İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) dəstəyi və Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Technest” təqaüd proqramı çərçivəsində cəzaçəkmə müəssisələrində yetkinlik yaşına çatmayan 15 gəncə İKT sahəsi üzrə təlimlər keçirilib.
Agentlikdən Xeberler.az-a bildirilib ki, “Technest” proqramı çərçivəsində Ədliyyə Nazirliyi ilə birgə təşkil edilən təlimlərdə cəzaçəkmə müəssisələrində yetkinlik yaşına çatmayan gənclər 6 aylıq təlim proqramından yararlanıb.
Beynəlxalq araşdırmalara görə, həbsxanada olarkən təhsil proqramlarından faydalanmış məhbusların azadlığa çıxdıqdan sonra həbsxanaya qayıtma ehtimalı daha az olur və iş tapmaq şansları daha yüksəkdir. Təlimlərin köməyi ilə “IT helpdesk” mütəxəssisi olaraq yetişdirilən gənclər azadlığa çıxdıqdan sonra cəmiyyətə daha sürətli adaptasiya ola biləcək.
“Technest” uğurla reallaşdırdığı bir neçə layihə var. Respublika üzrə maliyyə imkanları məhdud lakin İT sahəsinə böyük marağı olan gənclərə İKT sahəsi üzrə təlimlər təşkil olunur. Hazırda 9 regionda tədris davam edir, bu il daha 10 regionda layihənin reallaşdırılması planlaşdırılır.