Məlum olduğu kimi , ölkədə təhsilin inkişafına dəstək verib, tələbələri həvəsləndirmək üçün Azercell şirkəti tərəfindən hər il Tələbə Təqaüdü və Tələbə Təcrübə Proqramı elan edilir.
Müşahidələrimiz göstərir ki, tələbələr arasında bu proqramlara böyük həvəs var. Hətta, hər iki imkanı qazanmaq uğrunda gənclər arasında ciddi rəqabət gedir .
Ötən dəfə Tələbə Təcrübə proqramını qazanmış dostumuzla danışanda deyir ki, hələ də hamı ondan soruşur ki, proqrama necə qəbul olundu? Niyə onu seçdilər və bunun kimi digər suallar çox olur.
Xeberler. az olaraq şirkətin həyata keçirdiyi bu sosial fəaliyyətlə daha yaxından maraqlanıb, həm öz suallarımıza, həm də tələbələrdə belə maraq yaradıb, onlarda da çoxlu suallar yaradan proqramların keçirilmə, qəbul qaydalarına aydınlıq gətirmək üçün Azercell şirkətində olduq.
Proqramın təşkilat komitəsi, hazırda şirkətin təcrübə proqramında iştirak edən və bu proqramları bitirmiş təcrübəçilərlə ətraflı söhbət etdik.
Azercell-in İnsan Qaynaqları departementinin Şöbələrin və İstedadların İdarəedilməsi şöbəsinin rəhbəri Aytən Fərzəliyeva proqramların keçirilmə tarixi və məqsədləri barədə ətraflı məlumat verib:
Aytən Fərzəliyeva qeyd edib ki, Azercell-də tələbə proqramları 2008-ci ildən başlayıb. Artıq 8 ildir ki, tələbələr üçün yay-qış təcrübə proqramları keçirilir. İldə bir dəfə isə Azercell Təqaüd Proqramı təşkil edilir.
Onun sözlərinə görə, Təqaüd Proqramı zamanı ölkənin ali təhsil müəssisələrindən istedadlı tələbələr arasından seçim aparılır. Hər iki proqramda son 2 kursda təhsil alan tələbələr iştirak edə bilər.
Ayda 200 AZN təqaüd almaq imkanı
Aytən Fərzəliyeva bildirib ki, seçimlər son 2 kurslarda təhsil alan tələbələr arasında aparılır. Çünki nlar artıq müəyyən nəzəri biliklərə malik, universitetdə nailiyyətləri olan tələbələrdir.
Təqaüd proqramını qazanmış tələbələr hər tədris ayları üçün Azercell-dən 200 AZN təqaüd əldə edir.
Tələbələr müəyyən seçim mərhələlərindən keçməlidirlər.
Aytən Fərzəliyeva proqramlara müraciət etmək qaydaları barədə də ətraflı məlumat verib:
-Namizədlər öncə Azercell-ə rəsmi sayt vasitəsi ilə müraciət edir. Bir ay ərzində elan saytda açıq olur. Bundan əlavə, biz universitetlərdə təqdimat keçirib, həmçinin bölgələrdə də tələbələrlə görüşlər təşkil edirik. Bu bir ay ərzində tələbələrin müraciətləri toplanır. Müraciət edən şəxslər tələbə bileti, qiymət kitabçasının skan versiyasını mütləq onlayn şəkildə bizə təqdim etməlidirlər. Sonra 10 gün ərzində şirkət tərəfindən müraciətlər araşdırılır. Bu seçim mərhələsindən adətən təxminən 20-30 faiz tələbə uğurla keçir. İkinci mərhələdə isə onlara biliklərini, dünyagörüşünü, məntiqi düşüncələrini yoxlamaq üçün yazılı tapşırıqlar təqdim olunur . Daha sonra namizədlər müxtəlif mövzular ətrafında esse ( məqalə) yazır. Esselər Azərbaycan və ya ingilis dilində yazılır. Bu mərhələdən isə 30 tələbə son seçim mərhələsinə qalır. Son seçim mərhələsi üçün İnsan Qaynaqları departmentindən və şirkətin müəyyən şöbələrinin mütəxəssislərindən ibarət Komitə toplanır. Bu məhələləri keçmiş tələbələrlə üzbəüz müsahibə təşkil edilir. Bir saat ərində Komitə tərəfindən tələbənin dünyagörüşü, nailiyyətləri, universitet həyatı, maraqları , bilik və bacarıqları barədə söhbət keçirilir.
Sonda Komitənin bütün üzvlərinin qərarı dinlənilir. Yəni, bu seçim subyektiv formada həyata keçirilmir. Hətta, bəzən Komitənin üzvləri ilə hansı tələbəni seçmək mövzusunda uzun müzakirələr edirik.
Tələbənin qiymətləri A və B olmalıdır
Şöbələrin və İstedadların İdarəedilməsi şöbəsinin eksperti
Sevinc Teymurova deyib ki, ilk mərhələdə tələbənin aldığı qiymətə önəm verilir. Yəni, qiymət kitabçasında qiymətlər müasir hesablama sisteminə görə B ( çox yaxşı) və A ( Əla) olmalıdır.
Onun sözlərinə görə, bu proqramlarda ən fəal iştirak edən universitetlər İqtisad Universiteti, Qafqaz, Diplomatik Akademiya, Odlar Yurdu və Texniki Universitetdir.
Şirkət nümayəndəsi qeyd edir ki, son 3 ildir ki, bölgələrdə yerləşən universitetlərdən də qəbul başlayıb:
- Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti , Mingəçevir Dövlət Universiteti, Gəncədə isə 3 ali təhsil müəssisəsi ( Aqrar Universiteti, Texnologiya, Gəncə Dövlət Universiteti) ilə əməkdaşlıq edirik. Bölgələrdə tələbələrin fikirlərini daha rahat ifadə etməsi üçün esseləri yalnız Azərbaycan dilində yazmaq imkanı yaradırıq.
Bölgələrdə tələbə proqramlarına maraq hər il artır
Müşahidələrimiz göstərir ki, son dövrlərdə bölgələrdə təhsil alan tələbələrin həm dünyagörüşü, həm də dil bilikləri çox inkişaf edib. Gəncə Dövlət Universitetində, Naxçıvan Dövlət Universitetində bu il bizim üçün çox maralı tapıntılar oldu. Tələbələrin bilik səviyyələri ötən illərə nisbətən daha yüksək idi. Maraqlı, potensiallı, geniş dünyagörüşlü tələbələr seçmişdik. Həmçinin, tələbələrinin dil biliklərinin yüksək olması diqqətimizi çəkdi. Bölgələrdə proqrama maraq hər il artır. Bu şəhərlərdə bizi də çox səmimi qarşılayır, proqram barədə ətraflı məlumat verib, imtahanları təşkil etmək üçün hər cür şərait yaradırlar.
Bu il şirkətə rekord sayda müraciət olub
Aytən Fərzəliyeva maraqlı statistika təqdim edib. Onun sözlərinə görə, proqramlarla bağlı bu il şirkətə rekord sayda müraciət olub. Belə ki, bölgələr də daxil olmaqla şirkətə 1000 -dən çox müraciət daxil olub.
O bildirib ki, ümumilikdə bu günə qədər Azercell-dən rayonlar da daxil olmaqla 97 nəfər təqaüd imkanı qazanıb. Təcrübə keçənləri sayı isə bu il də daxil olmaqla 83 nəfərdir. Hazırda şirkətdə qış təcrübə proqramında 15 nəfər tələbə iştirak edir.
Məqsədimiz tələbələrə maddi yardım edib sonra onları görməmək deyil
Təqaüd proqramı yalnız bakalavr tələbələr üçün nəzərdə tutulur və hər il sentyabr-oktyabr aylarında elan olunur. Təcrübə proqramlarına isə ildə bir neçə dəfə start verilə bilər:
-Bu, şirkətin həyata keçirdiyi layihələrdən asılıdır. Şirkətin böyük layihələri olarsa, təcrübə proqramı elan edilir. Çünki tələbələrin bizə çox köməyi dəyir. Həm onlar öz nəzəri biliklərini fəaliyyətdə tətbiq edib, kadr kimi yetişə bilir, həm də biz onların fəaliyyətindən faydalana bilirik. Məqsədimiz tələbələri seçib , maddi tərəfdən yardım etdikdən sonra bir daha onları görməmək deyil. Şirkətimiz onlara proqramlar bitdikdən sonra da dəstək göstərir. Bu bir sosial layihədir. Məqsədimiz tələbələri həvəsləndirmək, gəncləri motivasiya etməkdir. Hər iki proqramda iştirak edən tələbələrin daha sonra şirkətin müəyyən layihələrinə qatılmasını da təmin edirik. Azercell Akademiyasında onlar üçün müəyyən tədrislər hazırlayırıq.
O qeyd edib ki, tələbələr Azercell-in bütün departamentlərində ( Texniki, Maliyyə, Marketinq, Müştəri Xidmətləri, Hüquq, İnsan Qaynaqları və s.) , təcrübə keçə bilir:
-Nəzərə alsaq ki, Azercell telekommunikasiya şirkətidir. Ona görə də əsasən proqramlaşdırma və şəbəkə ilə işləyə bilən tələbələrə üstünlük verilir. Bu il də 15 nəfər təcrübəçimiz var. Onlardan 10 nəfəri texnoloji sahə üzrədir.
Tələbə proqramına qəbul olunmam xəbəri univesitetdə “Wow” effekti yaratdı
Hazırda şirkətin Təcrübə proqramını qazanmış və şirkətdə Layihələrin İdarədilməsi ( Project Management ) qrupunda təcrübə keçən və Startap Azərbaycan müsabiqəsində RobiGuide layihəsi ilə qalib olan Namət Məmmədzadə deyir ki, qazandığı nəzəri təcrübələri hazırda parktikada həyata keçirir:
- Tələbə proqramına qəbul olunmam xəbəri univesitetdə “Wow” effekti yaratdı. Yəni, Azercell-də təcrübə keçmək hər tələbənin arzusudur. Dərsimlə və işimlə əlaqədər olaraq həftənin yalnız 1-3-5-ci günləri Azercell-də oluram. Əsasən startap layihələrindən qazandığım təcrübələri şirkətdə mütəxəssislərin işlərinə baxaraq tətbiq edirəm. Bir aydan artıqdır təcrübə proqramındayam. Artıq şikət daxilində yeni layihəyə də başlamışıq.
Əvvəlki fəaliyyətiniz çox əhəmiyyətlidir
Startapçı deyir ki, proqram barədə Azercell-in əməkdaşının Facebook-dakı paylaşımından məlumatı olub: Müraciət üçün öncə motivasiya məktubu yazdı, özü haqda məlumatları əlavə etdi. Əvvəlki fəaliyyəti barədə ümumi məlumatları da CV-də qeyd edib sayt vasitəsi ilə şirkətə göndərdi. Onun sözlərinə görə, əvvəlki fəaliyyətlərə seçim mərhələsində çox diqqət edilir. Bu mərhələni də uğurla keçib:
- Yazılı imtahan sırf kompüter bilikləri və məntiq sualları idi. Proqramlaşıdma dillərini bilmək də əsas şərtdir. Əsasən məntiqi biliklərə yer verilir.
Suallar çox dəqiq qoyulmuşdu, sağlam rəqabət var idi. Əvvəlki fəaliyyətin də nəzərə alınır. Yəni, seçim mərhələsi çox şəffaf aparılır. Heç bir qeyri yolla, başqa üsulla qəbul həyata keçirilmir. Bacarığınız şikətin qoyduğu kriterilərə uyğun gəlirsə, qəbul olunursunuz.
Namət Məmmədzadə qeyd edib ki, şirkətdə təcrübəli mütəxəssislərdən layihələrinin fəaliyyətini genişləndirmək baxımından faydalı təcrübə qazanır.
Namət Məmmədzadə deyir ki, burada təcrübə keçmək onun üçün bir növ təcrübə üzərinə təcübədir:
-Uşaqlıqdan elə Azercell-də işləmək istəyirdim. Gələcəkdə də fəaliyyətimi Azercell-də davam etdirmək arzusundayam. 6 aylıq proqramdan səmərli istifadə etməyi düşünrəm. Öz layihələrimin gələcək inkişafı üçün də Azercell yaxşı təcrübədir.
Azercell-in verdiyi təqaüdlə İELTS imtahanı verdim
Azercel-in hər iki Tələbə proqramını qazanmış və hazırda neft sektorunda çalışan İqtisad Universitetinin məzunu Zeynəb Dadaşova deyir ki, Azercell-də 2 ay Marketinq, 7 ay da Maliyyə şöbəsində təcrübədə olub:
- Azercell-in həm təcrübə, həm də təqaüd proqramını qazanmışam. Şirkətdən aldığım təqaüdümü təhsilimə yatırdım. Bu vəsaiti Londonda yay məktəbində xərclədim və IELTS imtahanından keçdim. Bununla yanaşı, həmin təqaüdlə mühasibatlığa aid çox sayda faydalı kitablar aldım. Azercell-dən əvvəl mühasibatlıq üzrə hər-hansı təlimdə olmamışdım.
İşə qəbul zamanı şirkətlər Azercell-in brendi, burada əldə edilən təcrübəni çox dəyərləndir
Zeynəb Dadaşova deyir ki, proqram müddətində gündəlik mühasibat işlərini yerinə yetirmək, bank qrupu ilə hesabat aparmaq, gələn hesabların ödənişlərini yoxlamaq və mühasibatlıqla bağlı digər məsələlərlə bağlı təcrübə qazanıb. O qeyd edib ki, bu gün yüksək prestijli neft-qaz şirkətində işləməyinə Azercell-in təcübəsi çox yardım edib:
-Mühasibatlıq üzrə müsahibədə Azercell-də təcrübə qazandığımı qeyd etməyim mənim qəbul olunma şansımı artırdı. Şirkətlər başa düşür ki, Azercell kimi yerdə təcrübə böyük imkanlar qazandırır. Azercell-in brendi, burada əldə edilən təcrübəni çox dəyərləndirirlər. Həmçinin, bu, məni həmyaşdırlarım arasında da fərqləndirirdi. Dostlarım həmişə mənə təcrübə və təqaüd proqramı barədə çoxlu suallar verir. Onlar da qeyd edir ki, sən buna layiq idin. Yəni, şirkət bilik və bacarığa çox önəm verir. Ona görə qəbul prosesi tam obyektiv olur. Mənim universitetdə ortalama balım 98, 5 idi. Bu nəticə məni Azercell-ə gətirdi. Ətrafımdakı insanlar da bunu başa düşür.
Şirkətin həm onlayn, həm də klassik kitabxanası var
Təcrübə proqramında iştirak edən tələbələr deyir ki, burada həm də dil biliklərni təkmilləşdirmək imkanları olur. Belə ki, Azercell tərəfindən təqdim edilən kitablar əsasən ingilis dilində olur.
Öyrənirik ki, şirkətin həm onlayn, həm də klassik kitabxanası var. Hər iki kitabxanadakı biznes ədəbiyyatı və digər faydalı kitablar var. Bunlar da daim yenilənir. Tələbələr istədikləri vaxt hər iki kitabaxanadan istifadə edə bilir.
Müsahiblərimiz deyir ki, hər qrupun müəyyən mentoru olur və tələbərlə yalnız iş saatı yox, digər vaxtlarda da daim ünsiyyətdə olur. Onları maraqlandıran sualları sosial media vasitəsi ilə operativ cavablandırır. Gündəlik fəaliyyər planı, layihələrin bitirilməsi üçün son tarix və digər məsələlərini da mentorlar təşkil edir.
Şöbələrin və İstedadların İdarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi Nərgiz Xancanbəyova deyir ki, Azercell hər il karyera sərgilərində aktiv iştirak edir. Bu il isə şirkət tərəfindən ilk dəfə ADA-da karyera təlimi təşkil edilib. Təlimdə 100-ə yaxın tələbə iştirak edib. Onlara biznes qurmaları istiqamətində məsləhətlər verilib. İşə qabul zamanı diqqət yetirilən vacib məqamlar tədris edilib. Onlar müsahibə zamanı geyim, davranış, danışıq qaydaları, CV tərtib etmək barədə şirkətin mütəxəssisləri ilə ətraflı söhbət etmək imkanı qazanıb.
13 tələbə Azərcell-də işləmək imkanı qazanıb
Aytən Fərzəliyeva bir məqamı da vurğulayıb ki, bütün bu imkanlar üçün tələbələrə əlavə şərtlər qoyulmur:
-Məqsədimiz, tələbələri həvəsləndirmək, işləmək bacarğını öyrədib sonra işə qəbul etməkdir. Biznes tərəfdən marağımız budur. Bu, bizim üçün də fəxr ediləsi bir proqramdır. Öz əməyimizin faydasını görürük. Bizim təcrübə proqramında iştirak edən tələbələrin əksəriyyəti ən yaxşı şirkətlərdə, yüksək vəzifələrdə çalışır. Hətta, xaricdə işləyənlər də var. Biz etdiyimiz işlə qürur duyuruq. Bu günə qədər Azercell təcrübə proqramlarından 13 nəfəri şirkətdə işlə təmin edib.
Azercell tələbələrə proqram bitəndən sonra da dəstək göstərir
Aytən Fərzəliyeva vurğulayıb ki, tələbələr proqramı bitirəndə Azercell tərəfindən onlara rəy məktubu və sertifikat təqdim edilir. Onun sözlərinə görə, bəzən şirkətlər onlara zəng edib tələbələrin fəaliyyəti barədə məlumat almaq istəyir:
- Xaricdən şirkətdə təcübə keçmək üçün gələnlər də olur
- Hətta, xaricdə yaşayan azərbaycanlılar da Təcrübə Proqmarına maraq göstərir. Elə olub ki, xaricdə oxuyan tələbə İnsan Qaynaqları departamentində təcrübə keçmək üçün Azərbaycana gəlib. Məsələn, Malaziyadan bir xanım gəlib şirkətdə təcrübə keçmişdi.
Azercell tələbələri xarici şirkələrə də təcrübəyə göndərir
Aytən Fərzəliyeva onu da bildirib ki, şirkət, həmçinin, ötən ilin yayında üç tələbəni İstanbul şəhərində yerləşən TeliaSonera-nın Avrasiya ofisinə, həmçinin Kişinyov şəhərinə MoldCell şirkətlərində Mareketinq şöbəsinə iki aylıq təcrübəyə də göndərib.
Söhbətimiz zamanı müsahibələrimiz qeyd edib ki, Azercell sağlam rəqabətə həvəslidir. Ona görə də daim yeniliklər axtarır.
Şirkətin müəyyən etdiyi 3 dəyəri var- Cəsarət et, qayğı göstər, sadələşdir. Şirkətin işçiləri deyir ki, onlar bu dəyələri nəinki iş fəaliyyətlərində, həmçinin, öz şəxsi həyatlarında da tətbiq edirlər.
Təşəbbüskar gənclərə daha çox üstünlük veririk
Aytən Fərzəliyeva vurğulayıb ki, tələbələrdən də bu dəyərlərə uyğun olan, daha təşəbbüskar olanlara üstünlük verilir:
- Yeni ideyalar, təkliflər şirkəti yeni və yüksək mərhələyə çıxardır. Biz də bunu yaradacaq tələbələri gözləyirik. Tələbədə təşəbbüskarlıq hiss ediriksə, bu bizdə motivasiya yaradır. Onların gələcəkdə şirkətə fayda verəcəyinə əmin oluruq.
Məltəm Talıbzadə
Fotolar: Sevinc Əsədova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri