satan mağazalara müraciət etmək daha doğru olar. Burada həm daha geniş çeşid arasında seçim etmək imkanınız olar, həm də satıcılardan daha geniş məlumat əldə edə bilərsiniz. Həmçinin qulaqlıq haqda internetdə istifadəçi rəylərini araşdırıb oxumaq adətən bu cür məhsullarının seçimi zamanı çox faydalı olur.

Əgər mağazada belə bir imkan varsa, məhsulu mütləq sınaqdan keçirin. Müxtəlif musiqilər dinləyin, bir müddət qulağınızda qalmasına icazə verin. Beləliklə, istədiyiniz səs keyfiyyətinə sahib olub olmadığnı, qulağınıza rahat yerləşib yerləşmədiyini daha rahat öyrənə bilərsiniz.

Saxta, mənşəyi məlum olmayan qulaqlıqlardan uzaq durun. Onları bir çoxu ucuz olsa da, çox tez sıradan çıxır, həmçinin lazımi təhlükəsizlik və sağlamlıq standartlarına cavab vermir.

 

Murad Məmmədzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə