Google yeni məhsullarını təqdim edib

05-10-2017 / 16:01

Google şirkəti Nexus istehsal xəttini əvəz edən Pixel 2 və Pixel 2 XL adlı smartfonlarını, həmçinin Pixelbook adlı güclü noutbukunu rəsmən təqdim edib.

Pixel 2 smartfonu 1080x1920 piksel təsvir ölçülü və tərəflər nisbəti 16:9 olan 5 düymlük displey, Pixel 2 XL isə 1440x2560 piksel təsvir ölçülü,  kiçik çərçivəli və tərəflər nisbəti 18:9 olan 6 düymlük ekranla təchiz edilib.

Hər iki smartfon barmaq izi sensoru ilə təchiz edilib, Qualcomm Snapdragon 835 prosessoru ilə işləyir və 4 QB əməli yaddaşa malikdir.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, Pixel 2 və Pixel 2 XL smartfonlarında daxili yaddaşın tutumu 64 və ya 128 QB təşkil edir.

Hər iki smartfon 12 meqapiksellik əsas kamera ilə təchiz edilib. Məlumata görə, bu kamera DxOMark testində 98 bal toplayaraq iPhone 8 Plus və iPhone 8 Plus qurğularının kamerasını geridə qoyub.

Pixel 2 və Pixel 2 XL smartfonlarının ön kamerası 8 meqapiksel təsvir ölçüsünə malikdir. Həmçinin hər iki qurğunun kamerası təsvirin həm optik, həm də rəqəmli sabitləşmə sisteminə malikdirlər. Bundan başqa, əvvəlcədən qurulmuş “Google Lens” proqramı əvvəl çəkilmiş şəkillərdə, yaxud real vaxt rejimində kameranın obyektivinə düşmüş obyektləri tanımaq qabiliyyətinə malikdir.

Son iPhone modelləri kimi Pixel 2 və Pixel 2 XL smartfonlarında qulaqlıqlar üçün 3,5 mm-lik konnektor yeri yoxdur, aparat toz və suya qarşı davamlıdır. Yeni Pixel smartfonlarının sahibləri musiqi dinləmək üçün “USB Type-C” portuna malik qulaqlıq və ya simsiz modellərdən istifadə edə bilərlər. Qulaqlıqlar musiqi dinləməkdən başqa, həmçinin “Assistant” köməkçisindən istifadəyə imkan verir və real vaxt rejimində danışığın ikitərəfli tərcüməsini dəstəkləyir.

Yeni smartfonlar “Android 8.0 Oreo” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir, akkumulyator batareyaları isə sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir.

64 və ya 128 QB-lıq Pixel 2 smartfonunun qiyməti müvafiq olaraq 649 və 749 dollar, Pixel 2 XL cihazının müvafiq versiyaları isə 849 və 949 dollara satılacaq.

Pixelbook noutbuku 10,3 mm-lik qalınlığında alüminium korpus, “Gorilla Glass” qoruyucu şüşəsinə malik 12,3 düymlük sensor ekran və klaviatura işıqlandırıcısı ilə təchiz edilib. Noutbukun konstruksiyası ondan planşet kimi istifadəyə imkan verir, Google Assistant səs köməkçisini başlatmaq üçün xüsusi düymə nəzərdə tutulub.

Pixelbook noutbuku son nəsil Intel Core i5 və ya i7 prosessorları, 16 QB-dək əməli yaddaş və 512 QB-dək SSD daşıyıcı ilə təchiz edilib. Qurğunun avtonom iş vaxtı 10 saat təşkil edir. Yeni noutbuk Chrome OS sisteminin idarəetməsi altında işləyir.

Pixelbook noutbukunun qiyməti 999-1649 dollar aralığında təşkil edəcək.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə